BolgeXeber.Com » Gündəm » Killer Bakiya gətirildi

Killer Bakiya gətirildi

22-07-2011, 18:30
Oxunub: 5 894
“Azər-Ross” MTK-nın rəhbərini qətlə yetirməkdə təqsirli bilinərək Gürcüstanda saxlanılan killer Bakıya gətirilib.

Məlumata görə, Sahil Şamilov “Azər-Ross” MTK-nın rəhbəri Əflatun Piriyevi qətlə yetirməkdə təqsirləndirilir. O, iyulun 21-də Azərbaycana gətirilib. Digər təqsirləndirilən şəxs Fəriman Hacıyev də Gürcüstanda saxlanılıb. Hazırda onun da Bakıya gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu gün Bakı Şəhər Baş Polis İdarəsi də S. Şamilovun tutulması ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin birgə keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120.2-ci (qəsdən adam öldürmə) və 228.2-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə axtarışda olan Sahil Şamilov tutulub.

Qeyd edək ki, iyulun 11-də saat 13.00 radələrində paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən "Azər-Ross" mənzil-tikinti kooperativində bu qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılmış atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb.

Fakt üzrə cinayət işi başlanaraq DİN və Baş Prokurorluğun peşəkar əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Aparılan prosessual və əməliyyat araşdırmaları ilə məlum olub ki, Əflatun Piriyevin kooperativdə olan payını ələ keçirmək üçün onu öldürmək qərarına gələn həmtəsisçilərdən biri Hümbət Məmmədov bu məqsədlə Rusiya Federasiyasının vətəndaşı Tofiq Bəkirovu Bakıya dəvət edib. Onlar may ayının sonlarında görüşüb qətlin ilkin olaraq 36 000 ABŞ dolları müqabilində həyata keçirilməsinə razılaşıblar. Öz növbəsində, Tofiq Bəkirov sifarişin yerinə yetirilməsini həmyerlisi Fəriman Hacıyevə tapşırıb, sonuncu isə cinayətin icrasına tanışları Sahil və Şamil Şamilov qardaşlarını cəlb edib. Adları çəkilənlər qətlin planını hazırlayaraq Əflatun Piriyevin hərəkət marşrutunu izləyib, ofisini və yaşadığı ünvanı nəzarətdə saxlayıb, iyulun 11-də isə aldatma yolu ilə iş otağına daxil olub onu öldürüb, Əmiraslan Əhmədovu ağır yaralayıb hadisə yerindən qaçıblar.

Cinayətin iştirakçılarının müəyyən edilib saxlanılması üzrə Azərbaycan DİN-in Gürcüstanın müvafiq dövlət orqanı ilə beynəlxalq müqavilələrə uyğun qarşılıqlı hüquqi yardım çərçivəsində birgə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Fəriman Hacıyev və Sahil Şamilov Gürcüstanda yaxalanıb. Digər üç nəfər, o cümlədən Hümbət Məmmədov, Tofiq Bəkirov və Şamil Şamilov Bakı şəhərində tutulublar.