BolgeXeber.Com » Gündəm » “Nazpəri Dostəliyevanın “Bandotdel”ə çağırılması səlahiyyəti aşmaqdır”

“Nazpəri Dostəliyevanın “Bandotdel”ə çağırılması səlahiyyəti aşmaqdır”

1-03-2013, 19:45
Oxunub: 3 965 Xəbər verdiyimiz kimi, xalq artisti Nazpəri Dostəliyeva DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (“Bandotdel”) çağırılıb. “Qafqazinfo” Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın “Bandotdel”ə çağırılmasının və ondan orada izahat alınmasının nə qədər qanunauyğun və hüquqi olduğunu öyrənmək üçün millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadəyə müraciət edib. Millət vəkili qeyd edib ki, Nazpəri Dostəliyevanın Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılması və ondan izahat alınması ilə bağlı müğənninin prezidentə müraciəti ilə tanış olub: “Bir hüquqşünas olaraq qeyd edirəm ki, Nazpəri xanımım ora çağırılması qeyri-qanunidir. Çünki məndə olan məlumata görə, bu sırf mülki xarakterli bir işdir. Baş Mütəşəkkil Mübarizə İdarəsi daxil olan ərizə ilə tanış olduqdan sonra bu ərizənin onların idarəsinə aid olub-olmaması məsələsini müzakirə etməli, sonra isə aidiyyatı üzrə orqanlara göndərməli idi. Bu sırf mülki məsələ olduğuna görə onlar ərizə ilə müraciət edən tərəfə - İlhamə Quliyevaya rəsmi cavab verilməli idi ki, bu məsələnin bizə aidiyyatı yoxdur. Göstərilməli idi ki, məhkəməyə müraciət edilə bilər. Amma Azərbaycanın xalq artistini və qadını, hamının sevimlisi olan bir xanımı səlahiyyətlərindən istifadə edərək kimlərsə rəhbər olduğu qurumlara çağırıb ondan hansısa formada izahat alırlarsa, mən hesab edirəm ki, bu səlahiyyətlərin aşmasıdır. Buna haqq qazandırmaq olmaz. Nazpəri xanım qeyd edir ki, mən bununla bağlı cənab prezidentə, Daxili İşlər naziri Ramil Usubova müraciət etmişəm”.

Çingiz Qənizadə hesab edir ki, Nazpəri Dostəliyeva bütün Azərbaycan xalqı tərəfindən sevilən müğənnidir: “Ona görə də cənab prezidentin də, daxili işlər nazirinin də, eyni zamanda bizim həmkarımız olan Mehriban xanımın da Azərbaycan musiqisinə onun görkəmli sənətkarlarına olan münasibəti mütləq buna reaksiya verməyə onları məcbur edəcək. Bu məsələ hansısa bir formada araşdırıldıqdan sonra qanunu pozan şəxslər cavab verəcəklər. Çünki əsas olmadan, kiminsə kiminlə dostluğunu əsas gətirərək başqa tərəfləri əsassız dövlət orqanlarına çağırıb onlardan izahat almaq, mənəvi sarsıntı vermək, vaxtını almaq, heç kimə baş ucalığı gətirə bilməz. Belə hesab edirəm ki, bu hərəkətə ehtiyac yox idi”.