BolgeXeber.Com » Analitika » Cavid Qurbanovun möhtəşəm villa və qəsrləri

Cavid Qurbanovun möhtəşəm villa və qəsrləri

24-03-2014, 05:25
Oxunub: 6 870 Oliqarx millət vəkilinin bu qədər təmtərağı və biznes strukturlarını hansı pulla əldə etməsində korrupsiya izləri…

Ondan başlayaq ki, “Azəryolservis” ASC rəhbəri Cavid Qurbanovun Bakının bir sıra ərazilərində özünə təmtəraqlı villalar inşa etməsi, mənzillər alması hamıya məlumdur.
C.Qurbanovun təmtərağına görə seçilən imarəti paytaxtın “Vişnyovka” deyilən ərazidə yerləşir. Bu villa üslubuna, təmtərahına görə nəinki C.Qurbanovun özü üçün inşa etdirdiyi tikililərdən, demək olar ki, Azərbaycan məmurlarının inşa etdirdiyi bütün saraylardan seçilir. Ərazidə yaşayanlar əvvəlcə elə bilirdilər ki, burada səhiyyə ocağı tikilir. Əslində bu məlumatlar C.Qurbanovun əlaltıları tərəfindən yayılmışdı. Buna səbəb isə bu villanın sahibinin kimliyini gizlin saxlamaq idi. Lakin çox keçmədi ki, hər şey bəlli oldu.
Varlılar məhəlləsinin sakini

