BolgeXeber.Com » Gündəm » Öz cəzamız

Öz cəzamız

14-08-2013, 09:45
Oxunub: 3 973 Azərbaycan hakimiyyətinin parametrləri insanda sözün əsl anlamında mərhəmət oyadır. Təsəvvür elə, ayın 12-də ümumi uzunluğu 20 kilometr olan Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olursan, ayın 13-də isə oturub gözləyirsən ki, indi “bir ucu şərqdə, bir ucu qərbdə olan” heyvərə Rusiya imperiyasının prezidenti limanda gəmidən düşüb gələcəkdir.
Təxminən soyuq bulaq suyunda yuyulan armudu stəkana qəfildən qaynar çay tökmək kimi bir şeydir.
Şəxsən mən taleyin bu ironiyasına dözməzdim və Vladimir Vladimiroviçin əlini sıxan anda Zabrat-Buzovna yolunun 4 cərgəli hissəsində quraşdırılacaq işıq dirəklərini xatırlayıb qəhqəhə çəkərdim.
Ancaq bizim hakimiyyət gülmür. Ya gülə bilmir, ya da Putindən qorxurlar. Deyirlər birdən gülərik, sonra Zabrat-Buzovna yolundakı yolötürücüsünün tikintisi yarımçıq qalar. Rusiya o qədər belə ötürücüləri yarımçıq qoyub ki... Ötürücü vacib məsələdir.
Bu arada Milli Şura da toplaşıb və qərara alıb ki, Rüstəm İbrahimbəyov prezidentliyə namizəd olsun. Deyə bilərsiniz ki, burda təzə nə xəbər var, axı deyəsən keçən ay da bu ciddi insanlar bir dəfə toplaşmışdılar, Rüstəm bəyin prezident olmağını istəmişdilər. Əgər desəniz, siyasəti anlamadığınız ortaya çıxacaqdır. Bunlar geopolitika, siyasi qurşaqlar, analizlər, Bjezinskinin şahmat taxtası, Morninqstarın domino masası, canım sənə desin, perspektivlər-zadlardır. Həmin amillər və faktorlar tələb edir ki, Milli Şura hər ay öz prezidentliyə namizədini təzədən irəli sürsün. Hər ay Rüstəm bəyin namizədliyini bir dəfə təsdiqləsələr nəhayət iqtidar da qorxar, namizədin qarşısına çəkdiyi süni baryerləri aradan qaldırar.
Həm də bilirsinizmi, Milli Şurada xeyli vətənpərvər qüvvələr cəmləşibdir. Siyasət tələb edir ki, hər dəfə Rüstəm bəyin namizədliyi bunlardan birinin qərargahındakı iclasda təsdiqlənməlidir. Yalnız bu zaman biz legitim namizəddən danışa bilərik. Məsələn, əgər bundan qabaqkı ay Rüstəm bəy Müsavatın qərargahındakı iclasda prezidentliyə namizəd göstərilmişdisə, indi Klassik Xalq Cəbhəsi Partiyasının (bəh-bəh, bu partiyanın təkcə adına qurban getmək olar) qərargahında namizəd göstərilməsi tam məntiqə uyğun idi. Gələn ay - sentyabrda Rüstəm bəyi El hərəkatının el-obalarımızda fəaliyyət göstərən səyyar tərəkəmə qərargahlarında, o birisi ay ACP-nin Vaşinqton ofisində və sairə - bu şəkildə namizəd irəli sürməliyik. AXCP-nin qərargahı olmadığı üçün orada Rüstəm bəyin namizədliyi verilməyəcək. Məncə bu, siyasi böhrana səbəb ola bilər. Ümid eləyək olmasın. Çünki bu böhran Zabrat-Buzovna yolunun 5-ci kilometrindəki müasir işıq dirəyinin təpəsindəki lampaya mənfi təsir edər.
Belə məqamlarda düşük yazarlar adətən “Öz cəzandır çək, Balaş” tipində bir şeylər uydururlar, ancaq biz belə yazmarıq. Əvvəla, Balaş adından zəhləmiz gedir, ikincisi, Cəfər Cabbarlı yaradıcılığını axırıncı dəfə 25 il qabaq oxumuşam. Gərək təzədən oxuyum. Cabbarlı maraqlı yazıçıdır.
Mövzudan uzaqlaşmayaq. Elə bu anda Sumqayıtdan İmran Kərimlinin məktubu gəldi: “Yaşadığım Sumqayıtda şəhərə xas olan əsas atributlar - tramvay, trolleybus (əvvəllər olub), ictimai ayaqyolular yoxdur. Kinoteatrların binası var, kino isə qəti yoxdur. Teatrların da adları, binaları var, özləri demək olar yoxdur. Yağışda mikrorayonların yolları kənd yollarından daha çox zığlı-palçıqlı olur. Sizcə, belə yaşayış məskəninə şəhər demək olarmı?”
Niyə olmur ki? Lazım gəlsə demək olar.