BolgeXeber.Com » Gündəm » Şəmsəddin Xanbabayevdən şok açıqlama

Şəmsəddin Xanbabayevdən şok açıqlama

28-04-2011, 16:55
Oxunub: 6 826 “Ulu öndərlə işlədiyimiz vaxtlar Naxçıvanda fərarilik 90 faiz idi,nəinki Naxçıvanda,bütün Azərbaycanda bu belə idi!”

Bu sözlər bir müddət əvvəl Xaçmaz Rayon Hərbi komissarlığında hərbi çağırışçılarla görüşərkən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tərəfindən söylənilmişdir. O, bu sözləri, çağırışçıların qarşısında nitq söyləyərkən çıxışında bildirmişdir. “ Mən sadəcə olaraq keçmişi xatırlayıb, heç birimizin necə deyərlər əhval-ruhiyyəsini pozmaq istəmirəm, amma yenə də olur da...Biz hələ Naxçıvanda ulu öndərlə işlədiyimiz dövrlərdə, ordu yox idi, fərarilik 90 faizə çatmışdı, nəinki Naxçıvanda, Azərbaycanın hər bir yerində bu belə idi. Bu gün isə hər şey tamamilə fərqlidir, bizim ordumuzda çox böyük islahatlar getmişdir və bizim hərbimiz bu gün çox güclüdür”

Bəli, Şəmsəddin Xanbabayev Xaçmaz rayon hərbi komissarlığında hərbi çağırışçıları hərbi xidmətə yola salarkən İlham Əliyevin siyasətini tərifləmək istəmiş, lakin bu məsələyə o qədər şövqlə yanaşmışdır ki, əvəzində nələri danışdığının fərqinə belə varmamışdır. Beləki, o, Azərbaycan Ordusunun keçmişində fərarilik faktorunun olmasını qabartmağının və bunun da məhz Heydər Əliyevin hakimiyyəti dövründə olduğunun əslində necə başa düşüləcəyinə fikir belə verməmişdir. Halbiki,vətəndaşların orduya münasibətinin heç də hakimiyyətdə kimin olmasından asılı olmayaraq, əslində milli ruh və milli düşüncə ilə bağlı bir məsələ olduğunu unutmuşdur.

Şəmsəddin müəllimin fikirlərinə hörmətlə yanaşaraq soruşmaq istərdik ki, bu dəqiq səsləndirilmiş rəqəm görəsən hansı statistikaya əsaslanır? Çünki, bir millətin 90 faizinin fərari olması həmin millət üçün ən acınacaqlı bir durumdur. Bunun Heydər Əliyev kimi bir şəxsiyyətin rəhbərlik etdiyi bir vaxta təsadüf etməsi isə daha gülünc səslənir.Çünki, mərhum ümummilli liderimiz Heydər Əliyev dünya siyasətində sözün əsl mənasında tanınmış, öz xüsusi imzası olan bir şəxsiyyət idi. Onun rəhbərliyi zamanı bu cür dəhşətli faktın olması nə onun zamanında, nə də ondan sonra heç kəs tərəfindən belə kəskin faktiki rəqəmlə səslənməmişdir. Hətta onun sağlığında və dünyasını dəyişdikdən sonra da ona qarşı ədalətsiz fikirlər səsləndirən bir çox radikal müxalifət nümayəndələri tərəfindən də belə ittiham söylənilməyib. Heç inandırıcı da görünmür ki, Azərbaycanın 90 faizi fərarilik etsin. Bu ən çətin zamanlarda belə olmayıb. Bizim millətin bir hissəsi buna can atmaq istəyibsə də, bu olduqca kiçik bir rəqəm ola bilər və belə adamlar da yəqin ki, qanun qarşısında cavab verməli olublar. Necə ki, bütün dövlətlərdə və millətlərdə belələri var.

Bu millət dövlətin bir qrup şəxsin əlində olub, dərəbəylik, xaos hökm sürəndə də belə qorxaq olmayıb ki, hərbi qulluqdan qaçsın.
Əgər Şəmsəddin müəllimin yadına gəlirsə, o zamanlar hətta ov tüfəngi ilə düşmənin tankının qabağına çıxan oğlanlarımız, özünü müdafiə batalyonlarımız var idi. Millət o zamanlar Rusiya, Ermənistan və İranın Azərbaycanda çıxardığı hoqqalara baxmayaraq əli yalın da olsa tankın, topun, tüfəngin qabağına çıxırdı.Yox əgər yadına düşmürsə....

Bunu onun artıq yaşlandığı,yaddaşında problemlərin əmələ gəlməsi kimi qəbul edə bilərik. Ancaq bu millət nə yaxın, nə uzaq keçmişdə fərarilik etməyib.

Yeri gəlmişkən,bu sözləri də Şəmsəddin Xanbabayev Xaçmaz rayonunda Koroğlunun,Xətainin heykəllərini qoyarkən söyləmişdi.Bu millətin bütün qəhrəmanlarına əslində heykəl ucalmasının vacibliyindən danışmışdı.

P.S.Xaçmazda bəzi ağzıgöyçəklər Şəmsəddin Xanbabayevin artıq yaşlandığını, buna görə də “Şərəf ordeni” ilə yaxın zamanlarda işdən çıxarılacağını deyirlər.