BolgeXeber.Com » Analitika » Ziya Məmmədovun əmlakı əlindən alınır?

Ziya Məmmədovun əmlakı əlindən alınır?

22-02-2014, 05:40
Oxunub: 4 362 Son illər nəqliyyat nazirinin xeyli obyekti əl dəyişdirib; onun vaxtaşırı nağd pulla da imtahana çəkildiyi deyilir; bu yaxınlarda nəqliyyat şefinə hakimiyyətin xarici təhlükələrdən qorunması adı altında xeyli nağd vəsait ödətdirilib
Nəqliyyat naziri Ziya Məmmədova məxsus biznes strukturlarının “milliləşdirilməsinə” start verilib. Proses 2012-ci ilin sonlarından başlayıb və hazırda davam edir. Ziya Məmmədova məxsus biznes strukturlarının bir hissəsi “Bakı” Futbol Klubunun prezidenti, Bağlan-Holdinqin sahibi Hafiz Məmmədovun kurasiyasına keçib. Bu barədə “Yeni Müsavat”a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub.


İndiyə qədər də nəqliyyat nazirinə məxsus biznes strukturlarının əlindən alınması ilə bağlı məlumatlar var idi. Ötən ilin yanvarında nazirə məxsus “Bank of Azerbaijan” ASC-nin səhmlərinin ondan alınaraq, bankdakı şəriki Hafiz Məmmədova verilməsi barədə iddialar rəsmən təsdiqini tapdı. O vaxta qədər bankın əsas səhmdarı nazirə məxsus “ZQAN Holding” (indi adı dəyişdirilərək “Qaranat Holdinq” olub) idi. Ötən ilin yanvarında holdinqin səhm paketi H.Məmmədovun oğlanlarına verildi. Alqı-satqı faktını mediaya açıqlamasında holdinqin İdarə Heyətinin sədri Vaqif Həsənov təsdiqləmişdi:

“Demək olar ki, ”Bank of Azerbaijan" artıq “ZQAN Holding”in tərkibində deyil. Biz payı tərəfdaşımıza - digər səhmdara satmışıq. Bu, bir neçə fiziki şəxsin daxil olduğu strukturdur. Sövdələşmə ötən ilin (2012-ci ilin - red.) ortalarında başlayıb. Yeni sahib artıq bankı tam idarə edir. Biz inkişaf etmək və sektorların birində birinci olmaq istəyirik. Hazırda holdinq ərzaq sektorunu prioritet hesab edir".



Bunun ardınca bankın rəsmi saytında səhmdarların səhm zərfinin yeni sahiblərinin adları açıqlandı - bankın 87,26 faiz səhmi Hafiz Məmmədovun oğlanlarının adına rəsmiləşdirilib - Məmmədov Sənan Hafiz oğlu 43,63 faiz, Məmmədov Kənan Hafiz oğlu 43,6 faiz.
Bundan sonra, nəqliyyat nazirinə məxsusluğu iddia edilən, Biləcəridə yerləşən “Delfin” otelinin də Z.Məmmədovdan alınaraq H.Məmmədova verilməsi haqda məlumatlar yayıldı. Məlumatlara görə, H.Məmmədovun “Delfin” otelində də şərikliyi olub. Ancaq sonradan otel və Hafiz Məmmədova məxsus “Bakı” klubunun balansına verilib.

Qəzetimizi bilgiləndirən mənbə iddia edir ki, nazirin əmlakının “milliləşdirilməsi” prosesi hələ də davam edir, onun biznes strukturların tədricən əlindən alınır. Eyni zamanda nazirin əmlakının tam miqyasını müəyyənləşdirmək üçün xüsusi auditorlar qrupu fəaliyyət göstərir. Onun biznes strukturlarında əl dəyişməsi prosesi gedir.

