BolgeXeber.Com » Analitika » Canpoladın haram pulları – Hekayə

Canpoladın haram pulları – Hekayə

4-02-2014, 07:50
Oxunub: 4 161 Bəs nə üçün Canpolad çantanı arvadına vermək istəmirdi?

Canpolad müəllimin əhvalı həmişə yaxşı olardı. Bu dəfə evə gələndə kefi bir az da kökəlmiş, çiçəyi çırtlamışdı kişinin. İki gün əvvəl aldığı bahalı avtomobili həyət qapısından içəriyə salıb, ehtiyatla qaraja sürdü. Elə bil arxadan qovurdular, əl çantasını götürüb iti addımlarla tələsik mənzilə tərəf üz qoydu. Ayaqqabılarını yenicə çıxarmışdı ki, mənzilin giriş qapısı üzünə açıldı. Nargilə xanım ərinin qolundan tutub içəri çəkdi. Əlindəki çantanı almaq istədi. Amma Canpolad müəllimin şıltaqlığı tutdu, çantanı əlindən buraxmaq istəmədi. Bərk-bərk qucaqlayıb qonaq otağına keçdi. Ərinin bu hərəkətinə mat-məəttəl qalan arvadı da onun arxasınca özünü içəri təpdi.

Düzdür, hərdən Canpoladın belə zarafatları olar, Nargilə də elə bunu zarafat hesab eləyib gülümsəyərdi. Nədənsə bu dəfə ona elə gəldi ki, əri zarafat-zad eləmir. Deyəsən, zəndi aldatmamışdı Nargilə xanımı. Ərindən incisə də, açıb ağartmadı, azacıq gülümsəyib işin axırını gözlədi. Canpolad da elə-belə adam deyildi, arvadının təbəssümünün süni olduğunu, sifətinin ifadəsindən incidiyini dərhal hiss elədi. Amma özünü o yerə qoymadı. Daha ciddi görkəm alıb, lap çoxdandır ki, görmürmüş kimi, diqqətlə Nargilənin çöhrəsinə baxdı. Bir neçə saniyədən sonra, nəhayət, nəzərlərini qadından çəkib hələ də əlində saxladığı çantaya yönəltdi. Onu masanın üzərinə qoyub ağzını açmağa başladı. Artıq buna öyrəşən qadın işin nə yerdə olduğunu anladı.

Bəs nə üçün Canpolad çantanı arvadına vermək istəmirdi? Qadının anlamadığı bir şey varsa, o da bu idi. Ancaq iş işdən keçmişdi. Bir də ki, Nargilə xanım ucundan tutub ucuzluğa gedən adam deyildi. Elə gözaltı ərinin hərəkətlərinə göz qoydu. Canpolad çantanı açanda qadın gözlərinə inanmadı. Çanta ağzına qədər pulla dolu idi. Düzdür, Nargilə pula tamarzı deyildi. Hardan aldığı məlum olmayan pulları Canpolad evə tez-tez gətirər, o da bu qədər pulun hardan gəldiyi ilə maraqlananda ağızucu, “sənin nə işinə qalıb, lazımındırsa, götürüb xərclə”, – deyə əri astadan mızıldanardı. Amma budəfəki əvvəlkilərdən deyildi, elə bil çantanın üstünə çıxıb ayaqlamışdılar. Qadın bir tərəfdən sevinsə də, digər tərəfdən əzab çəkirdi. Nargiləni narahat edən həm də bu qədər pulun banklarda deyil, evdə saxlanması idi. Hər dəfə bunu ərinə irad tutanda Canpolad bir bəhanə ilə onu sakitləşdirərdi. İndi isə qadın sakitləşəcək halda deyildi. Pulları görən kimi, ərindən izahat tələb etdi:

– Bu qədər pulu hardan almısan, əşi?

Canpolad adəti üzrə eyni sözləri təkrarladı. – Ay arvad, sənlik deyil, qoysana adam kimi ömür sürək, – dedi. Nargilə yenə də əl çəkmədi:

– Əlinin altında işlətdiyin fəhlələr də yaşamaq istəyirlər, onların da uşaqları var, Allah göydən baxır, daha bəsdir biçarələrin əməyini zay elədiyin…

Qadının dedikləri Canpoladın vecinə də deyildi. Hirslənib özündən çıxdı, arvadının sözünü kəsdi:

– İndiyə qədər nəyin hesabına cah-calal içərisində yaşamışıq, ay tünbətünün qızı, bunu fikirləşmisən?

