BolgeXeber.Com » Gündəm » Binəqədi DYP-nin əməkdaşları vətəndaşın maşınını girov saxlayıblar?

Binəqədi DYP-nin əməkdaşları vətəndaşın maşınını girov saxlayıblar?

15-08-2013, 09:00
Oxunub: 4 106 Polis əməkdaşı 650 manat vermədiyinə görə, içkili vəziyyətdə tutduğu vətəndaşın maşınını qanunsuz olaraq 12 gün cərimə meydançasına saxlatdırıb

Binəqədi rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları qanunsuzluğa və özbaşınalığa imza atıblar. Bu barədə JAM.AZ-a şikayət edən Cahid Əsədov bildirib ki, ona qarşı edilən haqsızlıq müqabilində avtomobili 12 gün cərimə meydançasında saxlanılıb.

C.Əsədov bildirir ki, avqustun 1-də içkili vəziyyətdə Binəqədi DYP əməkdaşları tərəfindən saxlanılıb. İdarə etdiyi VAZ 2106 markalı 10 HH 185 dövlət nömrə nişanlı həmin maşından düşürülərək Polis Şöbəsinə aparılıb. «Mənim içkili vəziyyətdə maşın sürməyim qadağan olunmuş haldır və bunun məsuliyyətini dərk edirəm. Hətta maşınımı saxlayaraq, məni Polis Şöbəsinə aparmaqlarına da qəti etirazım yoxdur. Bəli, mən içkili vəziyyətdə maşın sürməməliydim. Amma mənə qarşı edilən haqsızlığı da anlamıram. Əvvəla şəxsi mülküm olan maşınımı əlimdən alaraq, 12 gün cərimə meydançasında saxlamaları qanunsuz idi. Bunun da səbəbi Binəqədi DYP əməkdaşlarının məndən rüşvət istəmələridir».

Avtomobil sürücüsü bildirir ki, onun maşınını saxlatdıran Binəqədi DYP-nin əməkdaşı Etiram adlı şəxs ondan 650 manat pul istəyib. «Mənə dedi ki, 650 manat pul ver, görməzlikdən gələk. Mən də o qədər pulum olmadığımı deyərək, yalnız 500 manat verə biləcəyimi söylədim. Bu sözümdən acığa düşən Etiram məni Binəqədi Polis Şöbəsində 6-cı otağa apararaq, haqqımda protokl tərtib etdi və bildirdi ki, heç vaxt maşın üzü görməyəcəm. Həmin gündən avqustun 13-nə kimi avtomobilimi əlimdən alaraq, cərimə meydançasına qoydurdu».

Cahid Əsədov daha sonra qeyd edir ki, qanunla onun maşınını 24 saatdan artıq cərimə meydançasında saxlamaq mümkün deyil. Eyni zamanda, həmin müddət ərzində o, yazılı razılıq verdiyi şəxs vasitəsi ilə maşınını cərimə meydançasından çıxara bilərdi. Lakin DYP işçiləri ona məhkəmə qərarı olmadan maşınını cərimə meydançasından çıxara bilməyəcəyini deyiblər. «Bu barədə 102 Xidmətinə, Binəqədi Polis Şöbəsinə dəfələrlə müraciət etdim. Amma kimsə şikayətimə baxmadı. 650 manat vermədiyimə görə, başıma bu oyunu açdılar».

Sözügedən şəxs nəhayət problemi həll etmək üçün Binəqədi Məhkəməsinə üz tutub. Orada Anar adlı hakimin köməkçisi Cahid Əsədova bildirib ki, məsələni 500 manata həll etmək olar. «Məhkəmədə məndən 500 manat alıb, qərar verdilər. Həmin qərarı Binəqədi Polis Şöbəsinə gətirdikdən sonra maşınımı buraxmaq məcburiyyətində qaldılar».

Cahid Əsədov daxili işlər naziri Ramil Usubov və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova müraciət edərək, onlardan başına gətirilən qanunsuzluğun araşdırılmasını istəyir.