BolgeXeber.Com » Gündəm » "Laçın" klinikasında yanlış diaqnoz xərcəngə gətirib çıxarıb

"Laçın" klinikasında yanlış diaqnoz xərcəngə gətirib çıxarıb

26-06-2013, 12:00
Oxunub: 5 685 Təbabət insan fəaliyyətinin dərin xüsusi biliklər tələb edən ən mürəkkəb formalarından biridir. Tibb işçiləri istehkamçılar kimi səhvə yol verməməlidirlər. Amma müşahidələr göstərir ki, tibbi səhvlər nəticəsində insan həyatına və sağlamlığına zərər yetirilməsi halları az deyil. Hətta son vaxtlar Azərbaycanda belə hallar artıb.Bəzən həkimdən narazı olanlar onları "Hippokrat andı"nı pozmaqda günahlandırırlar.
Redaksiyamıza şikayət ünvanlayan , İsmayıllı rayonu, Kürdmaşı kənd sakini Tünzalə İsmayılova həkim səhlənkarlığının qurbanı olub. Şikayətçi xanım telekanallardakı reklamları görəndən sonra sonsuzluq problemi ilə bağlı “Laçın” klinikasına müraciət edib. Klinikanın baş həkimi Canpolad İmanov onu qəbul edib və deyib ki, müayinədən sonra problemin həll olub-olunmadığını dəqiq biləcək. İlkin müayinə 800 manata başa gəlib. Ondan sonra baş həkim uşağın olacağına tam zəmanət verib.02.05.2011 tarixindən 30.06.2011-ci ilədək Tünzalə İsmayılova klinikada təyin olunmuş bütün müalicələri qəbul edir.
Arada klinikanın ginekoloqu Lalə xanıma xəstənin qohumları xəbərdarlıq edir ki, başqa xəstəxanada “UZİ” müayinəsi zamanı Tünzalənin süd vəzlərində kiçik şişlər aşkarlanıb.Bəs sonsuzluqdan müalicə fəsad verə bilərmi? Lalə xanım xəstənin qohumlarını sakitləşdirir ki, bu adi haldı,heç bir fəsad ola bilməz.
Nəticədə sonsuzluğa görə müalicə İsmayılovlar ailəsinə 5 min manatdan yuxarı başa gəlir. Bu pulun 2580 manatı klinikanın kassasına ödənilib. Qalanı isə reseptlərə yaxud həkimlərə rüşvət kimi verilib.
Ancaq müalicənin xeyri olmayıb. Baş həkim Canpolad İmanovun da sözü bu olub ki ,”Allah vermədi,olmadı də”.
Uşaq olmağı bir yana, klinika həkimlərinin səhlənkarlığı ağır nəticə verib. Xəstənin süd vəzlərindəki şişlər fəsad verməyə başlayıb.Tünzalə xanım 08.07.2011-ci il tarixdə Milli Onkologiya İnstitunda əməliyyat olunub. İndiyədək də həyatda qalmaq uğrunda mübarizə aparır. Qohumları onu müalicə etmək üçün Moskvada belə aparıblar.
Telekanallarda reklam verərək vətəndaşları aldadan, səhv diaqnozla müalicə edən,insanların sağlamlığı, həyatı ilə oynayan “Laçın” klinikası isə xəstəyə dəyən maddi mənəvi ziyanı ödəməkdən boyun qaçırır.