Ən başlıcası isə Z.Məmmədovun sərəncamındakı inzibati resurslar da əlindən alınır. Bu ilin dövlət investisiya proqramı çərçivəsində nəqliyyat nazirinə ayrılan 1,3 milyard manat vəsaitin də çox az bir qisminə Z.Məmmədov sərəncam verəcək. Z.Məmmədovun ən böyük inzibati resursu olan “Azəryolservis” ASC (səhmlərinin 100 faizi Nəqliyyat Nazirliyinə məxsus ASC yol tikintisi və təmiri ilə məşğuldur) artıq onun nəzarətindən çıxarılıb.
Mənbənin iddiasına görə, 1,3 milyard manatın 1 milyarddan çoxunu “Azəryolservis” xərcləyəcək və bununla bağlı hesabatı da yuxarılara məhz ASC-nin sədri verəcək. Yol biznesinin əlindən alınması Z.Məmmədovun maliyyə qaynaqlarının ən azı 70 faizinin qapadılması deməkdir. Çünki yol layihələrində korrupsiya riskləri yüksək olur. Ancaq məsələ bununla da bitmir.

Z.Məmmədovun bu ayın əvvəlində qardaşı, Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən “MMC 85" adlı qurumun rəhbəri Nəriman Məmmədovu da yuxarıların təzyiqi ilə vəzifəsindən uzaqlaşdırdığı iddia edilir. MMC nəqliyyat nazirinin əsas maliyyə qaynaqlarından biri olduğundan müəssisəni başqalarına etibar etməyərək qardaşını ora rəhbər təyin etmişdi. Ancaq bu maliyyə qaynağı da əlindən alınıb. İndi nazirin sərəncamında olan başqa biznes strukturlarını da oxşar aqibət gözləyir.



Mənbənin məlumatına görə, Z.Məmmədovu hakimiyyətdə güclü maliyyə və inzibati rıçaqlara sahib olan Naxçıvan klanı təqib edir. Onun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun orta statistik azərbaycanlı gəncindən müqayisə olunmaz dərəcədə fərqlənən, ərəb şeyxlərinə bənzər həyat tərzi barədə məlumatların tirajlanması da bu təqiblərin bir komponenti idi. Maraqlı qrup bu məlumatların mediada yayımlanmasına qərar verib. Deməli, bununla siyasi rəhbərliyə Məmmədovlar ailəsinin harın həyat tərzi keçirməsini nümayiş etdirmək və öz təqiblərinə haqq qazandırmaq istəyirlər. Bu məlumatlar yayımlandıqdan sonra Aynar Məmmədov yalnız hakimiyyətdə söz sahibi olmayan bir deputat və işlədiyi Milli Məclisin mətbuat xidmətinin rəhbəri səviyyəsində müdafiə olundu. Hakimiyyətin çətiri altında olan saytlar da bu məsələyə etinasız yaraşdılar. Bunun ardınca hakimiyyətə yaxın saytlarda Z.Məmmədovun Zərdabda polis rəisi işləyən qohumu barədə kompromatlar yer aldı. Yenə heç bir media quruluşu naziri müdafiə etmədi. Bu onu göstərir ki, media resurslarına sahib olmayan Z.Məmmədovun təqibi getdikcə güclənir. Böyük ehtimalla nəqliyyat nazirinin sərəncamında olan biznes strukturlarının və inzibati resurslarının əhəmiyyətli hissəsini əlində almaq, onun energetika naziri Natiq Əliyev kimi dişsiz bir nazirə çevirmək istəyirlər. Hər halda ən minimum məqsəd bu ola bilər.

Mənbənin ehtimalına görə, Z.Məmmədov sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin aqibətini da yaşaya bilər. O dövrün qüdrətli oliqarxlarından olan, “ABU-holdinq”-in sahibi H.Babayevin obyektləri 2007-ci ilin birinci yarısından başlayaraq “milliləşdirilməyə” başladı. Proses təxminən 18 ay davam etdi və 2008-ci ilin prezident seçkisindən sonra formalaşan yeni hökumətdə H.Babayev yer almadı.

Hakimiyyətin xarici və müəyyən qədər də daxili təhlükələrdən qorunması üçün vaxtaşırı xeyli maddi vəsaitə ehtiyac olur. Məlumata görə, bu məsələlər ortaya çıxanda bir çox nazir-oliqarxlar, həmçinin Z.Məmmədov xeyli “xərcə” düşməli olurlar. Deyilənlərə görə, nəqliyyat naziri bu yaxınlarda növbəti dəfə xeyli məbləğdə bu cür “xərcə” salınıb. Keçmiş olsun...ovun əmlakı “milliləşdirilir”