BolgeXeber.Com » Gündəm » Gülər Əhmədovanın sirli həbsi

Gülər Əhmədovanın sirli həbsi

18-12-2012, 03:55
Oxunub: 4 238 Keçmiş deputat haqda bir-birini qovan xəbərlər: "Onu saxlayıblar, "Bandotdel"ə aparıblar, 3 saat sonra buraxıblar..."

Keçmiş deputat Gülər Əhmədovanın həbsi ilə bağlı xəbər müəmmaya çevrilir. Belə ki, həbs xəbərini yayan mənbələr sonradan bu xəbərin təsdiqlənmədiyini də bildiriblər. Məsələn, "Lent.az"ın ilk məlumatında G.Əhmədovanın evində həbs edilərək aparıldığını ailəsindən təsdiqlədikləri bildirilirdi, amma bu məlumat yayılandan təxminən 1 saat sonra əvvəlcə onun qardaşı İlqar Mikayıloğluna istinadla keçmiş deputatın evdə olduğu xəbər verildi, daha sonra isə xəbərə belə bir əlavə olundu: "Lent.az-ın müxbiri Gülər Əhmədovanın bacısı Gülnar xanımın mobil telefonuna zəng edib. Bacısı keçmiş millət vəkilinin saxlanılmadığını deyib. Daha sonra G. Əhmədova özü telefonu alıb və saxlanılıb-saxlanmaması barədə suala belə cavab verib: "Mən danışmayacam". Bundan sonra o, telefonu qapadıb".
Eyni zamanda "Haqqın.az" saytı da etibar etdiyi mənbələrə istinadla əvvəlcə G.Əhmədovanın həbs edildiyini, bir qədər sonra isə hətta "Bandotdel"in təcridxanasında saxlandığını, sənədlərinin məhkəməyə hazırlandığını xəbər vermişdi. Lakin bu sayt da sonradan əməkdaşının G.Əhmədova ilə əlaqə saxlaya bildiyini və keçmiş deputatın öz evində olduğunu yazdı. Burada da G.Əhmədovanın ümumiyyətlə saxlanıb-saxlanmadığına aydınlıq gətirməkdən imtina etdiyi bildirilir.
Bununla belə, "Haqqın.az" saytı ən sonda məlumatlı mənbəyə istinadla xəbər verib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları G.Əhmədovanı həqiqətən də saxlayıblar. Ancaq təxminən 3 saatdan sonra sərbəst buraxıblar.
G.Əhmədovanın həbsi barədə ilk məlumat yayan "aznews.az" saytı isə xəbərinə heç bir dəyişiklik etməyib.