BolgeXeber.Com » Gündəm » "Peyklər orbitə çıxarılanda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır?-Malik Həsənov

"Peyklər orbitə çıxarılanda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır?-Malik Həsənov

27-01-2021, 17:59
Oxunub: 3 176  “Möhtərəm Prezidentimiz İlham Əliyev inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən daim bu reallığı önə çəkir ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır.Azərbaycan da müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə, təkmilləşməyə üstünlük verir. İslahatlar ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndirir. Bu baxımdan ki, tərəqqi islahatlarsız mümkün deyil. İqtisadi tərəqqiyə uyğun olaraq kadr potensialının formalaşdırılması, yeni texnologiyaların inkşafı və tətbiqi şəraitində dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaq mümkündür.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
  M.Həsənov vurğulayıb ki, Azərbaycan  İKT-nin yaratdığı imkanlardan istifadə etməklə dayanıqlı inkişafını təmin edir:  «Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə  2013-cü ilin ölkəmizdə  “İKT ili” elan edilməsi bu sahənin inkişafının prioritetliyinin təsdiqidir.  Məhz “İKT ili”ndə  ölkəmizin ilk telekommunikasiya peyki orbitə buraxılmışdır. Bu hadisə onu göstərdi ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və  artıq kosmik klubun üzvüdür. “Azərspace-1”  ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsinə, peyk texnologiyalarının geniş tətbiqinə, telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətlərinə olan tələbatın ödənilməsinə şərait yaradaraq, iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və sair sahələrdə inkişafa təkan verir. 2016-cı ildə  “Azərsky” müşahidə peyki və 2018-ci ildə  isə  “Azərspace- 2” peyki orbitə buraxıldı. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar öz növbəsində  qeyri-neft sektorunun inkişafını şərtləndirir. “Azərsky” müşahidə peyki vasitəsilə  nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim  izləyə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsində  “Azərsky” peykinin xüsusi rolu vardır.  Dövlətimizin başçısı İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən  «Əlbəttə ki, mən texnoloji inkişafla bağlı görülmüş işlər arasında peykləri qeyd etməliyəm» söyləyərək bu məqama diqqəti yönəltmişdir ki, peyklər orbitə çıxarılanda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır? Ancaq həyat göstərdi ki, bugünümüz və gələcəyimiz üçün əhəmiyyətli hadisədir. Həm müharibə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə Azərbaycana  çox böyük üstünlüklər qazandırdı.  Təbii ki, Vətən müharibəsi dövründə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısını almaq  ölkəmizin üstünlüyü idi. Heç təsadüfi deyil ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində  Azərbaycanın apardığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı. Çünki bu, texnoloji inkişaf baxımından bir yenilik idi.»
 “Postmüharibə dövründə həyata keçirilən quruculuq və bərpa işləri üçün də peyklərdən istifadə  böyük üstünlüklər yaradacaq” söyləyən millət vəkili bildirib ki, azad edilmiş ərazilərdə  şəhər və kəndlər  “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulacaq. Layihələr icra edilərkən dünyanın ən qabaqcıl texnologiyaları  tətbiq ediləcək. Ölkədə dayanıqlı inkişafın təmin edilməsində əsas amillərdən olan yeni texnologiyaların tətbiqi daim  kadr hazırlığını da gündəmdə saxlayır: «Azərbaycan gəncləri müasir dünyagörüşə malik gənclərdir, ən əsası yenilikçidirlər. Dövlətimizin başçısı İlham Əliyevin  Sərəncamı əsasında təsdiqlənən  gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının  icrasında da əsas məqsəd onların elmin, yeni texnologiyaların dərinliklərini öyrənmələri, həmçinin  təhsillərini başa vurduqdan sonra Vətənə dönərək əldə etdikləri təcrübəni iqtisadiyyata, ayrı-ayrı sahələrin inkişafına yönəldərək davamlı inkişafa dəstək olmalarıdır. Möhtərəm Prezidentimiz qeyd olunan qəbulda bu hədəfi açıqlamışdır ki, istedadlı gənclərimizin Azərbaycanda fəaliyyət göstərmələri, öz biliklərini burada tam realizə etmələri  və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət göstərmələri üçün şəraiti lazımı səviyyədə qurmalıyıq.  Ona görə ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir.”
“Azərbaycan həm Vətən müharibəsində, həm də dünyanı cənginə alan koronavirus infeksiyası ilə mübarizədə  yeni texnologiyaların tətbiqi və inkişafı sahəsində böyük uğurlara malik olduğunu nümayiş etdirdi. Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı hər zaman prioritet məsələdir. Ölkə Prezidenti bu məqsədi  də açıqlayır ki,  texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik.
COVID-19-la mübarizə  ölkəmizin informasiya texnologiyaları sahəsində mövcud imkanlarına bir daha aydınlıq gətirdi.  Özünütəcrid dövlətlərarası münasibətlərdə də vacib amil kimi önə çəkildiyindən  ölkə Prezidenti  İlham Əliyevin pandemiya dövründə istər bu və ya digər dövlətin, beynəlxalq təşkilatın rəsmiləri ilə   görüşləri, eyni zamanda, onun təşəbbüsü ilə  Türk Şurasının,  Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının  xüsusi sessiyası videoformat şəkilində təşkil olunub.  Təbii ki, bu kimi mühüm addımlar  müasir texnologiyalar olmadan mümkün deyil. Uğurlarımız  bu əminliyə əsas verir ki,  gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqeyini daha da möhkəmləndirəcək»,- deyə M.Həsənov bildirib.