BolgeXeber.Com » Analitika » Ərdoğanın Bakıdakı növbəti hədəfi - Rövnəq Abdullayev

Ərdoğanın Bakıdakı növbəti hədəfi - Rövnəq Abdullayev

20-03-2014, 06:10
Oxunub: 6 718 İlham Əliyevə məxfi dosye verilib

Türkiyənin baş naziri nurçuların Azərbaycan hakimiyyətində şəbəkələşməsi barədə MİT-in məlumatlarını Soçidə prezidentə şəxsən təqdim edib; paralel araşdırma isə xaricdən hakimiyyət daxilinə sızmaları təsdiqləyib və bundan sonra qəti hərəkətə keçilib, davamı da olacaq...
Türkiyədə ötən ilin dekabr ayının 17-də hökuməti silkələyən həbslərlə başlayan Gülən-Ərdoğan qarşıdurmasının Azərbaycana sıçraması hakimiyyət daxilində də ciddi narahatlıq yaradıb. Nurçuların Azərbaycanda da şəbəkələşməsi barədə saysız-hesabsız iddiaların ardından Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun vəzifədən kənarlaşdırılması bu prosesin hələ başlanğıcıdır.


Bu istiqamətdə aldığımız məlumat Azərbaycanda hakimiyyət daxilində ciddi ələnmə olacağını təsdiqləyir. Məlumata görə, bizdə daha çox “nurçu” deyilən “Hizmət” hərəkatı tərəfdarlarının Azərbaycanda şəbəkələşməsi barədə Türkiyə istihbaratının siyahısı və bizim tam təfərrüatını bilmədiyimiz məxfi dosye şəxsən prezident İlham Əliyevə təqdim edilib. Qaynağımız deyib ki, bu dosyeni Azərbaycan prezidentinə fevral ayının 7-də Soçidə Qış Olimpiya Oyunlarının açılışına gəlmiş Türkiyənin baş naziri Ərdoğan şəxsən təqdim edib. Maraqlıdır ki, prezidentin Soçidə bir sıra dövlət nümayəndələri ilə görüşü barədə rəsmi xəbər olsa da, məhz Ərdoğanla görüş barədə məlumat mediaya verilməyib.
Türkiyə hökumətinə 30 mart seçkisi ərəfəsi daxildən ciddi zərbə vuran məmur övladlarının həbsləri Ərdoğanı məyus etməklə yanaşı, “Hizmət” hərəkatına qarşı həm də bir savaş açmağa sövq edib.



Bu savaş isə təkcə Türkiyə daxilindən deyil, Ərdoğanın ifadəsi ilə desək, “Pensilvaniyadan idarə olunan dəzgah”ın xaricdəki şəbəkələrinin də üzə çıxmasını vacib edib. Məlumatlı mənbənin dediyi budur ki, Azərbaycan hakimiyyətini də təhdid edə biləcək “nurçu şəbəkə” barədə Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) hazırladığı dosyeni İlham Əliyevə şəxsən Ərdoğan hələ fevralda təqdim edib. “Diqqət etsəniz, məhz fevralın sonlarında Azərbaycanda nurçuların şəbəkəsi barədə informasiya axını başladı. Bu məlumatlar sırasında hətta yeni müdafiə naziri Zakir Həsənovun təyinatına hörmətli ruhani Fətullah Gülənin reaksiyasını əks etdirən telefon söhbətinin audioyazısı da vardı. Həmin telefon söhbətində Fətullah Gülənin yeni təyin edilən müdafiə nazirinə məktub göndərdiyini deməsi əks olunmuşdu.



Bundan sonra artıq nurçularla bağlı məlumatlar daha da konkretləşdirildi. Artıq konkret adlar - onların sırasında Gülən dərshanələrinin SOCAR-ın himayəsi altında olması barədə sensasion və təsdiqlənmiş məlumat da vardı - çəkilməyə başladı", deyə, mənbəmiz bildirib.



Ərdoğanın belə bir dosye verdiyini E.Aslanovun vəzifədən çıxarılandan sonra prezident İlham Əliyevə zəng etməsi barədə təkzib olunmayan məlumatlar da təsdiqləyir. Xatırladaq ki, həmin xəbərdə bildirilirdi ki, Türkiyənin baş naziri Ərdoğan Azərbaycanda da şəbəkələşən nurçuların neytrallaşdırılması prosesinə başlandığına görə İlham Əliyevə təşəkkür edib. Mötəbərliyinə şübhə olmayan mənbəmizin iddiasına görə, Ərdoğan telefon zəngi zamanı bildirib ki, “Hizmət” hərəkatı Türkiyədə qanuni hakimiyyətə qarşı basqılarında Azərbaycandakı şəbəkəsinin imkanlarından geniş istifadə edir. Belə ki, son bir neçə ildə Azərbaycandakı nurçu şəbəkənin maliyyə imkanları hesabına Türkiyədə bir neçə güclü QHT, araşdırma mərkəzi, institut yaradılıb, media orqanları təsis edilib.



