BolgeXeber.Com » Gündəm » Xanım jurnalist təhqir olunduğunu və hədələndiyini deyir

Xanım jurnalist təhqir olunduğunu və hədələndiyini deyir

23-04-2013, 16:40
Oxunub: 6 522 Azadqadin.az saytının rəhbəri Aynur Qurbanqızı təhqir olunaraq hədələndirildiyini bildirir. A.Qurbanqızı Bolgexeber.com-a deyib ki, bir neçə gün öncə Facebook sosial şəbəkəsində onu təhqir etmək məqsədilə fotosu yayımlanıb, təhqiredici sözlərlə yanaşı xanım jurnalistin əlaqə telefonları da şəkilin üzərində yazılıb. Aynur Qurbanqızının sözlərinə görə, ona qarşı edilən bu hərəkətin qarşısını almaq üçün hüquq mühafizə orqanlarına müraciət edib. Nəticədə xanımın şəkli Facebook-dan qaldırılıb, amma Qurbanqızı hələ də bu fotoları yayan joy.az saytının rəhbəri Rüfət Vəlizadə tərəfindən hədələndiyini deyir.
Xanım jurnalist bildirib ki, Rüfət Vəlizadənin əməlləri bununla bitməyib, o həmçinin Azadqadin.az saytının fəaliyyətinə də ciddi ziyan vurub. Bütün bunların baş verməsinə səbəb isə A.Qurbanqızının özünü proqramist kimi təqdim edən R.Vəlizadəyə ilkin ödəniş, "behin" onda qalması şərti ilə saytının yeni dizaynını yığdırmaqdan vaz keçməsi olub:
“Azadqadın.az 2 ildən artıqdır ki, fəaliyyət göstərir və kifayət qədər böyük oxucu kütləsinə malikdir. Saytın görünüşü və idarəetmə sistemi günün tələblərinə cavab vermədiyi üçün dizaynın dəyişdirilməsinə böyük zərurət yaranmışdı. Bunun üçün Rüfət Vəlizadə adlı bir şəxslə danışıqlara başladıq. İlk növbədə Rüfət Vəlizadə saytın hostinq serverini dəyişdirməli olduğumuzu və özünə məxsus olan hostinq serverində yerləşdiriləcəyi halda işə təminat verəcəyini bildirdi”.
A.Qurbanqızı bildirib ki, R.Vəlizadə qeyd edilən tapşırıqları yerinə yetirə biləcəyini, qarşılığında isə 1200 AZN alacağını deyib.
A.Qurbanqızı “beh” olaraq Rüfət Vəlizadəyə 300 manat ödədiyini deyir: “Elə həmin günün səhəri bu sahədə təcrübəli şəxslərdən öyrəndiyim o oldu ki görülən işin qarşılığında tələb edilən məbləğ həddindən artıq çoxdur. Təklif edilən sayt dizaynı isə plagiat imiş. Təbii ki, işin mahiyyətini öyrəndiyimiz anda əməkdaşlığa son verdik. Beh kimi odədiyim 300 AZN-I geri istəmədim. Qarşılığında isə qarşı tərəfdən şəxsimə yaraşdırmadığım danışıq və münasibət, nalayiq sözlər eşitdim. Bütün bunlara baxmayaraq əlavə problemlər yaranmasın deyə susdum”.
A.Qurbanqızı deyir ki, aralarında yaranan mübahisədən sonra Rüfət Vəlizadə ilk öncə saytın əvvəlki saxlanıldığı hostinq serverinə girərək, bütün informasiyanı silib. Səbri “daşan” Aynur Qurbanqızı ona edilən bu hərəkətin müqabilində Rüfət Vəlizadəyə xəbərdarlıq etmək məqsədilə 18 min üzvü olan rəsmi Facebook səhifəsində baş verənləri yazıb.
R.Vəlizadə isə xanım jurnalistin şəklini, üzərində əxlasız sözlər və nömrəsini yazaraq özünə məxsus Facebook səhifələrində və joy.az saytında yayımlayıb. Hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra şəkil silinib.
A.Qurbanqızı deyir ki, hazırda Rüfət Vəlizadə əməllərinə davam edərək, azadqadin.az domen adını, qeyri-qanuni olaraq, ona göstərilmiş etibardan sui-istifadə edərək fəaliyyət göstərdiyi serverdən ayıraraq təkrar öz istifadəsində olan serverə yönləndirib. Daha sonra domen adı tam olaraq istifadəsinə keçdiyi üçün, azadqadin.az yazaraq sayta daxil olmaq istəyən minlərlə ziyarətçini ya qarşı tərəfə məxsus olan joy.az saytına yonləndirilir, yaxud, daha əvvəl qeyd etdiyimiz təhqir və böhtanlar qeyd edilmiş şəkil görünür.

Aynur Qurbanqızı hüquq mühafizə orqanlarına müraciət edərək bildirib ki, bir sayt rəhbəri kimi uzun illərdir böyük əziyyətlə əldə etdiyi uğurlardan məhrum olmaq dərəcəsinə çatıb: “Qarşı tərəf bütün deyilənləri qəbul etmir, əksinə bildirir ki, nə yolla olursa, olsun öz haqsızlığına qələbə qazandıracaq. O, “pulum və vəzifədə adamlarım var, sənin başına oyun açacam, mənə heç nə edə bilməzsən” deyib məni təhdid edir”.
Sonda A.Qurbanqızı bu müddət ərzində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün məsələnin dərindən araşdırılmasını, günahkarların layiqli cəzalarını almasını hüquq mühafizə orqanlarından xahiş edir.