BolgeXeber.Com » Gündəm » Misir Mərdanov böyük biznesə girdi

Misir Mərdanov böyük biznesə girdi

17-07-2013, 10:15
Oxunub: 4 539 Sabiq nazir obyektlərini işə saldıTəhsil Nazirliyinin 15 illik keçmiş şefi iş adamı kimi qollarını çırmalayıb; onun əmlakına toxunulmadığını və rahat yaşamasına izn verildiyini görən ortaqları da işbirliyini davam etdirmək qərarına gəlib
Bu ilin aprel ayının 19-da işdən çıxarılan təhsil naziri Misir Mərdanov ciddi biznesə girib. Daha doğrusu, hələ nazir olarkən qurduğu biznesini böyütməyə və daha da inkişaf etdirməyə başlayıb. Xəbəri “Yeni Müsavat”a verən mənbənin dediyinə görə, son 15 ildə nazir işləyən M.Mərdanov bir sıra biznes obyektləri qursa da, onların bəzilərini keyfiyyətli işlətməyə nə vaxtı, nə həvəsi olub. Amma nazir postundan uzaqlaşdırılandan sonra M.Mərdanov həvəslə biznesinin başına keçib və obyektlərin yenidən qurulmasına, modernləşdirilməsinə pul xərcləməyə başlayıb.
Böyük ehtimalla sabiq nazirin “qollarını çırmalayaraq” biznesinə sahiblənməsi hakimiyyətin üst düzeyindən ona verilən qarantiya ilə bağlıdır. Çünki “vurulmuş” nazirlərin bir çoxu vəzifəsi ilə bərabər sahib olduğu əmlakın da böyük qismini təhvil vermək zorunda qalır. Ya da aldıqları biznes obyektlərini bir müddət yaxın adamlarının qanadı altında gizlədirlər.
Amma işdən çıxarılandan sonra Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutuna direktor təyinatı, nazirlikdə yoxlamaların aparılmaması, fəaliyyətinin təftiş edilməməsi onu göstərdi ki, M.Mərdanova rahat yaşamaq üçün təminat verilib. Son qurultayda YAP-ın İdarə Heyətinə düşməməsi isə sabiq nazir üçün problem deyil, əksinə, onun bundan sonra daha rahat fəaliyyəti üçün verilmiş şans kimi qiymətləndirilməlidir.
Mənbə deyib ki, bugünlərdə ACP lideri Rəsul Quliyevin “Misir Mərdanovu ölkədən kənara buraxmırlar” iddiası kifayət qədər realdır. Belə ki, Misir Mərdanova ölkədən çıxmaq qadağası qoyulması müqabilində ona ölkə daxilində toxunulmazlıq statusu verilib. Hətta sabiq nazirə xaricdəki obyektlərini də işlətmək imkanı tanınıb. Bircə şərtlə: Azərbaycandan kənara çıxmasın! Bu hakimiyyət “ikinci Elşad Abdullayev səhvi” etmək istəmir. Ona görə də “vurduğu”, işdən çıxardığı, vəzifədən aldığı sabiqləri dizinin dibindən uzaqlaşmağa qoymur...
M.Mərdanovun təhsil naziri olarkən poliqrafiya, yəni milyonlarla dərsliyin çapından gələn maliyyəyə nəzarət etdiyi barədə iddialar yeni deyil. Xalası oğlu Allahverdi Dəmirovun uzun illər Təhsil Nazirliyinin Təmir-Tikinti İdarəsinin rəisi olması və M.Mərdanovla şərikli işləmələri də ictimaiyyətə bəllidir. Ötən ilin sonunda işdən çıxarılan A.Dəmirovun Balaxanıdakı Asfalt Zavodunun da əsl sahibinin M.Mərdanovun olduğuna dair informasiyalar var.
M.Mərdanova aid olduğu bildirilən Novxanıdakı “Olmpik-hotel”də bir müddətdir ki, ciddi rekonstruksiya işləri gedirdi və artıq təmir tam başa çatıb. Bizi bilgiləndirən mənbə deyib ki, vaxtilə unudulmuş bu hotel artıq müştəri toplamaq istiqamətində ciddi kampaniyaya başlayıb. Hotelin saytından tutmuş müştəri kontingentinə qədər hər şey ciddi dəyişdirilib. Hazırda hotellə bağlı ciddi reklam kampaniyası gedir.
Bundan başqa, sabiq nazirin ölkə xaricində də mülklərinin və icarəyə verilən biznes obyektlərinin olduğu bildirilir. Xəbərdə qeyd olunur ki, M.Mərdanov xaricdəki obyektlərini də artıq özünün biznes şəbəkəsi kimi işlədir və bu şəbəkəni genişləndirməyə çalışır.
67 yaşılı sabiq nazir yüksək vəzifə ilə vidalaşdıqdan sonra biznes sahəsindəki işlərinə uğurlu startla başlayıb və bu işdə onun bir neçə iri ranqlı məmurlarla ortaqlığının olduğu da deyilir. Həmin məmurlar da vəzifədən alındıqdan sonra M.Mərdanovun əmlakına və obyektlərinə toxunulmadığını, ona rahat yaşamasına razılıq verildiyini görərək sabiq nazirlə işbirliyini davam etdirmək və genişləndirmək qərarına gəliblər.