BolgeXeber.Com » Gündəm » Bakıxanovda «səngər» qazılır

Bakıxanovda «səngər» qazılır

18-12-2012, 03:50
Oxunub: 4 160 Qəsəbə rəhbərliyi büdcənin pulunu silmək üçün bir yeri ildə 10 dəfə qazmaqla məşğuldur

Suraxanı rayonu Bakıxanov qəsəbəsində «müharibə» hazırlığı gedir. Bolgexeber.com xəbər verir ki, dünən qarın yağmasından sonra keçmiş Razin qəsəbəsinin rəhbərliyi mərkəzdəki əsas yolun bağlanmasına səbəb olan addım atıb.
Belə ki, qəsəbənin mərəkzindən keçən yolun ortasında «səngər» qazılıb. Yerli sakinlərin dediyinə görə, qazıntı işlərinin aparılması su xəttində yaranmış nasazlıqla bağlı olub. Məlumata görə, həmin ərazidəki su xəttində sızma olub və bu səbəbdən də onu düzəltmək üçün belə bir addım atılıb.
Amma məsələ ondan ibarətdir ki, eyni yeri bu il ərzində ən azı 10 dəfə qazıblar. Sakinlər deyirlər ki, yayda da bir neçə dəfə qazıntı işləri aparılandan sonra camaata deyilib ki, su problemi həllini tapacaq. Ancaq qışın oğlan çağında yenidən «səngər» qazıntısının həyata keçirilməsi onu deməyə əsas verir ki, qəsəbə rəhbərliyi bütün bunları sadəcə, pul silmək üçün həyata keçirir.
Hətta o da iddia olunur ki, ilin sonu olduğundan və qəsəbənin büdcəsində əlavə pulun qalması üzündən rayon rəhbərliyi həmin vəsaiti silmək üçün davamlı olaraq belə addımlar atır. Əslində isə nə su xəttində problem var, nə də başqa bir səbəb. Həmçinin Bakıxanov qəsəbəsində belə qazıntı işləri bir neçə yerdə həyata keçirilib ki, bu da iddiaların doğru olmasına işarə kimi başa düşülür.
Onu da qeyd edək ki, dünən baş vermiş bu hadisə səbəbindən Bakıxanov qəsəbəsində uzun tıxaclar meydana gəlib. Belə ki, yolun bağlanması səbəbindən bu tıxacların ayrı-ayrı vaxtlarda hər biri 45 dəqiqə davam etdiyi bildirilir. Elə buna görə də, marşrut avtobuslar hərəkət trayektoriyasını dəyişməli olublar.