BolgeXeber.Com » Gündəm » Zərdabda azyaşlını zorlayan şəxsi cəzalandırmırlar

Zərdabda azyaşlını zorlayan şəxsi cəzalandırmırlar

28-03-2013, 07:55
Oxunub: 5 072 Zərərçəkmiş qızın anasının müstəntiqi ittiham edir; ailə dövlət başçısına müraciət ünvanladı
Zərdabda zorlanan azyaşlının ailəsinin şikayəti araşdırılmır. Rayonun Alıcanlı kəndində zorlanan və ana olan məktəbli qızın anası rayon rəhbərliyini və polis idarəsinin səlahiyyətlilərini ittiham edir. Azyaşlının anası Könül İsmayılova AzNews.az-a bütün ölkədə böyük rezonansa səbəb olan hadisə barədə şok açıqlamalar verib. Qeyd edək ki, əmisi oğlu tərəfindən zorlanaraq hamilə qalmış qız bunu hər kəsdən gizli saxlayıb, qarnındakı şişə və ağrılara görə valideynləri onu Zərdab Rayon Mərkəzi Xəstəxanasına gətirdikdən sonra isə hər şey hamıya bəlli olub.
Məktəbli qızın hamilə olduğu aşkarlanıb və o, körpəsini dünyaya gətirib. Sonradan həmin günahsız körpə Gəncədəki Uşaq Evinə verilib, məktəbli qızla cinsi əlaqədə olan “əmioğlu” isə kənddən baş götürüb qaçıb.
Qızın anası K.İsmayılova müsahibəsində deyib ki, qızını zorlayan İsmayılov İsrail İsmayıl oğlu ilə həyat yoldaşı doğma əmi nəvəsidir: “...Fikirləşirdik ki, qarnındakı şiş xəstəliyinin əlamətidir. Daha biz haradan bilək ki, bu bədbəxtin başına bıçaq dirənib. Ağzı bağlanılıb və yolun kənarındaca, zülm verilə-verilə zorlanıb. Dəhşətli bir hadisədir. Ana üçün bu dərdi danışmaq çox ağırdır. Təsəvvür edin ki, mən hər dəfə bu hadisəni xatırlayanda ölüb-dirilərəm”.
Ana bildirib ki, qızı zorlananda heç 16 yaşı tamam olmayıb. Onun sözlərinə görə, qızı ancaq xəstəxanada uşağını dünyaya gətirəndən sonra polislərə zorlandığını bildirib: “Bir də orada bilmişik ki, qız bıçaq hədə-qorxusu altında zorlanıb. ...Beton kanalın dibində cibindən bıçağı çıxarıb qızın boğazına dirəyib. Xəstə, məktəbli qızın ağzını bağlayıb zorlayıb. Sonra da deyib ki, “əgər bundan kimsə xəbər tutsa atanın, ananın başını kəsəcəm, evinizi yandıracam”. Bu da qorxusundan bir kəlmə də olsun dinib-danışmayıb”.
Ana həmçinin qeyd edib ki, polis idarəsi və digər aidiyyəti qurumlar işi ört-basdır etməkdə maraqlıdır: “Biz bu işdə davaçıyıq. Polis şöbəsi bizi aldatdı. Müstəntiq Məsud Rəhimov bizə dedi ki, “darıxmayın, məhkəmə olacaq, bu cinayətdir. O, mütləq həbs olunacaq”. Dedik ki, heç olmasa bu cinayət yerdə qalmaz. Amma bizi kim görürdüsə deyirdi, “xəbəriniz yoxdur, Məsud bu işi bağlayıb”. Doğrudan da o, sonra bizə dedi ki, “bunun üstünə gəlməyin”.
O, Məsud Rəhimovun məktəblinin valideynlərinin zorlama hadisəsinə görə şikayətçi olmadıqlarını bildirməsinə də etiraz edib: “Necə olmamışıq? Yalan deyir. Yoldaşım, özüm də dəfələrlə onun yanına getmişik. Deyib ki, “nə səs-küy salmısınız. Nə olub axı?”. Zərdab Rayon İcra Hakimiyyətinin icra başçısının müavini Rəhman müəllim var, onun göstərişi ilə Polis Şöbəsində iclas çağırıldı. Rayonun baş həkimi də orda idi. Bizə dedilər ki, rahat gedin, polis bu boyda cinayətə biganə qala bilməz. Bu adam həbs olunacaq. Amma pulu alıb, cinayətin üstünü basdırdılar. Pul əsasında da iş bağlandı. Nədir ki, kasıbam, çarəsizəm, adamım yoxdur. Nə olsun, kasıbam, məgər kasıbın qeyrəti, namusu yoxdur?”.
