BolgeXeber.Com » Analitika » Sabiq məmurlar indi nə işlə məşğul olur?

Sabiq məmurlar indi nə işlə məşğul olur?

31-01-2014, 14:30
Oxunub: 4 726 Füzuli Ələkbərov, Heydər Babayev, Əlixan Məlikov, Nizaməddin Rzayev və Əvəz Ələkbərovun vəzifədən sonrakı həyatları
Onların bir neçəsi biznes sahəsində fəaliyyət göstərir

Prezidentin imzaladığı sərəncamlarla bu günə qədər onlarla məmur işsiz qalıb. Sözsüz ki, işdən azad edilən keçmiş vəzifə sahiblərinin yetərli hissəsinin maliyyə imkanları yüksək səviyyədədir. Yəni dolanışıqları pis deyil, əksinə çox yaxşıdır. Onlar vəzifədə olduqları vaxtlarda gələcəkləri üçün belə desək «gün ağlayırlar». Vəzifənin verdiyi imkanlardan istifadə edərək müxtəlif ticarət obyektləri tikdirən məmurların sayı kifayət qədərdir. Yüksək postlarda çalışan şəxslər işdən azad olunandan sonra heç də boş dayanmırlar.
«Gündəlik Bakı» qəzeti olaraq vəzifədən «vurulan» məmurların harada və nə işlə məşğul olduqlarını araşdırdıq. İlk öncə keçən ilin oktyabr ayında görəvdən alınan eks-əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdan başlayaq. Bizə verilən xəbərlərə görə, sabiq nazir hələlik heç bir işlə məşğul olmur və vaxtının çoxunu istirahət etməklə keçirir. Hətta nazir dincəlmək məqsədilə işdən azad olunandan dərhal sonra xaricə yollanıb. Keçmiş məmura yaxın mənbələrdən öyrəndiyimiz bilgilərə görə, Füzuli Ələkbərov yenidən «İmprotex Group»un başına keçmək niyyətindədir. Vurğulayaq ki, o, nazir postuna təyin olunana qədər məhz bu şirkətin rəhbəri olub. Nazir keçəndən sonra isə şirkətdəki bütün işlərini, o cümlədən biznesini həyat yoldaşı ilə oğluna həvalə edib. Bəzi mənbələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq rəhbərinin yaxın zamanlarda yenidən vəzifəyə gətiriləcəyini iddia edir. Bu bir tərəfdən inandırıcı, digər tərəfdən isə real görünmür. O səbəbə görə ki, indiyə qədər işdən çıxarılan yüksək rütbəli şəxslərə sonradan heç bir görəv həvalə olunmayıb. Sabiq məmurlardan biri də İqtisadi İnkişaf Nazirliyinin keçmiş rəhbəri Heydər Babayevdir. Vəzifədən kənarlaşdırıldıqdan sonra mətbuata heç bir açıqlama verməyən keçmiş nazirin hazırda Moskvada olduğu deyilir. Xatırladaq ki, Heydər Babayev rəhmətlik Heydər Əliyevin vaxtında vəzifəyə gətirilmişdi. O, 1997-ci ildən Rusiyadakı "Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi işləyib. 1999-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib. 2005-ci ildə isə iqtisadi inkişaf naziri postuna gətirilib. 2008-ci ildə isə tutduğu vəzifədən kənarlaşdırılıb.
O gündən sonra Bakıda az-az görünən Heydər Babayev daha çox Rusiyada yaşayır və bu ölkədəki biznesini idarə edir. «Azəriqaz» Qapalı Tipli Səhmdar Cəmiyyətinin (QTSC) keçmiş sədri Əlixan Məlikovdan da xəbər var. Əldə etdiyimiz məlumatlara görə, sabiq məmur heç yerdə işləmir və biznes obyektlərinin idarəçiliyi ilə məşğul olur. Məlumatlı şəxsin sözlərinə inansaq, Əlixan Məlikovun paytaxt ərazisində bir neçə şadlıq sarayı, super marketi və internet klubları var. 2009-cu ildə Əkbər Hacıyevlə əvəz edilən Məlikov bu yaxınlara kimi yeni vəzifə alacağı ümidi ilə yaşayıb. Amma buna baxmayaraq, ölkə rəhbərliyi ona yenidən etimad göstərməyib. Qeyd edək ki, Əlixan Məlikov qaz sızmasından baş verən aramsız partlayışların güdazına getmişdi. «Azərsu»nun keçmiş sədri Nizaməddin Rzayevlə bağlı əldə etdiyimiz bilgilərdə onun biznes fəaliyyəti ilə məşğul olduğu qeyd olunur. Verilən xəbərə əsasən, vaxtilə «Azərsu»ya rəhbərlik etmiş şəxsin ölkənin bir sıra rayonlarında fermer təsərrüfatı, həmçinin Bakıda yüzdən çox ticarət obyekti var. Nizaməddin Rzayev də «vurulan» bəzi məmurlar kimi müxtəlif şəxslərə yenidən hansısa quruma rəhbər qoyulması ilə bağlı xahiş edib. Lakin bu arzusu gerçəkləşməyib. Uzun müddət yüksək vəzifələrdə çalışan sabiq maliyyə naziri Əvəz Ələkbərov isə hazırda elmi fəaliyyətlə məşğul olur. Mediaya verdiyi açıqlamada keçmiş nazir iqtisad elmləri doktoru dissertasiyasını müdafiə etdiyini, iqtisadiyyatla bağlı iki kitabının işıq üzü gördüyünü deyib. O həm Bakıda, həm də İstanbulda yaşayır. Elmi araşdırmalarla yanaşı, özəl sektorda da fəaliyyət göstərir.
Növbəti saylarımızda vəzifədən azad olunan digər şəxslərin nə işlə məşğul olduğunu araşdıracağıq.