BolgeXeber.Com » Gündəm » Mətbuat Şurasının yaradılmasından 10 il ötür

Mətbuat Şurasının yaradılmasından 10 il ötür

15-03-2013, 18:10
Oxunub: 3 468 On il əvvəl martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayı baş tutdu. Qurultayda Azərbaycan Mətbuat Şurası yaradıldı. Qurumun ötən müddətdəki fəaliyyəti ilə bağlı Şura sədri Əflatun Amaşov APA-ya müsahibə verib.



- Əflatun bəy, on il əvvələ nəzər alanda, Azərbaycanda Mətbuat Şurasının yaradılması prosesini necə xatırlayırsınız?



- Kifayət qədər gərgin məqamlar yaşandı. Bütövlükdə media ictimaiyyəti qurultaya çox ciddi şəkildə köklənmişdi. Mətbuat Şurası necə olmalıdır, hansı yolla getməlidir, bu kimi suallar hamını düşündürürdü. Təbii ki, qurumu o dövrün siyasi ab-havasının təsirinin notlarına kökləmək istəyənlər də tapılırdı. Belə meyllər qurultay öncəki duruma da təsirini göstərirdi. Yəqin başqa cür ola da bilməzdi. Axı söhbət cəmiyyətin ən aktiv kəsimi olan jurnalistlərin qurultayından gedirdi. Ali məclis keçmişlərin ssenarisi bəlli olan partiya toplantılarına bənzəməməli idi və bənzəmədi də.



Digər tərəfdən, qurultay Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra ilk dəfə idi baş tuturdu. O, jurnalistikamızın cəmiyyətdə özünütəsdiqə doğru yönələn fəaliyyətindəki yolun başlanğıc nöqtəsi idi. Başlanğıcı hərə öz maraqları çərçivəsində təsəvvürə gətirirdi. Hər kəs öz məramının əlahiddəliyinə inanırdı və bu inamın təsdiqi üçün on iki saatdan artıq davam edən prosesdə yalnız uğuru, qalibiyyəti düşünürdü. Hər kəs istəyirdi ki, yeni yaradılacaq Mətbuat Şurasında üstünlük əldə etməklə media ilə bağlı ideyalarını daha geniş aspektdə gerçəkləşdirsin. Gərginlik də bundan qaynaqlanırdı.



- Siz prosesi necə düşünürdünüz? Daha doğrusu, qalibiyyəti təsəvvürə gətirirdinizmi?



- Qurultay tam düşündüyümüz məcrada keçdi - kompromissiz, olduqca prinsipial mübarizə. Aylardan bəri davam edən hazırlığın gərginliyi pik nöqtəyə çatmışdı. Ali məclis təkcə media cameəsini deyil, bütövlükdə ölkə gündəmini məşğul edən olaya çevrilmişdi. Əsəblər tarıma çəkilmişdi. Yaxşı yadımdadır ki, iştirakçıların Rəyasət Heyətinə namizədlikləri verilirdi. Adları qeyd edirdim. Siyahıya xeyli adamı yazmışdım. Sayları 40-a çatırdı. Amma yerdən mənim adımı çəkən yox idi. Sanki kürsüdə dayanan şəxsi görmürdülər. Axırda Rauf Arifoğlu «Əflatun Amaşov» deyəndə mübarizənin davam etdiyini düşündüm.



Əlbəttə, Mətbuat Şurası sədrliyinə iddiam da var idi. Qurultaya hazırlıq işlərində aktiv iştirak edirdim, ali məclisə hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri idim. Qalibiyyəti dəyərləndirərkən onu deyim ki, ortaq mənafelər Əflatun Amaşovun üzərində cəmləşdi. Ancaq həmin mənafelərin uzlaşması heç də asan olmadı. Sədr seçkisi bunu təsdiqlədi. Əvvəl bir çox dostum mənə qarşı idi. Sonda hər şey yaxşı qurtardı.



