BolgeXeber.Com » Gündəm » Cəmil Quliyev İTV-nin baş direktoru seçildi

Cəmil Quliyev İTV-nin baş direktoru seçildi

23-04-2013, 14:00
Oxunub: 4 068 Bu gün saat 11:00-da Milli Televiziya və Radio Şurasının inzibati binasında İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası tərəfindən seçki keçirilməsi ilə bağlı iclas başlayıb.

MTRŞ-in sədri Nuşirəvan Məhərrəmli deyib ki, MTRŞ qanunvericiliyə müvafiq şəkildə İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə müsabiqə elan edib.

Nuşirvəvan Məhərrəmli bildirib ki, bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinə yeni baş direktor seçiləcək. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli çıxışında qeyd edib ki, cəmiyyətdə özünü doğruldan İctimai Televiziya və Radio Yayımları Şirkətinin üçüncü dəfə baş direktoru seçiləcək. Onun sözlərinə görə, Yayım Şurasında cəmiyyətin müxtəlif sahələrini təmsil edən ziyalılar təmsil olunur. Cahangir Məmmədli 4 namizəd arasında seçim ediləcəyini bildirib. O, həmin namizədlər barədə məlumat verib. Daha sonra namizədliyini irəli sürən iddiaçılar çıxış ediblər.

İclasda qalmaqal yaşanıb. RATİ-nin sədri Emin Hüseynov seçki prosesi ilə bağlı narazılığını bildirib. Emin Hüseynov deyib ki, seçki prosesi başa çatmamış Cəmil Quliyevin baş direktor seçilməsi ilə bağlı KİV-lərdə informasiyalar yayılıb: “Ona görə də hesab edirəm ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkiləri təxirə salınmalıdır”.

Bu təklif İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasında səsə qoyulsa da, qəbul edilməyib. Daha sonra yenidən çıxış edən Emin Hüseynov bildirib ki, İctimai Televiziya namizəd kimi ondan heç bir açıqlama almayıb. Bu məsələyə münasibət bildirən Yayım Şurasının sədri Cahangir Məmmədli qeyd edib ki, Yayım Şuranın səlahiyyəti yoxdur ki, İctimai Televiziyaya hansısa namizədi danışdırmaqla bağlı göstəriş versin.

Adı hallandırılan Cəmil Quliyev isə İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçiləcəyi təqdirdə cəmiyyətə daha çox xeyir gətirə biləcəyini vurğulayıb.
Nəhayət, seçki keçirilib və Cəmil Quliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.

Cəmil Elşad oğlu Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. Ümumittifaq Kinematoqrafiya İnstitutunda Kinorejissorluq ixtisası üzrə təhsil alıb. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. Bir neçə bədii, sənədli, qısametrajlı bədii filmin, mozalan satirik jurnalının bədii sujetlərinin müəllifidir. Quruluş verdiyi filmlər bir neçə xarici festivalda iştirak etmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimidir. Azərbaycan Dövlət Film Fondunun direktoru, “Mədəniyyət” telekanalının baş direktorudur. 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi seçilib. Professor Elşad Quliyevin oğludur.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 4 nəfər iddiaçı - Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim edib. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.