BolgeXeber.Com » Gündəm » Elə xidmət də var ki, ildə 5 adam o xidmətdən yararlanmır

Elə xidmət də var ki, ildə 5 adam o xidmətdən yararlanmır

13-06-2013, 16:20
Oxunub: 3 981 70 yaşlı Qulam kişi mahiyyətini tam anlamasa da ASAN xidmət mərkəzinin yaradılmasını eşidəndə çox sevincək olub. - Televizorda eşitdim. Fikirləşdim ki, adı ASANdırsa bizi vətəndaşları da yormazlar. Asanlıqla işimizi görüb çıxarıq, - deyən Qulam kişi bu məqsədlə də üz tutur Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tərkibində yaradılmış və Bakı şəhərində fəaliyyət göstərən 1 saylı ASAN xidmət mərkəzinə. Amma almaq istədiyi xidmətə gəldikdə ASANlıqdan əsər-əlamət qalmır və Qulam kişi kor peşiman mərkəzi tərk edir. Amma binadan ayrılarkən ovqatı o qədər də təlx olmamışdı. Agentlikdə qarşılaşdığı xoş münasibət ona 20 ildir məmur özbaşınalığı və tələb olunun külli miqdarda rüşvətdən dolayı özəlləşdirə bilmədiyi evinin sənədlərini nə zamansa qaydaya salacağına dair ümid vermişdi.
İldə 5 adamın aldığı xidmət kimə lazımdı!

"Dövlət qurumu var ki, 40-dan çox xidmət göstərir. Elə xidmət var ki, bir ildə həmin xidməti 100 min adam alır. Elə xidmət də var ki, ildə 5 adam o xidmətdən yararlanmır. 100 min adamın aldığı xidmət agentliyə təqidm edilməyib, 5 adamın aldığı xidmət təqdim edilib. Dövlət qurumları kütləvi xidmətldərin təqdim edilməsində maraqlı deyillər", - Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz agentliyə sosial əhəmiyyət kəsb edən xidmətlərin siyahısını çıxarmağı təklif edir.
“İldə 5 adamın aldığı xidmət kimin nəyinə lazımdı? Sosial xidmətlərin siyahısı çıxarılmalıdır”.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Azad Cəfərli Osman Gündüzün arqumentləri ilə razılaşmır.

- Yarandığı 6 ay müddətində ASAN xidmət mərkəzlərinə 120 mindən çox vətəndaş müraciət edib. Gündə 1000-1500 civarında vətəndaş müraciət edir, - Azad Cəfərli vurğulayır.

9 dövlət orqanı tərəfindən 25 xidmət

Hazırda ASAN xidmət mərkəzlərində 9 dövlət orqanı tərəfindən 25 xidmət göstərilir. Bu ilin martında isə prezidentin sərəncamı ilə daha 22 yardımçı xidmətlər - tərcümə, bank, sığorta, tibbi xidmətləri və sair agentliyin göstərdiyi xidmətlərin siyahısına daxil edildi.
Amma bu xidmətlərin içərisində daha çox ehtiyac duyulan sosial xidmətlər - sosial müavinatların və sosial yardımların verilməsi, avtomobillərin gömrük qeydiyyatı və dövlət qeydiyyatına alanması, daşınmaz əmlakın ilkin qeydiyyatı, mənzil tikintisi üçün razılığın alınması və sair kimi rüşvətsiz həlli mümkün olmayan sahələr ASAN xidmət mərkəzlərinə təqdim edilməyib.

- Agentlik 13 iyul 2012-gi ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə yaradılıb və 5 sentyabr tarixində struktur və əsasnaməsi təsdiqlənib. Agentlik də həmin normativ sənədlər əsasında fəaliyyət göstərir. 9 dövlət orqanı tərəindhən göstərilən 25 xidmət prezidentin fərmanları ilə təsbit olunub, - Azad Cəfərli səbəbini izah edir.

Xoş rəftar

Hazırda ASAN -da göstərilən xidmətləri isə vətənşalar dövlət orqanlarının müvafiq idarə və qurumlarında rüşvətsiz də ala bilirdilər və yenə də alırlar. Fərq ondan ibarətdir ki, dövlət idarələrindən fərqli olaraq ASAN xidmət mərkəzində vətandaşlar daha xoş rəftarla qarşılaşırlar və gözləmə müddətində vaxtlarını səmərəli keçirmək üçün hər cür şərait yaradılıb. Ən əsası isə burada vətəandaşlar məmur minnəti ilə qarşqılaşmır və özlərini xidməti göstərən şəxsə "borclu" hesab etmirlər. ASAN xidmət mərkəzinin binası daxilində hökm sürən xoş ovqat, başlıcası isə uniformalı xanımların təmənnasız yardımları və təbəssümlə yana dartılmış dodaqlarının arasında parlayan inci dişləri vətəndaşları binadan xoş ovqatla yola salır. Və bu səhər saat 09:00-dan axşam saat 19:00-a yəni iş vaxtı bitənə qədər davam edir. Bu müddət ərzində istər xidmətdə könüllü fəaliyyət göstərən qızlar, istərsə də orada çalışan işçilər yüzlərlə hər cür insanla qarşılaslar da, mimkalarında dəyişiklik hiss olunmur.




