BolgeXeber.Com » Gündəm » Bərdədə rəisin yeni qazanc mənbəyi

Bərdədə rəisin yeni qazanc mənbəyi

27-12-2012, 09:30
Oxunub: 3 819 Bərdə rayon Qaz İstismar İdarəsinin rəisi hansı yolla sərvət toplayır?

Bərdədən redaksiyamıza maraqlı bir şikayət məktubu daxil olub. Bir qrup rayon sakininin Bolgexeber.com-a bildirdiyinə görə, havaların qəfil şəkildə soyuduğu bir ərəfədə yerli Qaz İstismar İdarəsinin müdiri Ramiz Adıgözəlovun əlinə sanki gözəl bir fürsət düşüb.
Məlumata görə, yerli əhalinin qəniminə çevrilən Adıgözəlovla bağlı müxtəlif dövlət qurumlarına şikayət etmələrinə baxmayaraq, kimsə onları dinləmir, soyuq qışın daha kəskin günləri isə irəlidədir və bu da əhalinin soyuqdan donma təhlükəsi altında qalması deməkdir.
Narazı vətəndaşlar yazır: «Hər gün axşam saatlarında, saat 11 olmamış yaşayış evlərinə verilən təbii qaz kəsilir. Elə bil belə də olmalıdır. Halbuki gecələr daha soyuq olur. Ramiz Adıgözəlov əhalini artıq bu rejimə alışdırdığından kimsə narazılıq etməyə cürət də etmir. Onsuz da edilən şikayətlər qulaqardına vurulur».
Bərdə sakinlərinin sözlərinə görə, bu da azmış kimi səhər saatlarında təbii qazın verilməsi bərpa olunanda da başqa bir problem ortaya çıxır: «Qaz bərpa olunanda qaz əvəzinə hava vurulur və uzun müddət belə davam edir. Sayğac işləyir, amma kimsə qazdan istifadə edə bilmir. Bunun da adına rəsmən oğurluq demək olar. Bu hesabla Ramiz Adıgözəlov külli miqdarda qazanc əldə edir. İnanmırıq ki, onun bu maxinasiyasından yerli rəhbərlik nəsə duyuq düşsün və inanırıq ki, bu yolla, yəni hava vurmaqla əldə etdiyi qazancın tamamı Ramiz Adıgözəlovun cibinə axır».
Sakinlər bildirir ki, rəhbəri olduğu idarənin işçiləri ilə də kölə kimi davranan Ramiz Adıgözəlov onları iş saatlarında öz şəxsi fermasında işlədir: «Öz dərdimiz bir yana, Qaz İstismar İdarəsinin işçilərinin halı da ürək ağrıdandır. Onlar Adıgözəlovun fermasında dövlətdən verilən maaşın müqabilində işləyirlər. Yəni fermada işləmələrinə görə əlavə məvacib almırlar. Kimsə Ramiz Adıgözəlovun bu tələbinə əməl etməsə, təbii ki, iş yerini itirməli olacaq».
Bildirək ki, şikayət məktubunda əlavə olaraq da faktlar sadalanıb və bununla bağlı yaxın günlərdə daha geniş materialı diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin. Qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.