Cavid Qurbanovun tikililəri təkcə bu villa ilə məhdudlaşmır. Belə ki, mənbənin dediyinə görə, onun Badamdar qəsəbəsində də qəsri var.Bu qəsəbə özünün bir sıra xüsusiyyətləri ilə seçilir. Burada Varlılar məhəlləsi yaranıb. 3-4 mərtəbəli villalardan birini də “Azəravtoyol” Departamentinin rəhbəri Cavid Qurbanov inşa etdirib. Villa C.Qurbanovun tabe olduğu nazirliyin şefinə və bir sıra məmurlara məxsus xan saraylarına yaxın ərazidə inşa edilib.
Yaşayış məqsədilə tikilən villalarla yanaşı, C.Qurbanovun özü üçün inşa etdirdiyi başqa istehsal müəssisələri, təsərrüfatlar da mövcuddur. Belə obyektlərdən bir neçəsilə oxucularımızı tanış etmək etmək istərdik.
Gəlir gətirən obyektlərdən biri “Fidan” restorandır. Bu restoran həm də şadlıq sarayı kimi fəaliyyət göstərir. Əvvəllər bura şadlıq sarayı idi. İndi həyətində kiçik evciklər tikilir. Deməli, obyekt restoran kimi fəaliyyətini genişləndirmək istəyir. Onu da vurğulamaq yerinə düşər ki, bu obyekt təkcə C. Qurbanovun deyil. Nəqliyyat naziri Z.Məmmədovun sözügedən obyekti C.Qurbanovla şərikli “işlətdikləri” barədə informasiyalar var.
Ümumiyyətlə, nazirlə departament rəhbərinin şərikli işləri bununla bitmir. Məlumata görə, bu yaxınlarda kütləvi şəkildə astar və üzlük alçıları, daş – mərmər plitələr və s. əsaslı, kosmetik təmir üçün lazım olan tikinti materialları istehsal edəcək şirkət fəaliyyətə başlayacaq. Bu obyekti də C. Qurbanovun Z.Məmmədovla şərikli yaratdıqları barədə məlumatlar əldə etmişik. Bu barədə növbəti sayımızda məlumat verəcəyik.
C. Qurbanovun başqa bir obyekti isə Binəqədi rayonu ərazisində yerləşir. Həcminə görə çox böyük istehsal gücünə malik olan bir dəyirman inşa edilib ki, buna da C.Qurbanov özünün başqa bir şəriki ilə idarə edəcək. Dəyirmanın ikinci şəriki biznesmen kimi ad çıxaran R.Rzayevdir. həmin şəriklər başqa ərazilərdə də obyektlər yaradıblar.
“Vurulan” kadrın müəmmalı dirçəlişi
Bəllidir ki, mərhum prezident Heydər Əliyevin fərmanı ilə C. Qurbanov işdə yol verdiyi ciddi nöqsanlara görə, “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilib. Uzun sürməyən işsizlikdən sonra cənab Qurbanov “Azərdəmiryoltikintiservis” xidmətində özünə yuva qurub. Bu işdə ona idarənin rəisi vəzifəsində çalışan Z.Məmmədovun himayədarlıq etdiyi heç kimdə şübhə yaratmamalıdır.
Amma məsələnin sual doğuran bir tərəfi hələ də cavabsız qalıb: işdə yol verdiyi ciddi nöqsanlara və vəzifə səlahiyyətlərindən sui – istifadə etdiyinə görə Heydər Əliyevin “Azəravtoyol” DŞ-nin prezidenti vəzifəsindən azad etdiyi C.Qurbanov hansı üstünlüklərinə, keyfiyyətlərinə və s. xidmətlərinə görə Z.Məmmədovun diqqətini cəlb edib? Belə çıxmır ki, Z.Məmmədov kadrların seçilməsi prinsipinə görə prezidentdən fərqli düşüncəyə malikdir? Prezidentin məmur kimi işləmək istəmədiyi şəxsi Z.Məmmədov hansı səbəbdən yenidən vəzifəyə təyin edib?
Bu sualların cavablarını vermək mümkündür, birbaşa olmasa da. Belə ki, Dövlət Dəmir Yol İdarəsində aparılan maliyyə maxinasiyaları barədə dərc edilən və redaksiyamıza göndərilən məlumatları nəzərdən keçirməklə, hər şeyi aydın şəkildə dərk etmək mümkündür. DDYİ ilə külli miqdarda vəsaitin şəxsi “büdcələrə” ötürülməsi məqsədilə aparılmış maliyyə əməliyyatlarının iştirakçısı olmuş şəxslərin dövlət başçısına, Z.Məmmədovun özünə və s. ünvanlara göndərdiyi müraciətlərdə çox şeylər sadalanır. Müraciətdə qeyd olunan faktların bir hissəsini yazmışdıq. Orada “SİQMA SO”, “Ci-Ay-Market” və s. özəl müəssisələrin xəttilə dövlət vəsaitinin nağdlaşdırılaraq idarənin rəisinə və onun bu işi icra edən əməkdaşlarına – Arif Əsgərova, Cavid Qurbanova ötürülməsi barədə çoxsaylı dəlillərə rast gəlinir. Görünür, bu cür əməliyyatlar zamanı əldə edilən vəsaitlərin hesabına C.Qurbanov və onun rəhbərləri özləri üçün təmtəraqlı villalar, saraylar və şirkətlər ərsəyə gətirə biliblər.
“Azəravtoyol”un binası gözəlləşir
Departament rəhbəri hər sahədə özündən yuxarıda oturanlara, şəriklərinə oxşamaq istəyir. O, keçmiş “Azəravtoyol” DŞ-ə məxsus inzibati binada olduqca “dəyərli” təmir işləri aparıb. Təmir işlərinə xərclənilən vəsaitin məbləğinin 9 milyard manatdan çox olduğu bildirilir. Redaksiyamıza daxil olan məlumata görə, C.Qurbanov keçirilən kollegiyaların birində çıxışı zamanı bildirib ki, təmir üçün ayrılmış 9 milyard manat vəsait dövlətə məxsus deyildir. Görən, C.Qurbanov bu qədər vəsaiti haradan götürüb? Yəqin inşa etdirdiyi villalar üçün haradan əldə edibsə, elə oradan.
Bu gün bizi Cavid Qurbanovla bağlı bir çox suallar maraqlandırır. Məsələn: “Texnika A” firması kimə məxsusdur? Almaniyadan gətirilən 10 ağır qreyder maşının müddəti nə qədərdir və onlar hansı qiymətə alınıb? Biləsuvarda Asfalt zavodu altında hansı avadanlıqlar alınıb? Həmin avadanlıqlar hardan alınıb və zavodun hazırkı vəziyyəti necədir?