BolgeXeber.Com » Gündəm » Aeoropot gömrüyündə özbaşınalıq

Aeoropot gömrüyündə özbaşınalıq

8-05-2013, 17:30
Oxunub: 6 810 Hacıqabul sakini, sahibkar Hacı Tərlan Quliyev dövlət başçısı İlham Əliyevə müraciət edib. Hacı Tərlan Quliyev yazır ki, 2012-ci ildə aeoropotun gömrük rəisi Sadiq Abduyev tərəfindən xüsusi reyd keçirilib. Həmin reyd zamanı Hacı Tərlan Quliyevdən 2000 dollar tələb olunub.
Sahibkar tələb olunan məbləği vermədiyinə görə barəsində cinayət işi başlanıb: “Məndən pulu təhqiqat rəisi Sadiqov Müşfiq Cəllad oğlu istəyib. Mən rüşvət vermədiyim üçün heç bir araşdırma aparmadan məni gecə 1-in yarısında Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə apardılar. Cinayət Prossesual Məcəlləsinin 217.1 maddəsinə əsasən təhqiqatçı cinayət işinin başlanması üçün qərar çıxarıldıqdan sonra onun surəti 24 saat müddətində ibtidai araşdırmaya prossesual nəzarəti həyata keçirən prokurora göndərilməli idi. O cümlədən Cinayət Prosessual Məcəlləsinin 218.2-ci maddəsinə əsasən hər bir halda cinayət işi başlanandan 10 gün sonra təhqiqatçı müvafiq qərar çıxarmaqla cinayət işini müstəntiqə göndərir. Lakin mənim işimlə bağlı belə olmayıb və faktiki olaraq təhqiqatçı qanunsuzluğa yol verib. Müstəntiq Elnur Qurbanov isə sonradan cinayət işinə saxta, nömrəsiz protokol tikib. Təhqiqatın rəisi Cəllad oğlu Müşfiq və onun tabeliyində olanlar üçün Azərbaycan qanunları maraqsız olduğundan onlar işi öz bildikləri kimi aparıblar. Onları yalnız pul maraqlandırır. Baş Prokurorluq isə gömrükçülərdən qorxduğundan və ya Baş Prokurorluqda gömrükə nəzarət edən idarənin rəisi Müqəddəs Sultanov və onun müavini Ramil Məcidov Cəllad oğlu Müşfiqin yerlisi olduğundan bu qanunsuzluğa göz yumublar. Eyni zamanda bu adamlar mütəşəkkil dəstə yaradaraq vətəndaşların hüquqlarını pozmaqla məşğuldurlar.
Qeyd edim ki, Cinayət Prossesual Məcəlləsinin 220.2-ci maddəsində göstərilir ki, təhqiqatçı və müstəntiq tərəfindən cinayət prosesi iştirakçılarının qaldırdığı bütün vəsatət və şikayətlərə baxılması vacibdir. Lakin iş məhkəməyə göndərilənə qədər müstəntiqə etdiyim şikayətlərə və qaldırdığım vəsatətlərə baxılmayıb. Konrkret olaraq bir faktı diqqətinizə çatdırım. Məni yoxlayan qaçaqmalçılıq şöbəsinin işçisi Hüseynli Şahin Şadman oğlunun istintaqa gəlməyini nə qədər tələb etsəm də, mənə bildirdilər ki, belə bir işçi yoxdur. Bundan başqa günahsız olduğumu sübut etmək üçün hava limanının kameralarının yaddaş kartının iş materiallarına əlavə olunmasını tələb etsəm də, bildirdilər ki, “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar kameralar işləmir.
Əgər doğrudan da belədirsə, o zaman vətəndaşların təhlükəsizliyi üçün məsuliyyət daşıyan “Azal” şirkəti və gömrükçülər həmin əraziyə insanları niyə buraxırdılar? Həmin orada terror baş versəydi, buna kim məsuliyyət daşıyacaqdı?".
Sahibkar daha sonra yazır ki, onun ifadəsi müstəntiq Elnur Qurbanov tərəfindən dəyişdirilib: “Cinayət Prosessual Məcəlləsinin 234.5-ci maddəsinə əsasən hər bir protokolun, ifadənin səhifələri müstəntiq və şübhəli şəx tərəfindən imzalanmalıdır. Amma Elnur Qurbanov ifadəni dəyişdiyi üçün orada mənim imzam yoxdur. Cinayət Prosessual Məcəlləsinin 285.1-ci maddəsinə əsasən isə cinayət işinin bütün materialları nömrələnməlidir. Amma nə mənim yoxlanılmam, nə də 10.02.2012-ci ildə verdiyim ifadənin nömrəsi yoxdur”.
Hacı Tərlan Quliyevin sözlərinə görə, onun 16 min 927 dollar pulunu və pasportunu girov saxlayıblar: “9 aydan sonra xarici pasportumu qaytardılar. Baş Prokurorluqda idarə rəisi Müqəddəs Sultanov mənə və istintaqa yazılı məktub göndərəndən sonra. Puluma gəlincə isə müstəntiq Elnur Qurbanov dedi ki, istəyirsən işin düzəlsin parportu götür get, pulun adını çəkmə. Artıq iş məhkəməyə göndərilib, amma buna baxmayaraq hələ də pulumu qaytarmayıblar”.
Sahibkar bildirir ki, istintaq şahid kimi təqdim etdiyi şəxslər də gömrük işçiləri olub: “Elnur Qurbanovun sonradan tərtib etdiyi protokolda hal şahidi qismində göstərilən şəxslər özlərini aeroportda yük boşaldan fəhlə kimi təqdim edilib. Onlar məhkəmədə də fəhlə olduqlarını deyiblər. Lakin sən demə, bu hamballar gömrük zabitləri imiş. Araşdırma zamanı məlum olub ki, mənim üzümə duran ”yük boşaldan fəhlələr" Şirinov Sadiq Muğan oğlu və Yusifov İlham Vaqif oğlu hava limanında Baş Gömrük İdarəsinin əməliyyatçılarıdır".

P.S. Yazıda adı hallanan şəxslərlə əlaqə yarada bilmədiyimizdən qarşı tərəfin mövqeyini dərc etməyə etməyə hazırıq.