BolgeXeber.Com » Gündəm » Ali Məhkəmə ehtiyatda olan hərbçi qadının şikayətini təmin etdi

Ali Məhkəmə ehtiyatda olan hərbçi qadının şikayətini təmin etdi

5-09-2019, 16:26
Oxunub: 4 179 Ali Məhkəmə ehtiyatda olan hərbçi qadının şikayətini təmin etdiMəlahət Yusifovanın şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılacaq

Ali Məhkəmə Dövlət Sərhəd Xidmətindən yaşla əlaqədar ehtiyata buraxılmış hərbi qulluqçu Məlahət Yusifovanın kasasiya şikayətini təmin edib. Məlahət Yusifovanın iddiası üzrə yenidən baxış üçün Bakı Apelyasiya Məhkəməsinə göndərib. İddia üzrə proses sentyabrın 13-də hakim Səriyyə Seyidovanın sədrliyi ilə baş tutacaq.

Məlahət Yusifova məmur özbaşınalığından şikayətçidir. Vaxtilə Milli Təhlükəsizlik Nazirliyində, sonradan isə Dövlət Sərhəd Xidmətində, ümumilikdə 18 il qüsursuz xidmət edib. Təqaüdə göndəriləndən sonra, nəhayət ki, kirayədə yaşamaqdan qurtulmaq qərarını verib.

Bunun üçün təqaüddə olan hərbçi xanım “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması ilə əlaqədar Səbayel Bələdiyyəsinə dəfələrlə müraciət edib: “Ailəm böyükdür, ona görə də dövlətin hərbi qulluqçulara verilməsini qanunla təsbit etdiyi torpaq sahəsi alıb ev tikmək istədik. Səbayel Bələdiyyəsi isə bildirir ki: ”...onlara aid torpaqların hüdudları, növləri, ölçüləri və elektron xəritəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilərək bələdiyyəyə təhvil verildikdən sonra sizə torpaq sahəsi ayrılması məsələsinə baxa bilərik". Baxmayaraq ki, qanunvericilikdə hərbi qulluqçunun müraciət etdikdən sonra 6 ay müddətində torpaq sahəsi almaq hüququ olduğu göstərilir, 3-cü ildir ki, bizim müraciətlərə baxılmır".
Ali Məhkəmə ehtiyatda olan hərbçi qadının şikayətini təmin etdi


Ehtiyatda olan hərbi qulluqçu prezidentə müraciət edərək üzləşdiyi süründürməçiliyə son qoyulmasını istəyib. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12/2 bəndinə (“Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır”) müvafiq olaraq fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması ilə əlaqədar Səbayel və Fatmayı bələdiyyələrinə müraciət etmişik. 3 ildən artıqdır ki, Səbayel Bələdiyyəsi eyni cavabı verir ki, onlara aid torpaqların hüdudları hələ təyin olunmayıb. Fatmayı bələdiyyəsi də qeydiyyatda olduğumuz ərazi bələdiyyəsinə müraciət etməyimizi tövsiyə edir. Dəfələrlə Bələdiyyələrlə İş Mərkəzinə və digər əlaqədar strukturlara müraciətimizə cavabı Səbayel Bələdiyyəsi verib və həmişəki qaydada", - deyə Məlahət Yusifova yazır.

Ölkə rəhbərliyinin diqqətinə çatdırır ki, 2 saylı Bakı İnzibati-İqtisadi və Bakı Apelyasiya Məhkəməsinə qaldırdığı iddialar təmin olunmadığından Ali Məhkəməyə kasasiya şikayəti verib: “Sizə ünvanladığımız ötən müraciətdən sonra Ali Məhkəmə ədalətli qərar çıxardaraq iddiamızı təmin edib, yenidən baxış üçün Bakı Apelyasiya Məhkəməsinə göndərdi. 13.09.2019-cu il tarixinə hakim Səriyyə Seyidovanın rəhbərliyi ilə məhkəmə iclası təyin olunub. Sizdən xahiş edirik ki, bu işin ədalətli və müsbət həlli üçün aidiyyəti şəxslərə öz tapşırığınızı verəsiniz”.

E.MƏMMƏDƏLİYEV