BolgeXeber.Com » Gündəm » Araz Ağalarov Uzaq Şərqdə möhtəşəm layihə həyata keçirir

Araz Ağalarov Uzaq Şərqdə möhtəşəm layihə həyata keçirir

8-04-2011, 10:30
Oxunub: 6 209

Araz Ağalarov gələcəkdə Azərbaycanda da buna oxşar layihələrin həyata keçirilə biləcəyini istisna etmir.

Moskvadakı Mərkəzi Jurnalistlər Evində Russkiy adasında Uzaq Şərq Federal Universitetinin (UŞFU) tikintisinə həsr edilmiş mətbuat konfransı keçirilib. Tikinti işlərinin baş podratçısı həmvətənimiz Araz Ağalarovun başçılıq etdiyi “Krokus İnterneşnl” qapalı səhmdar cəmiyyətidir.

A.Ağalarov layihə barəsində ətraflı məlumat verərək bildirib ki, əhatə dairəsinə və miqyasına görə bu layihənin dünyada analoqu yoxdur. Onun sözlərinə görə, bu ambisiyalı layihə ona 2009-cu ildə RF hökuməti tərəfindən tapşırılıb. Universitet şəhərciyinin açılışı ATES-in sammiti (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu) ilə bir vaxta düşəcək. O qeyd edib ki, ölkə rəhbərliyi layihənin dəyəri və təfsilatı barədə uzun-uzadı məsləhətləşmələrdən sonra bu dövlət sifarişini ona tapşırmağı qərara alıb. Sahibkar deyib: “Açığını deyim ki, bu təklif mənim üçün bir qədər gözlənilməz oldu, heç cür təsəvvür etmirdim ki, həyatımın iki il yarımını Russkiy adası ilə Moskva arasında - praktiki olaraq təyyarədə keçirməli olacağam. Lakin mənə bəri başdan dedilər ki, bu, dövlət əhəmiyyətli məsələdir və onu həyata keçirmək lazımdır. Digər tərəfdən, bu çox məsuliyyətli iş idi. Əlbəttə, xoşagələn hal odur ki, bu cür iri layihəni bir insana etibar edirlər”.

Araz Ağalarov onu da bildirib ki, Rusiyanın Baş naziri Vladimir Putin tikinti meydançasında olub, nəzərdə tutulan layihədən və onun həyata keçirilməsinin gedişindən çox razı qalıb. A.Ağalarov obyektin tikintisi ilə bağlı müxtəlif aspektlər barəsində ətraflı məlumat verəndən sonra Rusiya və Azərbaycan KİV-lərinin suallarını cavablandırıb. Araz Ağalarov onun Azərbaycanla bağlı ehtimal edilən planları barədə sualın cavabında deyib ki, bu layihənin tikintisi başa çatandan sonra onların şirkəti Moskvadakı tikinti proqramlarının başa çatdırılması ilə məşğul olacaq. O, gələcəkdə Azərbaycanda da buna oxşar layihələrin həyata keçirilə biləcəyini istisna etməyib.

Qeyd etmək lazımdır ki, ümumi sahəsi 800 min kvadratmetr olan UŞFU binaları kompleksi unikal təbii landşafta malik olan 250 hektarlıq ərazidə yerləşir. Bu kompleks öz ölçülərinə görə M.Lomonosov adına Moskva Dövlət Universitetinin bütün binalarının sahəsi ilə müqayisə edilə bilər. Artıq 2012-ci ilin payızında ilk tələbələri qəbul etməyə hazır olacaq UŞFU Rusiyanın və bütövlükdə Asiya-Sakit Okean regionunun mühüm beynəlxalq elmi-tədris mərkəzinə çevriləcək. Universitetin və müvafiq infrastruktur obyektlərinin tikintisi “2013-cü ilə qədər Uzaq Şərqin və Zabaykalyenin iqtisadi və sosial inkişafı” Məqsədli Federal Proqramda nəzərdə tutulub. “Vladivostokun Asiya–Sakit Okean Regionunda beynəlxalq əməkdaşlıq mərkəzi kimi inkişafı” altproqramı həmin Federal Proqramın tərkib hissəsidir.

“AzərTAc”