BolgeXeber.Com » Gündəm » Bakı ilə bağlı Rusiyaya maraqlı təklif

Bakı ilə bağlı Rusiyaya maraqlı təklif

13-08-2013, 14:30
Oxunub: 3 522 Böyük Vətən Müharibəsi zamanı göstərdiyi müsətəsna xidmətlərinə görə Azərbaycan paytaxtına «Qəhrəman Şəhər» statusu verilsin

Məlum olduğu kimi, 1941-1945-ci illərdə Sovet-Faşist Almaniya müharibəsi zamanı Azərbaycanın göstərdiyi xidmətlər danılmazdır. Həmin vaxt müharibəni məhz Bakı neftinin sayəsində udulduğunu keçmiş SSRİ və indiki Rusiya Federasiyasının rəsmi dairələri də təsdiqləyiblər. Hətta bununla bağlı tarixi sənədlərin də olduğu danılmaz faktdır.

Bakının Böyük Vətən Müharibəsi dövründə göstərdiyi müstəsna xidmətləri ilə əlaqədar bir qrup əslən Cənub bölgəsindən olan Azərbaycan vətəndaşları maraqlı təşəbbüslə çıxış ediblər. Həmin məlumatda deyilir ki, təşəbbüsçülər hələ bir müddət əvvəl Rusiya Federasiyasının sabiq prezidenti Dimitri Medvedyevə müraciət ünvanlayıblar. Həmin müraciətdə vurğulanır ki, Azərbaycanın paytaxtı Bakı şəhərinə «Qəhrəman Şəhər» statusu verilməsi təmin olunsun. Bununla əlaqədar Bakının müharibəyə göstərdiyi köməkliklər də bir-bir sıralanıb. Vurğulanıb ki, təkcə neftlə deyil, həmçinin canlı qüvvə ilə də köməklik göstərən Azərbaycan döyüşlərə 400 minə yaxın əsgər göndərib. Müharibədə göstərdikləri xüsusi rəşadətlərinə görə isə 154 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

JAM.AZ-a verilən məlumatda daha sonra qeyd olunur ki, Rusiya Prezident Admnistrasiyası həmin müraciətə cavab verib. Müraciətdə vurğulanır ki, təşəbbüs bəyənilir və bununla əlaqədar olaraq Azərbaycanın Nazirlər Kabinetinə məktub göndərilib. Həmin məktubda isə Azərbaycan Nazirlər Kabinetindən məsələni araşdıraraq, müvafiq sənədlərin Rusiyaya göndərilməsi istənilib. Lakin 2008-ci ildən bəri hələ də bununla bağlı Nazirlər Kabinetinin hansısa addımlar atdığına dair məlumat yoxdur.

Onu da bildirək ki, bu təşəbbüslə əlaqədar 71 saylı Masallı Seçki Dairəsindən deputat seçilmiş Elmira Axundova da Nazirlər Kabinetinə müraciət edib. O bildirib ki, Bakı şəhərinə «Qəhrəman Şəhər» statusunun verilməsi üçün fəaliyyəti sürətləndirmək lazımdır.

Təşəbbüsçülərə rəhbərlik edən Balakişi Hüseynov verdiyi açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı xeyli müddətdir araşdırma aparır və Bakının “Qəhrəman Şəhər” statusu alması üçün lazım olan bütün faktlara malikdir. Onun sözlərinə görə, Böyük Vətən Müharibəsində Azərbaycanın göstərdiyi xidmət o qədər yüksək səviyyədədir ki, bu ad çoxdan verilməli idi. “Amma təəssüf ki, indiyə qədər bu məsələ ilə bağlı kimsə hər hansı bir addım atmayıb. Heç sovet dövründə də kimsənin yadına düşməyib. Bu gün biz təşəbbüskarlıq etməklə mövzunu aktuallaşdırmaqla yanaşı, Bakının haqqının özünə verilməsini istəyirik”.

B.Hüseynov daha sonra qeyd edib ki, yaxın günlərdə Bakıya səfər edəcək Rusiya prezidenti Vladimir Putinlə də görüşmək və ya ona müraciətlərini çatdırmaq niyyətlərindədirlər. Bununla əlaqədar artıq yazılı müraciət də hazırlayıblar.
Bolgexeber.com