Qorxudanmı, ya nədənsə Nargilə dilini bir az aşağı qoydu. Səsinin tonunu xeyli alçaldaraq dedi:

– Daha niyə acığın tutur? Dost-düşmən var, heç olmasa pulları bankda saxlaya bilərsən axı.

Canpoladın da əsəbləri sakitləşdi. O da səsinin yumşaq yerinə saldı, hələ üstəlik, bayaq işlətdiyi “tünbətün” sözünü “rəhmətlik”lə əvəzlədi:

– Ay rəhmətliyin qızı, özün bilirsən ki, hər günorta o pullara baxmasam, canım çıxar, infarkt vurar məni.

Kişi bir qədər fikrə gedib əlavə etdi:

– Bu boyda imarətdə əməlli-başlı təmir olunası otaqlar var, usta çağırmışam, sabah günortaya yaxın işə başlayacaqlar.

Canpolad Nargilənin yaralı yerinə toxunmuşdu. Qadın çoxdandır ki, otaqları təmir etdirmək istəsə də, əri xəsis yerinə salıb aydan-aya, ildən-ilə ötürürdü. İndi ərindən bu sözü eşidəndə sevincindən az qaldı ki, çırtıq çalıb oynasın. Səsini içinə salıb təmir ustalarının gəlişini gözlədi…

Nargilə gecəni düz əməlli yata bilməmişdi. Narahatçılığı da onda idi ki, birdən Canpolad uşaqları işlədib zəhmət haqqını verməz, ya da qəpik-quruşla başlarını aldadar. Qadın belə nainsaf işləri ərindən gözləsə də, sözün başına ip salmaq, hələ baş verməyən hadisəni qabaqlamaq istəmədi. Səhəri birtəhər açıb, ustalar gələnə qədər təmir olunacaq otaqları boşaltmağa başladı. Canpolad isə iş yerindən ustaları da özü ilə götürüb təmir üçün lazım olan tikinti materiallarını almağa yollandı…

Artıq bir aya yaxın idi ki, Canpoladın evində təmir işləri gedirdi. Bir-iki günə yekunlaşacaqdı. Ev sahibinin könlüncə alınsın deyə, ustalar təmir üçün can qoymuşdular. Amma bu bir ayda Canpolad qəpik də verməmiş, hər dəfə bir bəhanə ilə ləngitmiş, əlavə işlər gördürmüş, təmir tamamilə başa çatandan sonra, “mənim sizə borcum yoxdur” – deyib ustaları qapıdan qovmuşdu. Ustalar da bir aya yaxın onun qapısına ayaq döymüşdülər.

Ustaların əziyyəti, ah-naləsi sanki kişinin vecinə də deyildi, dediyini deyib dururdu. Kiməsə şikayət etməyə yerləri də qalmamışdı fağırların. Axırda cana doyub son dəfə Canpoladın qapısına gələrək: – Evin başına uçsun, içində sağ-salamat yaşamayasan, çəkdiyimiz əziyyət haramın olsun, – deyib əl çəkmişdilər. Canpolad da ucadan qəhqəhə çəkib: – Nə halal-haram salmısız, ala, cəhənnəm olub gedin burdan, – deyərək onları yenə də qapıdan qovmuş, üstəlik, polislə hədələmişdi. Nargilə də ərinin xasiyyətinə bələd olduğu üçün bir tərəfə qısılıb için-için ağlamış, nə vaxtsa bu insafsızlığın əvəzi olaraq başlarına gələcək bəlanı gözləmişdi. Qadın gecənin birində vahiməli yuxu da görmüş, səhərisi gün yuxusu çin çıxmış, işlədiyi məktəbdə ikən evinin və ərinin tamamilə yandığını eşitmişdi. Səs-küy eşidib yanğını söndürməyə gələn yaxın qonşuların dediyinə görə, günorta saatlarında evə gələn Canpolad onların təkidinə baxmayaraq, alovlanan mənzilə daxil olub pullarını xilas etmək istəyərkən yanıb külə dönmüşdü.
Nəriman Mahmud, yazıçı-publisist