BolgeXeber.Com » Gündəm » Gülər Əhmədova hicaba keçib

Gülər Əhmədova hicaba keçib

1-05-2013, 10:55
Oxunub: 5 321 Redaksiyamıza daxil olan məlumata görə, G.Əhmədova artıq hicab taxmağa başlayıb.

Bunu dəqiqləşdirmək üçün keçmiş deputatın vəkillərindən olan Raqif Mustafayevlə əlaqə saxladıq. R.Mustafayev müvəkkilinin həqiqətən hicab taxdığını və namaz qıldığını söylədi. Müsahibimiz Əhmədovanın vəkillərindən birindən - Eldar Qədimidən imtina etdiyini də açıqladı. Bununla bağlı o, sabiq deputatın ərizə yazdığını və yaxın günlərdə bunun müvafiq instansiyalara çatdırılacağını dedi. R.Mustafayev dedi ki, E.Qədimidən imtina olunmasının səbəbi sonuncunun müdafiə ilə bağlı iş görməməsi olub.

Sözügedən xəbərlə bağlı E. Qədimi açıqlamasında bu barədə ona heç nə deyilmədiyini söylədi. Qədimi R.Mustafayevi nəzərdə tutaraq, “o nağılbaz vəkil hələ çox şey danışacaq” dedi: “Dünən deyirdi ki, guya mən ərizə yazıb imtina etmişəm. İndi isə deyir ki, Gülər xanım məndən imtina edib. İmtina etsə də, sağ olsun, etməsə də. Bütün variantda itki olmayacaq mənim üçün”. Müsahibimiz R.Mustafayevin taktikası ilə razı olmadığını da bildirdi: “İki vəkil işləsin, biri hə desin, o biri yox. Ona görə də ona dedim ki, danışırsan, get danış. Danışmırsan, danışma. Özümü gülməli vəziyyətə qoymaq istəmirəm”.

Qəzetimizin ötən sayında Gülər Əhmədovanın ekspertlərlə yazışmasını dərc etmişdik. Xatırladaq ki, yazışmanın mətni avrasiya.net ünvanına göndərilib. Yazışma Gülər Əhmədova ilə Sankt-Peterburqda fəaliyyət göstərən “Foreneks” MMC-nin eksperti ilə olub. “KQB”nin mərhum polkovniki Rövşən Heydərovun qızı, hüquq müdafiəçisi Səyyarə Heydərova Gülər Əhmədovaya kömək məqsədilə Elşad Abdullayevin yaydığı videoların saxta olub-olmadığını aydınlaşdırmaqdan ötrü “Foreneks” MMC-yə müraciət edib. Lakin G.Əhmədova sonradan pul ödəməkdən imtina etdiyindən ekspertizanın nəticələrini əldə edə bilməyib.

S.Heydərova isə avrasiya.net-ə G.Əhmədovanı tanımadığını, sadəcə, oğlu Toğrulun xahişi ilə ekspertiza məsələsində onlara kömək etdiyini söyləyib.

Onu da qeyd edək ki, indi sizə təqdim etdiyimiz materiallar Qubeynov Aleksandr adlı birinin e-mail ünvanından avrasiya.net-in ünvanına daxil olub. Müəyyən səbəblər üzündən hələlik həmin e-mail ünvanını yazmırıq. Bundan öncə isə həmin ünvandan MTN-in sabiq müstəntiqi Ramin Nağıyevlə Elşad Abdullayev arasında söhbət daxil olmuşdu ki, sayt onu da çap edib.

Saytın rəhbəri Cavid Şahverdiyev bizə açıqlamasında dedi ki, bu yazışma ilə bağlı istintaqdan hər hansı reaksiya yoxdur. Müsahibimiz yazışmanın hansı ölkədən göndərilməsi ilə bağlı araşdırma aparılacağını dedi.

musavat.com