- Yaxşı başladı da demək olarmı? Mətbuat Şurası böyük hay-küylə yaradılmışdı…



- Böyük hay-küylə yaradılan Mətbuat Şurası özünə «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin kirayə etdiyi darısqal mənzildə qərargah tapdı. Böyük rəqabət sonrası seçilmiş Şura sədri bir otaqlı mənzilin mətbəxində, icraçı katib, monitorinq üzrə işçi və mühasib isə digər otaqda əyləşdi. Dörd il beləcə keçindik. Xaricdən qonaqlarımız olanda onları Beynəlxalq Mətbuat Mərkəzinin yaxınlığımızda - Fikrət Əmirov küçəsi-1 ünvanında yerləşən o vaxtkı ofisinə aparırdıq ki, şəraitsizliyimiz söz-söhbətə mövzu olmasın. Bütün tədbirlərimiz, o cümlədən Mətbuat Şurası İdarə Heyətinin, komissiyaların iclasları da həmin məkanda baş tutdu. Fürsətdən istifadə edib BMM-in rəhbərliyinə Mətbuat Şurasının təşəkkürlərini çatdırmaq istərdik.



- Səs-küylü, təlatümlü qurultaydan sonra qeyd etdiyiniz bu durumu təzad kimi qiymətləndirmək olarmı?



- Tam mənada təzad deməzdim. Medianın vəziyyəti necə idisə, Mətbuat Şurasının durumu da ona uyğun gəlirdi. Görünür, zaman-zaman sınaqlarla üzləşmək tale payımız olmalıymış. Ancaq onu da deyim ki, Mətbuat Şurasının o zamanlar məskunlaşdığı ofisdə Azərbaycan mətbuatı ilə bağlı bir çox vacib qərarlar çıxarıldı, razılıqlara gəlindi, layihələr hazırlandı. Birinci qurultaya hazırlıq mərkəzi də ora idi. Sonradan orada daha üç qurultaya hazırlıq işləri aparıldı. Bir sözlə, çox işlərimiz oldu.



2010-cu ildə cənab prezidentin göstərişi ilə Mətbuat Şurası müasir standartlara cavab verən ofislə təmin olundu. Bu, Şuranın fəaliyyətinə, cəmiyyətdəki yeri və roluna verilən qiymətin növbəti nümunəsi olmaqla yanaşı, bizim üçün eyni zamanda yeni mərhələnin başlanğıcı idi. Hesab edirəm ki, indi media orqanlarımız da əhəmiyyətli keyfiyyət dəyişiklikləri mərhələsini yaşayırlar. Yəni mediamızın və Mətbuat Şurasının durumunda paralellik var.



- Mətbuat Şurası medianın özünütənzimləməsi qurumu kimi təşəkkül tapdı. Bu tənzimləmə formasına ehtiyacı necə əsaslandırardınız?



- Əvvəla, onu deyim ki, medianın özünütənzimləməsi model kimi dünyanın bir çox qabaqcıl ölkələrində mövcuddur. Bu forma mütəhərrik ictimai institut olan medianın məsuliyyətindən irəli gəlir. Yəni məsuliyyət ilk növbədə jurnalistlərin özləri tərəfindən dəyərləndirilir. Bir növ onlar cəmiyyət qarşısında hansı önəmli missiya daşıdıqlarını təkrar-təkrar xatırlayır, məsələni sistemli şəkildə ortaya qoyurlar. Axı medianın, jurnalistlərin fəaliyyətindən ümumən cəmiyyətin ab-havası asılıdır. Klassik anlamda belə qəbul oluna bilər: jurnalistika cəmiyyət qarşısındakı məsuliyyətini anladığından, ilk növbədə özünə nəzarəti həyata keçirir, özünün saflığını, bəşəriliyini sanki xatırlayır. Özünütənzimləmə bu xatırlamada bir növ, təbil zəngidir. O zəng təkcə düz yolla aparmır, eyni zamanda səhvlərdən daşındırır.



