BolgeXeber.Com » Analitika » Ziya Məmmədovun tender əməliyyatlarını hansı şirkətlər həyata keçirir?

Ziya Məmmədovun tender əməliyyatlarını hansı şirkətlər həyata keçirir?

29-03-2014, 10:20
Oxunub: 6 314 Yol tikintisinə ayrılan milyardlar batır


Ölkədə daha çox diqqət ayrılan sahələrdən biri də sözsüz ki, nəqliyyat sektorudur. Fikrimizi bir az da konkretləşdirsək, ölkə rəhbərliyi yol infrastrukturunun müasir formada və yüksək səviyyədə təşkil edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirir. Təsadüfi deyil ki, illik büdcə xərcləri arasında nəqliyyat sektoruna ayrılan vəsaitlər miqdarına görə xüsusi diqqət cəlb edir. Hər il dövlət büdcəsindən yol tikintisinə milyardlarla manat həcmində vəsait ayrılır. Nə yazıq ki, dövlətin göstərdiyi qayğının qarşılığında Nəqliyyat Nazirliyinin (NN) rəsmiləri ortaya düz-əməlli iş qoya bilmirlər. Bu gün həm paytaxtda, həm də bölgələrdə yolların durumu o qədər də ürəkaçan deyil.

Baxmayaraq ki, paytaxtın mərkəzi yolları, eləcə də əyalətlərdə yollar hər il təmir olunur. Ancaq problemlər azalmaq bilmir. Təbii ki, yol tikintisi zamanı üzə çıxan neqativ hallarda və yolların bərbad vəziyyətdə olmasında əsas səbəbkar nəqliyyat naziri Ziya Məmmədovdur. Çünki bu sahə onun tabeliyindədir. Əgər normal iş yoxdursa və yol çəkilişi keyfiyyətli şəkildə aparılmırsa, buna Ziya Məmmədov cavabdehdir. Bakının mərkəzi hissələrində, ətraf qəsəbələrdə yolların mövcud durumu əsl ürək ağrısıdır. Paytaxtın elə qəsəbələri var ki, orda nəqliyyatın hərəkəti yolun istifadəyə yararsız vəziyyətdə olması üzündən məhdudlaşıb. Nəqliyyat Nazirliyinin rəhbər şəxsləri sıradan çıxmış yolları əsaslı şəkildə təmir etmək əvəzinə, uçub-dağılan hissələrə yamaq vururlar. Amma həmin yamaqlar bir müddət keçəndən sonra yenidən dağılır. Beləcə, bir yolu il ərzində 15-20 dəfə təmirə bağlayan nazirlik rəsmiləri büdcə vəsaitlərini göyə sovururlar. NN tərəfindən çəkilən yolların uzun ömürlü olmaması mənimsəmə halları ilə əlaqədardır. Yəni nazirliyin rəhbər heyətində təmsil olunan şəxslər büdcədən ayrılan vəsaitlərin əsas hissəsini öz aralarında bölüşdürərək tikintiyə çox az məbləğ saxlayırlar. Ucuz ətin şorbası olmadığı kimi, az miqdarda pulun müqabilində çəkilən yolun də keyfiyyəti olmur. Standartlardan kənar inşa olunan yollar bir neçə aydan sonra sıradan çıxır. Əfsus ki, nə Ziya Məmmədov, nə də qurumun digər rəsmiləri bu məsələlərə o qədər də önəm vermirlər. Xatırladaq ki, prezident İlham Əliyev 2011-ci ildə sərəncam imzalayıb. Həmin sərəncamda Bakı şəhəri ərazisində qəsəbələrarası və qəsəbədaxili avtomobil yollarının tikintisi və təmiri üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 10 milyon manat məbləğində vəsaitin ayrılması qeyd olunub. Ölkə başçısı bundan sonra da bir neçə sərəncam imzalayıb və yol tikintisinə milyonlar ayrılıb. Buna rəğmən, paytaxt yolları hələ də bərbad haldadır. Qeyd edək ki, ötən il ərzində nəqliyyat sahəsinə 3 milyard manata yaxın vəsait ayrılıb. Nazirliyin nümayəndələri həmin məbləğlə Bakı şəhərində nəqliyyatın intellektual idarəetmə sisteminin yaradılması, Zığ dairəsi-Heydər Əliyev adına Hava Limanı avtomobil yolundan Qala stansiyasına və dəniz sahilinə gedən avtomobil yolunun tikintisi, Bakı-Ələt yolunun 15- 69 km sahəsinin yenidən qurulması, Bayıl qəsəbəsindən Dövlət Bayrağı Meydanı kompleksinə gedən yolun tikintisi ilə yanaşı, Yeni Bakı Beynəlxalq Dəniz Limanının tikintisi, yeraltı və yerüstü piyada keçidlərinin inşası, yeni keçidlərin salınması, Bakı Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin tikintisinin daxil edildiyini deyiblər. Araşdırmalar isə göstərir ki, nəqliyyat sektoruna ayrılan vəsaitlər heç də təyinatı üzrə xərclənmir.

Yollarda müşahidə edilən tıxaclar və yamaqlar bunun ən bariz nümunəsidir. Bu isə o deməkdir ki, bizdə hələ də nəqliyyat sistemi tam formalaşmayıb. Məmur özbaşınalığı və yeyinti halları bu sahəyə aid olan layihələrin lazımi səviyyədə icra edilməsinə şərait yaratmır. Avropa və dünya ölkələrində yol tikintisinə bizdən qat-qat aşağı məbləğdə vəsait ayrılır. Bununla belə həmin ölkələrdə keyfiyyətli yol çəkilir. Azərbaycanda isə bir kilometr yolu az qala 1 milyard manata çəkirlər. Apardığımız araşdırmalar zamanı onu da öyrəndik ki, NN rəhbəri ötən illər ərzində yol tikintisi üçün keçirilən tenderlər sayəsində şəxsi büdcəsini əməlli-başlı genişləndirib. Belə ki, Nəqliyyat Nazirliyi 2011-ci ildə 523 milyon 457 min 807 manat həcmində tender keçirib. Bu tenderlərin qalibləri arasında "Samur Holding” MMC, "FI-Inşaat” MMC, "IHI” MMC, "Orion E” MMC, "Akkord”, "Kəpəz V” MMC və başqa şirkətlərin adları var. «Kəpəz V» MMC Nəqliyyat Nazirliyinin həmin ildə keçirilən tenderlərinin əsas qalibi olub. Verilən məlumata görə, şirkətə nazirin yaxın adamlarından biri rəhbərlik edir.

Adıçəkilən MMC layihə dəyəri 14 milyon manat olan Goran-Naftalan avtomobil yolunun əsaslı təmiri, dəyəri 20 milyon manat olan Gəncə avtomobil yolunun əsaslı təmiri, dəyəri 44 milyon manat olan Bakı-Ələt avtomobil yolunun 50-69 kilometrlik sahəsinin yenidən qurulması və digər layihələri icra edib. Ki, həmin vəsaitlərin çox hissəsi şirkətin vasitəsilə NN rəhbərinin büdcəsinə əlavə edilib. Məhz belə qanundan kənar işlərə görə ölkəmizin nəqliyyat sistemi və yollar acınacaqlı vəziyyətdədir. Camaatı yamaqlı yollarda hərəkət etməyə məcbur edən hörmətli səlahiyyət sahibləri, sizdən xahiş edirik ki, prezidentin ayırdığı pulları təyinatı üzrə xərcləyin.

Yazı ilə bağlı NN rəhbərinin də mövqeyini dərc etməyə hazırıq.