Ana bildirib ki, cinayətin örtülməsi üçün qarşı tərəf polis rəisinə, müstənqtiqə rüşvət verib: “Hamısı bu cinayəti törədənin tərəfindən çıxış etdilər- Zərdab Rayon İcra Hakimiyyəti, polis rəisi, müstəntiq, baş həkim, məktəbin direktoru, Alıcanlı kənd bələdiyyəsi, icra nümayəndəsi... Hansını deyim? Hətta ANS televiziyası da onların tərəfindən çıxış etdi. Oğlanın anası deyir ki, “ölün elə, biabır olacaqsınız, biz şəhid ailəsi adından istifadə edib cinayətin üstünü örtdük, işi bağlatdıq. Oğlumuzu qurtardıq”. Bizim kənddə Ataxan var, guya oğlu şəhid olub. Şəhid adından istifadə edən bu Ataxan mənim qızımın müsibətini ört-basdır etmək üçün Zərdab polis rəisinin otağına kimi gedib. Nədir ki, “mən şəhid atasıyam, sözümü eşidəcəklər”. Şəhid atası bir məktəbli qızın namusunu ləkələyib, onu boğazına bıçaq dirəyib hamilə buraxanın cinayətini pulla satın aldı. Ataxan icra hakimiyyətinin başçısı ilə əlbir olub bu cinayəti batırdılar. Başçı bu işi bilərəkdən örtür. Deyir ki, rayonun adına ləkədir. Ləkədirsə, onda bu işi edəni həbs et”. Qadın hətta bildirib ki, Ataxan doğum evində qızın yayına gedərək ondan izahat aldırıb: “Ataxanı doğum evinə buraxan həkim mənə niyə icazə vermirdi? Qızın bütün izahatlarını da gizlədirlər. Biz onlara dəfələrlə şikayət ərizəsi vermişik. Amma baxan yoxdur. Zorlama deyəndə müstəntiq deyir ki, qızın boğazında bıçaq yeri yoxdur. Elə mütləq başı kəsilməli idi? Deyilənə görə, 5 minə yaxın rüşvət verilib. Yaxşı mal-qaraları vardı. Bu cinayətdən sonra satıb qurtarıblar”.
Zorlanan qızın anası dövlət başçısından kömək istəyir: “Mən buradan üzümü tutub ölkə prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya deyirəm: Məktəbli, xəstə qızın başına gətirilənlərə Zərdab Rayon Polis Şöbəsinin rəisi, müstəntiqi, Zərdab rayon İcra hakimiyyəti göz yumur. Məni aldadırlar, hədələyirlər. Deyirlər ki, “səsini çıxarsan səni öldürərik, rayonun adı batır”. Bəs mənim qızımın adı, o batmır? Onun gələcək taleyi? 10-cu sinifdə oxuyan qız uşaq doğub. Hara baxır bu pulgir məmurlar? Xahiş edirəm, mənim uşağımın işi qaldırılsın, bu cinayətdə əli olan insanlar cinayət məsuliyyətinə cəlb edilsin”.
Məsələyə isə Daxili İşlər Nazirliyindən heç bir münasibət bildirilmədi. Qurumun mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məsələyə Zərdab Polis Şöbəsi münasibət bildirməlidir: “Qoy onlar cavab versin, onlar işi daha yaxşı bilirlər”. E.Zahidov şikayətçinin rüşvət itihamını da cavabsız qoyub: “Narahat olmayın, buna da onlar özləri (polis idarəsi-red.) cavab verəcəklər”.
Müstəntiq Məsud Rəhimov isə şikayətçinin ittihamlarına eşidib əsəbiləşdi: “O, kimdir ki, məni ittham edir? Siz kimsiniz ki, mənə sual verirsiniz? Mən nə etdiyimi yaxşı bilirəm. Mən indi Gəncədəyəm və heç bir cavab vermək istəmirəm”.
Özünü rayon polis şöbəsinin rəis müavini Mədət Hümbətalıyev kimi təqdim edən şəxs isə dedi ki, bu məsələdə zorlanan qızın ailəsi şikayətçi olmayıb.
Mövzunu diqqətdə saxlayacağıq.
musavat.com