BolgeXeber.Com » Gündəm » Prezident Əli Nağıyevə müstəsna səlahiyyətlər verdi - Təfərrüatlar

Prezident Əli Nağıyevə müstəsna səlahiyyətlər verdi - Təfərrüatlar

13-05-2011, 11:35
Oxunub: 5 819
Ona hansı postu tutmasından asılı olmayaraq istənilən şəxsin fəaliyyətini yoxlamaq, korrupsiya faktını araşdırmaq, dosyeləri ən yüksək səviyyədə məruzə etmək hüququ verilib

Milli Təhlükəsizlik Nazirliyində birinci müavin vəzifəsindən ötən ay azad edilən general-mayor Əli Nağıyev dünən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müavin təyin olunub. Bu barədə məlumatlar dünən gecədən bir-neçə mətbuat orqanında yayılmağa başlasa da, məsələnin mahiyyəti haqqında geniş məlumatlar verilməyib. Bolgexeber.com bildirir ki, “Qafqazinfo”saytı sabiq MTN generalının təyinatı və onun gələcək fəaliyyəti haqqında eksklüziv informasiyalar əldə edib. Öncə bildirək ki, Ə. Nağıyevin təyinatından iki gün qabaq dövlət başçısı Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsinin 17-ci və 20-ci bəndlərində “müavini” sözünün “müavinləri” sözü ilə əvəz edilməsi haqqında fərman imzalayıb. Yəni bu fərman məhz Ə. Nağıyevin təyinatı üçün edilib. Bundan sonra isə general sözügedən idarəyə müavin təyin olunub. Lakin burada diqqət çəkən və daha maraqlı məqam Ə. Nağıyevin yeni vəzifəsində daha yüksək səlahiyyətlərə sahib olması, ona müstəsna hüquqların verilməsi ilə bağlıdır. Belə ki, Ə. Nağıyev öz yeni görəvində əməliyyat üzrə müavin olmaqla, ölkədə korrupsiya üzrə aparılacaq mübarizədə de-fakto aparıcı şəxs olacaq. Ona bütün rəsmi və qeyr-rəsmi qurumlarda, hansı postu tutmasından asılı olmayaraq istənilən şəxsin fəaliyyətini yoxlamaq, korrupsiya faktını araşdırmaq, dosyeləri ən yüksək səviyyədə məruzə etmək hüququ verilib.

Bu arada qeyd edək ki, əslində Ə. Nağıyev MTN-də birinci müavin işlədiyi vaxtlarda da iqtisadiyyat sahəsində əsas işləri kurasiya etməklə yanaşı, məhz korrupsiya cinayətlərinin araşdırılmasına nəzarət edib. General yeni işə başlamazdan qabaq isə onun vaxtı ilə nəzarət etdiyi sahələr də MTN-dən alınaraq məhz Ə. Nağıyevin kurasiyasına verilib. Məlumatlara görə, Ə. Nağıyevin prinsipial fəaliyyətinin nəticəsi olaraq MTN şefi ilə arasında yaranan soyuqluq nəticədə onun öz postundan ayrılması ilə nəticələnib. Həmin vaxt ölkə mediasında Ə. Nağıyevin işdən çıxarılması korrupsiyaya qarşı mübarizənin nümunəsi kimi təqdim olunmuş, general ilk qurbanlardan sayılmışdı. Lakin proseslər onu göstərir ki, məhz Ə. Nağıyevə ölkə rəhbərliyi səviyyəsində yüksək etimad göstərilib. Hətta, korrupsiyaya qarşı mübarizdə Ə. Nağıyevə geniş imkanlar yaradılıb. Məlumatlara görə, generala bu vəzifəyə təyinatdan qanaq xüsusi tapşırıqlar da verilib. Bu tapşırıqların qısaca məzmunu isə belədir ki, ölkədə korrupsiya faktları dəqiqliyi ilə araşdırılmalı, heç bir kəsə güzəşt edilmədən dosyelər hazırlanmalı və ölkə rəhbərliyinə təqdim olunmalıdır. Onun sözügedən idarədə əməliyyat üzrə müavin təyin olunması da bundan xəbər verir.

Burada bir maraqlı informasiyanı da çatdırmaq istəyirik ki, Ə. Nağıyevə verilən müstəsna səlahiyyətlərdən biri də telefonların dinlənilməsi ilə bağlıdır. Belə ki, generala öz işinin səmərəliliyini təmin etmək üçün istənilən şəxsin telefonunu dinləmək hüquq da verilib.