“SOCAR-Türkiyə”nin, Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və Strateji Araşdırmalar Mərkəzinin resursları hesabına fəaliyyət göstərən bu təşkilatlar və media “Hizmət” hərəkatının səsinə səs qataraq Türkiyə ictimai rəyinin Ərdoğan iqtidarına qarşı yönəldilməsinə ciddi dəstək verib. Türkiyənin baş naziri Elnur Aslanovun görəvdən alınması ilə başlanan prosesin Azərbaycandakı nurçu şəbəkə tam müəyyənləşdirilib neytrallaşdırılana qədər davam etdirilməsini arzulayıb. Ərdoğan qeyd edib ki, E.Aslanov nurçuların istəklərinin icrası ilə məşğul olub. Ancaq onun arxasında duran və idarə edən daha ciddi qüvvə hələ də fəaliyyətdədir.

Mənbənin məlumatına görə, prezidentə belə bir dosye verildikdən sonra hakimiyyət daxilində xüsusi qrup olduqca məxfi araşdırma başlayıb. Adı dosyedə keçən və “nurçu şəbəkə”yə bağlılığı güman edilən şəxslərin, qurumların, hakimiyyətyönlü QHT-lərin, media orqanlarının geniş siyahısı hazırlanıb. Hakimiyyət daxilində şəbəkələşmiş nurçuların Türkiyə və xaricə edilən bütün telefon bağlantıları, elektron yazışmaları, xaricdəki təmasları, belə desək, “didik-didik” edilib.



Araşdırma nəticəsində üzə çıxmış mənzərə hakimiyyətin birinci şəxsini ciddi heyrətləndirməklə bərabər, həm də narahat edib. Hakimiyyətində təmsil olunanların xarici bağlantılarına hər zaman həssas yanaşan və mümkün sızmaları həmişə ciddi kontrolda saxlayan, məlumat təsdiqlənərsə, həmin adamı heç vaxt bağışlamayan İlham Əliyevin bundan sonra qəti hərəkətə keçdiyi deyilir. “Türkiyə istihbaratının məlumatları ilə Azərbaycan prezidentinin nəzarətindəki araşdırmanın nəticələri üst-üstə düşüb və bəlkə də şəbəkənin daha təhlükəli planlarının üstünü açıb” deyə, qaynağımız bildirib.

“Daha təhlükəli” dedikdə nəyin nəzərdə tutulduğunu iddia etmək çətindir. Çünki nurçular nə qədər indi hədəfdə olsalar da, bu şəbəkənin silaha deyil, ağıla güvəndikləri təsdiqlənmiş faktdır. Onlar Azərbaycana yeni və keyfiyyətli təhsil standartları gətiriblər, ölkəmizə gəldikləri ilk gündən etibarən Əliyevlər hakimiyyətini dəstəkləyiblər, onların bir sıra xarici müşküllərinin həllində və lobbi siyasətinin qurulmasında dəstəkçi olublar. Tək bir fakt da yoxdur ki, Azərbaycandakı nurçular Əliyevlərin müxalifləri ilə təmasda və işbirliyi içində olsunlar.

Amma Azərbaycan hakimiyyətinin kənar müdaxilələrə az qala “təhlükəli və öldürücü virus” qədər həssas yanaşması da faktdır. Bu səbəbdən “təhlükəli” ifadəsinin altında “dövlət içində paralel dövlət” də ola bilər, “dövlət çevrilişinə cəhd” də. Bu səbəbdən yaxın günlərdə hakimiyyət daxilində nurçularla bağlı əməliyyatın daha da genişlənməsini və sensasion sayıla biləcək istefaların, bəlkə də həbslərin olacağını proqnozlaşdırmaq olar.



Ərdoğanın Azərbaycan prezidenti ilə telefon danışığında Elnur Aslanovun görəvdən alınması ilə başlanan prosesin nurçu şəbəkə tam müəyyənləşdirilib neytrallaşdırılana qədər davam etdirilməsini arzuladığı barədə dedikləri bu əməliyyatın davamının olacağının anonsu da sayıla bilər. Bu sırada Tayyib Ərdoğanın əsas hədəfinin SOCAR rəhbəri Rövnəq Abdullayev olması barədə mötəbər bilgilər var. Lakin bizdəki məlumata görə, Azərbaycanın bir neçə naziri hazırda şübhə altında qalıb.

Mənbəmiz Ərdoğanın “Elnur Aslanovun arxasında duran və idarə edən daha ciddi qüvvə hələ də fəaliyyətdədir” sözlərinə diqqət çəkərək yekunda bunları deyib: “Elnur Aslanovun işdən çıxarılması ilə bağlı prezident sərəncamının AzTV-də oxunmaması sensasiya sayıla bilər. Prezidentin sərəncamının ”unudulması" mətbuatda da müxtəlif versiyalara səbəb olub. Amma bunun səbəbini yenə də hakimiyyət daxilində daha yaxşı bilirlər. Bu fakt da onu göstərir nurçu şəbəkənin daha ciddi qüvvələri hələ də fəaliyyətdədir iddiası əbəs deyil".

Ölkədə bu gündən bir həftəlik mart tətili başladı. Maraqlıdır ki, mart ayı həmişə Azərbaycan üçün təlatümlərlə yadda qalır: 1995-ci ilin OMON qiyamı, Elmar Hüseynovun qətli, büdcənin mart müzakirələrində parlamentdə məlum davadan sonra Hüseyn Abdullayevin həbsi və sair...Bu dəfə nə olacaq? Gözləyək...
musavat.com