Əlbəttə, bu deyimlər hər bir ölkənin şəraiti baxımından özünü nisbətən fərqli çalarlarla göstərə bilər. Azərbaycan Mətbuat Şurası jurnalistikanın media azadlığının sui-istifadə təmayülünün artmasına qarşı mübarizə zərurəti kimi meydana çıxdı. Özünə bəlli olan məsuliyyət kateqoriyalarını təşkilatın yaradılması, proqram və nizamnaməsinin açıqlanması fonunda bəyan etdi. Həqiqi qələm sahibləri üçün o prinsipləri gözləmək çətin deyildi və indi də çətin deyil. Ona görə ki, onlar mövcud sahədə canlarını qoyublar, məziyyətlərə qatlaşa-qatlaşa hər incəliyə diqqətlə yanaşıblar. Amma peşəyə tam aidiyyəti olmayanlar var idi ki, belələrinə hansısa formada jurnalistikanın onların yemi olmadığını anlatmaq zərurəti var idi. Düşünürəm ki, Mətbuat Şurası məhz həmin zərurətin dəyərləndirilməsi ehtiyacından yarandı.



- Ehtiyac dəyərləndirildimi?



- Mətbuat Şurası təkcə Azərbaycan cəmiyyəti deyil, bütövlükdə postsovet məkanı üçün tamamilə yeni səciyyə daşıyırdı. Hətta qurumu böyük həvəslə formalaşdıran jurnalistlərin özləri də onun mahiyyətinin tam dərkindən uzaq idilər. Qeyd etdiyim kimi, hərə Mətbuat Şurasına öz prizmasından yanaşırdı. Təşkilata ayrı-ayrı qrup və firqə maraqları kontekstində baxanlar da tapılırdı. Hər vəchlə çalışırdılar ki, Şura bu və ya digər siyasi oyuna qatılsın, siyasi bəyanatlar versin. Vaxtlar olub ki, iqtidar təmsilçiləri məni müxalifətin, müxalifət isə iqtidarın mənafeyini müdafiədə ittiham edib. Bəlkə də bəzən qərarlarımızdakı ayrı-ayrı motivlər kimlərinsə belə düşünmələrinə əsas verib. Hər halda, biz düzgünlüyün tərəfini tutmuşuq.



Mətbuat Şurası bir-biri ilə mübarizə aparan siyasi qütblərin ruporuna çevrilmiş medianın ortasında dayanıb bir növ ədalətli hakim funksiyasını daşımalı idi. Payımıza çox çətin missiya düşmüşdü. Azacıq səndələmə və zəiflik təşkilatın nüfuzunu heçə endirə bilərdi. Belə bir məqamda Şura cinahlaşmış mediaya təsiri ola bilən siyasi liderlərin görüşünü təşkil etdi. Tərəflər arasında peşə prinsiplərinə riayət olunması ilə bağlı razılaşmada vasitəçilik rolunu oynadı. Doğrudur, bir qayda olaraq belə anlaşmaların ömrü çox qısa olurdu. Hər halda, biz cəhd edirdik. Kəskin konfrontasiyada olan şəxslərin eyni masa ətrafında əyləşmələrinə, heç olmasa, onlara bir insan kimi toxunan məqamları bir-birinə çatdırmalarına şərait yaradırdıq ki, bu da müəyyən mənada yumşalmalara gətirirdi. Zənnimcə, ehtiyacın məhz bu önəmli cəhətdən dəyərləndirilməsi çox vacib idi.



- Ötən on ili xarakterizə edərkən, Mətbuat Şurasının həyata keçirdiyi hansı fəaliyyəti daha çox qabartmaq mümkündür?



- Ümumən Mətbuat Şurasının fəaliyyəti çoxşaxəlidir və düşünürəm ki, bu, cəmiyyətin sosial sifarişindən irəli gəlib. Sifarişin dəyərləndirilməsi yolunda gördüyümüz bütün işləri eyni dərəcədə əhəmiyyətli sayırıq. İlk növbədə onu qeyd edim ki, Şuranın əsas missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarətdir. Bu xüsusda cəmiyyətin müxtəlif təbəqələrindən media orqanları ilə bağlı olan şikayətlərin araşdırılması, qərar və rəylərin çıxarılması əsas götürülür. Lakin ən mühüm vəzifə tarixi keçmişə əsaslanmış mətbuat ənənələrimizin yenidən bərqərar edilməsinə, mətbuatımızın saflaşmasına, təmiz adının özünə qaytarılmasına söykənirdi.



