BolgeXeber.Com » Gündəm » Türkiyə prokurorluğunun nümayəndə heyəti Azərbaycanda səfərdədir

Türkiyə prokurorluğunun nümayəndə heyəti Azərbaycanda səfərdədir

12-06-2013, 16:50
Oxunub: 3 624 Baş prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görəHesen Erbilin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Türkiyə Respublikasinin baş prokuroru Hesen Erbilin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir.Azərbaycan və Türkiyə Respublikası prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Türkiyə Respublikasının Baş prokuroru Hesen Erbilin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun dəvəti ilə iyunun 11-də ölkəmizə səfərə gəlmişdir.

İyunun 12-də Türkiyə Respublikası Prokurorluğunun nümayəndə heyəti Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür. Şəhidlər Xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzmüş, “Əbədi Məşəl” və türk əsgərlərinin xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoymuşlar.

Daha sonra nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda görüş keçirilmişdir. Qonaqları səmimi salamlayan Baş prokuror tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirərək bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamları ilə dəqiq ifadə edildiyi, hər iki ölkə prezidentlərinin siyasi iradələri ilə reallaşan nəhəng enerji və nəqliyyat layihələrinin ölkələrimizi daha da yaxınlaşdıracağı, xalqlarımızın rifahına xidmət göstərəcəyi xüsusi olaraq vurğulanmışdır.

Baş prokuror son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat vermişdir.

Səmimi qəbul üçün minnətdarlığını ifadə edən Hesen Erbil rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğuladı. O, ölkələrimiz arasında mövcud olan iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə dəstək verməsini xüsusi qeyd etmişdir.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış oldular. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, Azərbaycan-Türkiyə münasibətlərini özündə əks etdirən ekspozisiyalar, eyni zamanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş guşə və eksponatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi hazırlanmış guşə onlarda xüsusi təəssürat oyatdı.

Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.