BolgeXeber.Com » Gündəm » Gömrükdə "Lotu" Hikmət peyda olub

Gömrükdə "Lotu" Hikmət peyda olub

23-04-2013, 16:30
Oxunub: 5 331 Bakı Gömrük İdarəsində İrandan gətirilən mərmər daşına görə sahibkarları talan edirlər

Bakı Gömrük İdarəsində sözün həqiqi mənasında talançılıq hökm sürür. Bolgexeber.com-a verilən məlumatlara görə, hal hazırda sahibkarlardan tələb olunan haqqın miqdarı rəsmi rüsumlardan ən azı 4 dəfə çox olur. Bu barədə saytımıza danışan sahibkarlardan bir neçəsi bildirib ki, şikayətləri İrandan gətirilən mərmər daşına görə alınan «rüsum»un həddindən artıq çox olmasıdır.
Sahibkarlar deyirlər ki, Azərbaycana mərmər daşının ən çox gətirilidiyi ölkə İrandır. Bu ölkədən gətirilən daşın hər tonuna görə, 280 manat rüsum alınır. Bundan əlavə daha 700 manat, 500 manat və 100 manat pul tələb olunur. Axırıncı 100 manat isə son bir ayda alınan haqdır və bunu Bakı Gömrük İdarəsində də nə üçün alındığını bilmirlər.
Apardığımız araşdırma nəticəsində belə məlum olub ki, pulu Bakı Gömrük İdarəsinin maliyyə idarəsinin rəhbəri İbrahim adlı şəxs alır. Halbuki rəsmi rüsum hər maşın üçün 2000 manatdır.
Qeyd edək ki, 1 yük maşını mərmər daşının həcmi 500 kvadrat metr, çəkisi isə 25 tondur. İranda bu qədər mərmər daşını almaq üçün 4250 dollar xərcləmək kifayətdir. Amma bir maşın üçün alınan gömrük rüsumu 10750 dollardır. Bu da orta hesabla hər ton mərmərə görə tələb olunan «rüsum»un 422 dollar olması deməkdir. Onu da nəzərinizə çatdıraq ki, bir maşın yük üçün alınan pulun ümumi miqdarı 8300 manat təşkil edir ki, bu da rüsumda nəzərdə tutulandan 4 dəfə çoxdur.
Xatırladaq ki, belə gömrük rüsumu dünyanın heç bir ölkəsində mövcud deyil.
İşin ilginc tərəfi odur ki, İrandan gətirilən mərmər daşının sənədləşdirilməsini yalnız bir şirkət həyata keçirə bilər. Araşdırma nəticəsində məlum olub ki, həmin şirkət «Karter AA» MMC-dir. Broker firması olan bu MMC-nin adından pulları yığan şəxs isə Hikmət adlı birisidir. Özünü «Lotu» Hikmət kimi təqdim edən həmin şəxs kimsədən çəkinmədiyini və bu pulları təkbaşına yemədiyini deyir.
Bakı Gömrük İdarəsində isə məsələni izah edə biləcək kimsə yoxdur. Hətta idarənin maliyyə idarəsinin rəisi İbrahim müəllim də əlavə alınan pulların nə üçün və hansı əsasla alındığını əsaslandıra bilmir. Bununla əlaqədar isə gömrük idarəsinin rəisi Vüsal Novruzovla danışmağı məsləhət bilir.
Məsələ ilə bağlı yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.