BolgeXeber.Com » Gündəm » Generalı məhkəməyə verdilər

Generalı məhkəməyə verdilər

27-04-2011, 16:05
Oxunub: 5 324
Səbəb 17 aprel mitinqində həbs olunanlarla bağlıdır

Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyevlə Vəkillər Kollegiyasının üzvü Yalçın İmanov Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevi və Yasamal Rayon Polis İdarəsini məhkəməyə verib.
Yasamal Rayon Məhkəməsinə ünvanlanan şikayətdə göstərilir ki, müxalif İctimai Palatanın 17 aprel mitinqində bir qrup şəxsin tutularaq Yasamal Rayon Polis İdarəsinə gətirilməsi və onların pis rəftara məruz qalmaları ilə bağlı məlumat alaraq həmin gün təxminən saat 21 radələrində idarənin qarşısına gəliblər. Həmin vaxt orada tutulanların ailə üzvləri və dostları yığışıblarmış.

Y. İmanov tutulanlardan Dəyanət Babayevin hüquqlarının müdafiəsini həyata keçirmək və onunla görüşmək məqsədilə vəkil orderini Yasamal Rayon Polis İdarəsinə təqdim edib. Əvvəlcə Y.İmanova bildirilib ki, Yasamal Rayon Polis İdarəsində heç kəs saxlanılmır. Lakin Y.İmanov tutulanların həmin idarəyə gətirildiyini ora toplanan ailə üzvlərinin və dostlarının gördüyünü və vəkilə görüş verilməsindən imtinanın polis idarəsinin qapısında dayanan əməkdaşa deyil, buna səlahiyyəti olan şəxsə məxsus olduğunu bildirib. Lakin polis işçiləri ona görüş imkanı verməyiblər.

Bir qədər gözlədikdən sonra şikayətçilərə və polis idarəsinin qarşısında dayanan şəxslərə dağılışmaq göstərişi verilib. Bunu Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general-mayor Yaşar Əliyevin polis idarəsindən çıxacağı ilə əlaqələndiriblər.

Bir neçə dəqiqədən sonra Y.Əliyev polis idarəsindən çıxıb. O, İ.Əliyevi və Y.İmanovu göstərib ətrafındakı polis işçilərindən hirslə soruşub: “Bunlar kimdir?” Vəkillər olduğunu bildirəndə “Bunları bura kim dəvət edib? Tutulanlar vəkildən imtina ediblər!” deyə acıqlanıb. Bu zaman İ.Əliyev ona deyib ki, vəkillər müqavilə bağlayıblar və müdafiə etdiyi şəxslərlə görüşmək istəyirlər, onları polis idarəsinə buraxmırlar. Y.Əliyev İ.Əliyevdən yüksək tonla “Sən kimsən?” soruşub. İ.Əliyev ona hüquqşünas olduğunu, tutulanlar barədə məlumat almaq istədiyini, vəkillərin qanunsuz olaraq polis idarəsinə buraxılmadıqlarını bildirib və insanlara “sən” yox, “siz” deyə müraciət etməli olduğunu Y.Əliyevin diqqətinə çatdırıb. İ.Əliyevin bu cavabından qəzəblənən Y.Əliyev ətrafdakı polislərə “Bunları buradan uzaqlaşdırın!” göstərişi verib və təhqiramiz ifadələr işlədib. Polis işçiləri İ.Əliyevi və Y.İmanovu kobud şəkildə, itələyə-itələyə idarənin qarşısından uzaqlaşdırıblar.

Y. Əliyev getdikdən sonra Y.İmanov təkrar olaraq idarənin giriş qapısında dayanan polislərə yaxınlaşıb içəri buraxılmasını tələb edib. Təxminən gecə 1-ə işləmişə qədər İ.Əliyev və Y.İmanov polis idarəsinin qarşısında vəkilin nə vaxt idarəyə buraxılacağını gözləsələr də, qapıda dayanan polis işçiləri ona bu imkanı verməkdən imtina ediblər.

Y.İmanovun polis idarəsinə onun və müdafiə etdiyi şəxsin hüquqlarının pozuntusu ilə bağlı şikayəti rəsmi qaydada təqdim etmək istəyi də baş tutmayıb. Polislər şikayətin bir nüsxəsinə qəbul edilməsi barədə qeyd etmək istəməyiblər. Qapıda dayanan polis işçisi şikayətin qəbulu barədə hər hansı qeyd edilməsinə ehtiyac olmadığını, onu qutuya atmağın kifayət etdiyini bildirib. Sonda o, Y.İmanovdan şikayəti alıb girişdəki ağzıaçıq qutuya qoyub, bu barədə Y.İmanova hər hansı sənəd verməyib, şikayətin ikinci nüsxəsinin üzərində qeyd etməyib.

Hüquqşünasların polisin hərəkətlərindən Yasamal Rayon Prokurorluğuna şikayət təqdim etmək cəhdi də baş tutmayıb. Həmin qurumda onlara bildiriblər ki, bu cür şikayətləri qəbul etməli olan növbətçi prokuror yerində yoxdur.

Yasamal Rayon Məhkəməsinə üz tutan hüquqşünaslar cavabdehlərin onlara qarşı fiziki zor tətbiq etmələrini onların insan ləyaqətinə alçaldan rəftara məruz qalmamaq hüququnun pozuntusu kimi, Y.İmanova öz vəzifələrini həyata keçirməsinə mane olmalarını onun peşə fəaliyyətinə əsassız müdaxilə kimi qiymətləndirilməsini, cavabdehlərin üzərinə şikayətçilərdən üzr istəmək vəzifəsinin qoyulmasını, qanunsuz hərəkətləri nəticəsində şikayətçilərə vurulan ziyanın əvəzi kimi cavabdehlərdən 1 manat tutulması barədə qətnamə çıxarılmasını istəyirlər.