Mətbuat Şurası müxtəlif vətəndaş qruplarının ayrı-ayrı media vasitələrindən narazılığı fonunda ümumən jurnalistikamıza yönələn mənfi baxışları aradan qaldırmaq istiqamətində məqsədyönlü tədbirlər gerçəkləşdirdi. Tədbirlər istər tematik yığıncaqları, istər əhalinin maarifləndirici təşəbbüsləri, istərsə də media təmsilçiləri arasında peşə dəyərlərinin təbliğini əhatə etdi. Bunların nəticəsində tədricən cəmiyyət üzvlərinin Mətbuat Şurasına olan inamı yüksəlməyə başladı.



Mətbuat Şurasının mətbuatımızın nüfuzunun yüksəldilməsi istiqamətindəki fəaliyyətində ikinci xətt tarixən mövcud olmuş ənənələrə müraciət idi. Jurnalistlərin dövlət təltifləri və fəxri adlara layiq görülməsi ilə əlaqədar ənənəni bərpa edildi. Digər peşə sahibləri kimi, jurnalistlər də bu imtiyazdan bəhrələnməyə başladılar. İlk dəfə olaraq milli mətbuatımızın 130 illik yubileyində media təmsilçiləri «Əməkdar jurnalist» fəxri adına layiq görüldülər. Onların bir qismi «Tərəqqi» medalı ilə mükafatlandırıldı, əməkdar mədəniyyət işçisi adı aldı. Bu, həmin vaxtadək görünməmiş miqyasa malik mükafatlandırma hadisəsi idi. Mətbuat Şurasının birbaşa təşəbbüsü ilə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin dünyasını dəyişdiyi 28 noyabr tarixi böyük mütəfəkkirin anım günü kimi qeyd edilməyə başlandı.



Ötən müddət Şuranın beynəlxalq əlaqələri baxımından da önəmli oldu. Qurum Avropa Mətbuat Şuraları Alyansına və Dünya Mətbuat Şuraları Assosiasiyasına üzv seçildi. Mövcud istiqamətdə Şuranın İdarə Heyəti üzvlərinin apardıqları fəaliyyətin nəticəsi idi ki, qurum nüfuzlu beynəlxalq təşkilatların media ilə bağlı tədbirlərinə qatılmaq imkanı əldə etdi. ATƏT, Avropa Şurası, BMT, Avropa Birliyi, Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq Mətbuat İnstitutu və digər nüfuzlu təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq prioritetləri müəyyənləşdirildi və inkişaf etdirildi. Mətbuat Şurası onları Azərbaycandakı proseslərə bir növ cəlb etdi, həmin vaxtadək ətraf aləmdən təcrid vəziyyətdə olan mətbuatımızın beynəlxalq media qurumlarına inteqrasiyasında fəal rol oynadı. Mətbuat Şurası təcrübə mübadiləsi baxımından xarici səfərlər təşkil etdi, həmçinin xaricdən media ekspertlərini ölkəmizə dəvət edərək onların peşə biliklərini Azərbaycanın KİV təmsilçiləri ilə bölüşmələrinə şərait yaratdı.



Türk dünyası mediasının konsolidasiyasını vacib sayan Mətbuat Şurasının təşəbbüsü ilə 2011-ci ildə Azərbaycan Türkdilli Ölkələrin və Toplumların Media Forumu kimi önəmli hadisəyə ev sahibliyi etdi. Tədbirdə uzaq Yakutiyadan tutmuş Makedoniyayadək arealda fəaliyyət göstərən türk media qurumlarının təmsilçiləri iştirak etdilər. Miqyasına və iştirakçı ölkələrin sayı baxımından belə bir hadisə tarixdə ilk dəfə idi ki, reallaşırdı. Şura Türkdilli Ölkələrin və Toplumların Media Birliyi ideyasının həyata keçməsində də mühüm rol oynadı.



