BolgeXeber.Com » Analitika » Ruhumu necə xilas edim...

Ruhumu necə xilas edim...

18-02-2014, 06:40
Oxunub: 4 145 Mən sadəcə ruhumu xilas etmək istəyirəm...

Bəzən düşünürəm ki, Azərbaycanda hər şey olduqca sünidir. Süni qidalar, süni mətbuat , süni seçkilər, süni seriallar, süni telekanallar, süni qiymət artımı, süni statistik rəqəmlər, süni inkişaf... Bu siyahını çox davam etmək olar, ancaq ehtiyac yoxdur. Ən dəhşətlisi isə bizdə adamların ümumən süni olmasıdır. Süni vətənpərvərlik ,süni həmrəylik, süni gülüşlər, süni alqışlar .... Bu siyahını da çox davam etmək olar. Hələ onu demirəm ki, ölkədə seçkilərdən, sorğulardan tutmuş, mükafat fondu kiçicik olan müsabiqələrəcən hər şey saxta və sünidir. Bu sünilik nəinki insanların danışığına , hətta davranışına, həyat tərzinə belə sirayət edib.

Biz görmüşük süni göllər , süni peyk olur, ancaq bizdə çox müvəffəqiyyətlə çoxmilyonlu süni vətəndaş ordusu formalaşdırılıb. Sünilik fərdlərin canına o qədər hopub ki, artıq cəmiyyətimiz də süni bir cəmiyyətə çevrilib. Cəmiyyətimiz irəlidəki təhlükələri hiss etmədiyindən artıq ölkədə baş verən ciddi siyasi hadisələr əksəriyyətin heç vecinə də deyil. Bəzən fikirləşirəm ki, əgər oxuyan yoxdursa , sağlam düşünən adamların sayı barmaqla sayılası qədər azdırsa mən nə üçün, daha doğrusu kim üçün yazıram?!

Detallarına varmayacam. Yazı mənalı olsun deyə “ağıllı” sözlərdən, mənalı cümlələrdən istifadə etmək istəmirəm. Çünki hər şey süni olduğu qədər də mənasızdır. Hərdən adam baş götürüb çıxıb getmək istəyir buralardan . Bu bir qədər sadəlövh səslənsə də, elə ölkəyə ki, orada səmimi insanlar var , hansıların ki, gülüşləri də, ciddiliyi kimi süni deyil. Ancaq burada səmimi olub yetərli pul qazanmaq da çətindir deyə harasa çıxıb getmək də maddi cəhətdən müşkül məsələdir. Mən get-gedə intihar edən adamları başa düşməyə başlayıram. Onlar əslində çox nikbin insanlardır; bəlkə də onlar reallığı necə var elə də qəbul edirlər, özlərinə süni toxtaxtlıq vermirlər. Ölkəyə milyardlarla neft gəlirləri gəlir. Məsələ bunda deyil. Bu milyardlardan sadə insanlara qəpik-quruş çatır. Ancaq məsələ heç bunda da deyil. Məsələ ondadır ki, bizim hisslərimiz də , düşüncəmiz də , etirazımız belə süniləşib. Son zamanlar televizora demək olar ki, baxmıram. Televiziya deyəndə təbii ki, xarici kanalları nəzərdə tuturam. Bizim kanallara zatən baxmağa dəyməz.

İnternetdə Afrika, Amazon cəngəlliklərində qəbilə halında , təcrid olunmuş vəziyyətdə yaşayan , ancaq bunla belə çox səmimi olan insan topluları , Avropa ölkələri haqda , hətta heyvanlar haqda çəkilmiş sənədli filmlərə baxanda içimdə bir rahatlıq tapıram. Virtual da olsa sevdiyim Çexiyanı, Parisi, gəzmək mənə xoş gəlir. Ancaq bilirəm ki, o yerləri gedib gəzməklə iş düzələn deyil. Məsələ onda deyil ki, arzular həyata keçəndə bu adam üçün adiləşir. Bu da var. Ancaq əsas məsələ odur ki, insanın doğma ölkəsi xoşbəxt deyilsə onun vətəndaşı hara getsə də özünü rahat hiss edə bilməz. Çünki şəxsi xoşbəxtlik vətəndaş kimi özünü xoşbəxt hiss etməkdən keçir. Mən ölkədəki sünilikdən baş götürüb çıxıb getmək istəyirəm... Ancaq elə bilməyin ki, canımı qurtarmaq istəyirəm. Mən sadəcə ruhumu xilas etmək istəyirəm...

İmran Kərimli