BolgeXeber.Com » Gündəm » İmişlidə ölüyə də pensiya verilirmiş

İmişlidə ölüyə də pensiya verilirmiş

1-04-2013, 17:30
Oxunub: 4 764 Rayon Tibbi Sosial Ekspert Komissiyasının sədri dünyasını dəyişmiş adamların əliylə pul qazanır

İmişli rayonunda olduqca qəribə hadisə baş verib. Bolgexeber.com-a daxil olan məlumata görə, rayonun Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədri Məmmədəli İbrahimov elə bir addım atıb ki, onun analoqu Azərbaycanda xeyli əvvəl müşahidə olunub.
Məlumatda iddia edilir ki, İbrahimov hələ bir müddət əvvəl dünyasını dəyişmiş rayon sakinlərindən birini komissiyadan keçirərək, ona əlillik dərəcəsi verməklə yanaşı, həm də pensiya almasını təmin etməyə çalışıb. Lakin məsələnin üzəri açıldıqdan sonra Məmmədəli İbrahimov təcili olaraq Bakıya çağrılıb. Orada onunla məsələ ilə bağlı araşdırma aparılıb. Və nəticədə, TSEK sədrinin 150 min manat pulunun çıxdığı iddia edilir.
Amma M.İbrahimov baş verənlərdən nəticə çıxarmayaraq, eyni addımı bir dəfə də təkrarlayıb. Rayon sakinlərinin iddiasına görə, komissiya sədri daha bir dünyasını dəyişmiş şəxsin pensiya almasını təmin etmək üçün sənədlər hazırlayıb. Lakin bu addımına görə onu Bakıya çağırmayıblar.
Bu əsnada İmişli rayonundan daha iki nəfər Bolgexeber.com-a şikayət edib. Onlar bildiriblər ki, bir müddət əvvəl komissiyadan keçmək üçün sənədləri Məmmədəli İbrahimovun rəhbərlik etdiyi quruma təqdim ediblər. Lakin komissiya sədri onların sənədlərini keçirməkdən imitina edib. Nəticədə, vətəndaşlar sənədlərini geri istəyərək, bundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edəcəklərini bildiriblər. Amma komissiya sədri sənədləri əvvəlcə onlara qaytarmaqdan imtina edib. Daha sonra isə durumun ağırlaşmasını görərək, TSEK-in tərtib etdiyi protokolu sənədlərin üzərindən cıraraq götürərək, onlara qaytarıb.
Qeyd edək ki, baş verənlərlə bağlı əməkdaşlarımız İmişliyə ezam olunublar. Onlar rayonda məsələni araşdırmaqla məşğuldurlar. Yaxın vaxtlarda bununla bağlı geniş məlumatlar verəcəyik.