Azad Cəfərlinin sözlərinə görə, onların əsas iş prinsipi də bundan ibarətldir: operativlik, rahatlıq, etik davranış və şəffaflıq. Məhz bu prisiplər də vətəndaşların onlardan razı qalmasını təmin edir. Ən azı həftədə iki dəfə mərkəzdə çalışanlara etik davranış qaydalarına dair treninqlər keçilir ki, bu da onların vətəndaşlarla münasibətlərini tənzimləməyə yardımçı olur.

Vətəndaşların buradan mənun ayrılması həm də dövlət agentliyi ilə 9 qurumun səmərəli əməkdaşlığının nəticəsidir. Xidmətlər dövlət orqanlarının əməkdaşları tərəfindən həyata keçirilir və şəffaflıq prinsipinə söykənərək, burda birbaşa ödəniş qəbul olunmur. Xidmətlər yalnız qəbz əsasında edilir, xidmət kameralarla çəkilir, ofislər isə şüşə materialından quraşdırılıb ki, vətəndaşlar bütün bu proseslərin şahidi ola bilsinlər.

ASAN-ın faydası

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əlməmməd Nuriyev hesab edir ki, bu xidmət növü korrupsiya ilə mübarizə baxımından da çox faydalıdır.

- Bürokratiyanın azalmasına gətirib çıxarır. Vətəndaşla dövlət orqanları arasında təmasları minimuma endirir. Bu da rüşvət və karrupsiyanın azalmasına xidmət edir.
ASAN xidmətin yaradılması həm də Elektoron Hökmətə keçidlə bağlı radikal bir dəyişiklikdir. Yeni idarəetmə modelinin nümunəsidir.



Osman Gündüz isə ASAN xidməti Elektron Hökumətə keçidlə bağlı geriyə atılmış addım hesab edir. “İnsanlar rüşvətsiz, korrupsiyasız dərhal gedirlər, istədikləri xidməti problemsiz alırlar. Son on ildə hökumətin bəlkə də ən uğurlu layihəsidir. Amma Elektron Hökumət fəlsəfəsi baxımından geriyə addımdır. Yəni vətəndaş ayaqla gedib alır o xidməti”.

Vaxta qənaət baxımından isə irəliyə atılmış bir addımdır. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun fikrincə, yeni sistemin ən faydalı tərəfi arayış və sənədlərin verilməsinin mərkəzləşməsi ilə bağlıdır. Bu günə qədər vətəndaşın bir sənəd və ya müəyyən sənədlər toplusu üçün bir neçə nazirlik və komitəyə müraciət etdiyini xatırladan ekspert, bundan sonra dövlət qurumlarını qapı-qapı gəzməyə ehtiyac qalmayacağını bildirdi: “Istənilən halda yəqin ki, “ASAN xidmət” mərkəzlərinin yaradılması effektlidir. Çünki ən azı vətəndaşlar bu mərkəzlər sayəsində vaxtlarına qənaət etmiş olurlar. Yəni bir işdən ötrü bir neçə ünvana müraciət etmirlər.





Nə deyilməsindən asılı olmayraq Azad Cəfərovun dili ilə desək, ASAN xidmət artıq bir Azərbaycan brendinə çevrilib və beynəlxalq aləmdə təqdir olunur. Xidmətə müraciət edən vətəndaşlar gözlədikləri bir neçə dəqiqəni də vaxt itkisi deyil, əyləncə hesab edirlər. Vətəndaşlar gözlədikləri müddəti səmərəli keçirsin deyə gözləmə zalında da hər cür şərait yaradılıb. Uşaqlar üçün guşələr, kafe, internet klub və sair yaradılıb ki, vətəndaşlar gözləyəndə də ASAN xidmət mərkəzində olduqlarını unutmasınlar. Unudulmayan bir şey də var. Daha çox rüşvət və korrupsiyaya yol açan xidmətlərin ASANlaşırılması. Əgər belə olmasa ASAN xidmət mərkəzindəki biri-birindən gözəl xanımların təbəssümü ilə informativ xarakterli xidmətləri yenilik kimi cəmiyyətə sırımaq bir qədər sonra çox çətin olacaq.