Mətbuat Şurasının önəmli fəaliyyət istiqamətlərindən biri də qanunvericilik təşəbbüsləri idi. Bu təşəbbüslər medianın işinə maneçilik törədən əngəllərin aradan qaldırılmasından tutmuş jurnalistlərin sosial məişət qayğılarının azaldılmasınadək olan vəzifələrin həyata keçirilməsini nəzərdə tutdu. Şura “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın hazırlanmasında, onun layihə mətninin işlənməsində yaxından iştirak etdi. Bildiyiniz kimi, Şuranın təkliflərinin böyük qismi nəzərə alınaraq 2008-ci ildə «Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinə dövlət dəstəyi Konsepsiyası» qəbul olundu. Bir il sonra Konsepsiyaya uyğun olaraq Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Mətbuat Şurası qurumun formalaşdırılması prosesinə cəlb olundu və dövlət başçısı MŞ-nin namizədləri sırasından Fondun Müşahidə Şurasının tərkibini təsdiqlədi. Beləcə, həm də Mətbuat Şurasının fəaliyyət qayəsini təşkil edən cəmiyyət-mətbuat-hakimiyyət oxu özünün səmərəli əməkdaşlıq müstəvisinə qədəm qoydu. Bu əməkdaşlıq özünü konkret yüksək diqqətdə və həssas münasibətdə göstərdi. Dövlət başçısı İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında Şuranın İdarə Heyətinin üzvləri ilə görüşdü. Görüşdə mediamızın inkişafı ilə bağlı təşəbbüslər səsləndirdik ki, bunlara da dərhal reaksiya verildi. Həmin gün jurnalistlərə mənzil tikintisi üçün vəsait ayrılmasına dair sərəncam imzaladı.



- Bütün bunlar kifayət qədər sistemli fəaliyyətdən irəli gələn işlərdir. Bilmək istərdik, ötən on ildə jurnalistikamızda bilavasitə Mətbuat Şurasının təsiri ilə dəyişən nələr olub?



- Azərbaycanda söz sənəti həmişə obyektivliyə, bəşəriliyə meyl göstərib və bu meyl onun təbiətindən irəli gəlib. Sadəcə, müəyyən vaxtlar olub ki, həmin dəyərlər bəzi amillərin təsiri ilə arxa plana keçib. Düşünürəm ki, Mətbuat Şurasının ötən on ildəki missiyası böyük hesabla onların tamamilə itib-batmasına yol verməməkdən ibarət oldu.



Konkretliyə gəldikdə, zənnimcə, ən mühüm amil peşəkarlıqdır. Jurnalistlərimiz on il əvvəllə müqayisədə daha məsuliyyətli olublar. Hadisə və proseslərə yanaşmalarında kifayət qədər yetkinlik var. Tərəfsizlik, qərəzsizlik prinsiplərinə riayət sahəsində də uğurlar əldə etmişik. Uğurları təkcə tam mənada Mətbuat Şurasının adı ilə bağlamaq düzgün olmaz. Burada hər bir həqiqi qələm sahibinin müstəsna əməyi var. Hesab edirəm ki, Mətbuat Şurasının on illik fəaliyyəti ilə media məkanımızdakı neqativ hallara qarşı jurnalist ictimaiyyətinin daxili etirazı formalaşdı. Cəmiyyət bizlərdən olmayanların bizlərdən olmadıqlarını dərk etdi. Dəyişikliyin mühüm göstəricisi kimi bunu vurğulaya bilərəm.



Əlbəttə, media maksimalist ruhludur. Çox şeyə nail olmaq istəyir. Mətbuat Şurası da medianın tərkib hissəsidir və onun baxışlarını ifadə edir. Bu mənada bizim də əldə etmək istədiklərimiz çox olub. Ola bilər, onların hamısının gerçəkləşməməsi haradasa təbiidir. Ancaq mütərəqqiliklərə can atmaq medianın təməl haqqıdır. Çünki onun haqqı cəmiyyətin mənafelərinin təminatı kimi müqəddəs amala söykənir.