BolgeXeber.Com » Gündəm » Goranboyda YAP-dan kütləvi istefa

Goranboyda YAP-dan kütləvi istefa

10-07-2013, 12:30
Oxunub: 4 196 Hakim partiyanın üzvləri icra başçısının özbaşınalığından bezərək belə bir addım atıblar, fəhlələr isə əmək haqlarını ala bilmədikləri üçün etirazlara başlayıblar

Goranboy rayonunda yaşanan özbaşınalıq və dərəbəylik əhalini bezdirib. İş o həddə çatıb ki, Nizaməddin Quliyevin tələblərindən və təhdidlərindən bezən YAP-ın Goranboy rayon təşkilatının üzvləri kütləvi şəkildə istefa verməyə başlayıblar. PAT.AZ xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Həmin məlumatda vurğulanır ki, bir neçə gün bundan əvvəl icra başçısı Nizaməddin Quliyev müavini Baxış Abdullayev vasitəsi ilə yenidən pul yığılmasını tələb edib. Həmin pul yığılması nəzərdə tutulan sahələrdən biri də təhsil sektorunun işçiləri olublar. Təkcə bu il iki dəfə pul yığımına «məruz» qalan müəllimlər isə icra başçısının hərəkətlərinə kəskin etirazlarını bildiriblər. Və həmin pulu verməkdən imtina etdiklərini deyiblər. Bunun ardından Baxış Abdullayev onları təhdid edərək, partiyadan və işdən çıxarılacaqlarını bildirib. Buna cavab olaraq təhsil işçiləri özləri YAP-ın biletini gətirərək, Goranboyt rayon İcra Hakimiyyətinin binası qarşısında yerə qoyaraq, hakim partiyadan imtina etdiklərini bildiriblər. Vəziyyətin belə olduğunu görən icra başçısı ilə müavini əl-ayağa düşərək, müəllimlərlə ümumi dil tapmağa çalışırlar. Lakin qarşı tərəf onlarla danışıqdan imtina edirlər.
Bu əsnada Goranboyda daha bir biabırçı hadisə baş verməkdədir. Belə ki, rayonda abadlıq və yenidənqurma işlərinin aparılmasında iştirak edən fəhlələr 3 aydır əmək haqlarını ala bilmirlər. Sosial şəbəkələrdə yayılmış məlumatlarda vurğulanır ki, tikinti işlərində çalışan fəhlələr artıq iki dəfə tenderin qalibi olmuş «Fəqan-Xidmət» şirkətinin rəhbərliyinə xəbərdarlıq ediblər. Onlar maaşlarının verilməsini tələb edirlər. Əks təqdirdə, Bakıya gələrək, Prezident Admnistrasiyasının qarşısında etiraz aksiyası keçirəcəklərini bildiriblər. Məlumatda vurğulanır ki, «Fəqan Xidmət» şirkəti icra başçısının oğlu Ramal Quliyevə məxsusdur. Tender üçün nəzərdə tutulmuş pullar isə icra başçısının oğlu tərəfindən çoxdan mənimsənilib. Elə bu səbəbdən də fəhlələrə böyük miqdarda əmək haqqı borcu qalıb ki, nəticədə belə bir narazılıq baş qaldırıb.
Xatırladaq ki, Goranboyun icra başçısı Nizaməddin Quliyev bir müddət əvvəl sifarişlə həbs etdirdiyi iş adamı Müqayis Verdiyevi fəhlələrin pulunu vermədiyinə görə ittiham etmişdi. Üstəlik, Baxış Abdullayevin əliylə rayonda iğtişaş törədərək, onu sahibkarın boynuna atmışdı. Lakin son hadisələrdən sonra məlum olub ki, Müqayis Verdiyevin bu məsələdə zərrə qədər günahı olmayıb. Əksinə, həmin vaxt fəhlələrin əməak haqlarının verilməməsinin səbəbkarı elə icra başçısı ilə oğlu olublar. Sadəcə, öz əməllərini ört-basdır etmək üçün günahı iş adamının boynuna yıxaraq, onu həbs etdirməyə nail olublar.