BolgeXeber.Com » Analitika » Ukraynada baş verənlərin bizə dəxli yoxdur?

Ukraynada baş verənlərin bizə dəxli yoxdur?

7-04-2014, 08:25
Oxunub: 3 569 Azərbaycan nəyə hazır olmalıdır?

Son bir neçə ayda Ukraynada baş verənlər dünyanın diqqət mərkəzindədir. Bütün dövlətlər Ukraynada baş verənləri diqqətlə izləyərək özləri üçün nəticə çıxardır və lazım olan addımları atırlar.
Bizdə isə politoloqların əksəriyyəti Ukraynada baş verənlərin guya bizə “istisi-soyuğu” olmadığını sübut eləməyə çalışırlar.

Birincisi, Ukraynada nə baş verdiyini araşdırmağa çalışaq. Bu məsələdə də fikirlər haçalanır. Təhlilçilərin çoxu Ukraynada baş verən proseslərin guya Qərb ölkələri, əsasən ABŞ tərəfindən körükləndiyini qabartmağa çalışırlar. Yəni Ukraynada gedən proseslərdə “kənar barmaq izi” axtarırlar. Əlbəttə həmişə baş verən prosesdə maraqlı tərəflər olub,olur və olacaq. Bu təbiidir və az qala aksiomadır. Bunun əksini düşünmək siyasi cəhətdən ən azı sadəlövhlük, siyasi naşılıq olardı.

Ancaq onu da düşünmək lazımdır ki, hansı xarici qüvvə, hansı barmaq, hansı pul...yüz minlərlə insanı 40 dərəcə şaxtanın altında, bütün gecəni..həm də bir neçə ay dayanmadan, fasiləsiz olaraq meydanda saxlaya bilərdi..?
Deməli, ortada xalqın iradəsi var idi. İnsanlar ölkədə baş verən qanunsuzluqlardan, ədalətsizlikdən, korrupsiyadan, rüşvətxorluqdan və digər neqativ hallardan bezmişdilər. İnsanları meydana çıxardan, aylarla ayaq üstdə saxlayan bu məsələ idi. Yoxsa, Qərbin sifarişi idi...ABŞ-ın barmağı var idi...kimi bəsit söhbətlərin yeri yoxdur. Əlbəttə yuxarıda qeyd etdiyimiz kimi...bu prosesdən öz marağını güdənlər həmişə olub və olacaq.
Əsas məsələ odur ki, Ukraynada mövcud olan Yanukoviç iqtidarı xalqın bütün səbrini daşırmışdı. Və Ukraynada inqilab baş verdi.

Bəzi qüvvələr bilərəkdən prosesdə iştirak edən kriminal elementləri qabartmağa çalışırlar. Bununla baş verən proseslərə kölgə salmaq istəyirlər. Başa düşmək lazımdır ki, yüz minlərin, milyonların qatıldığı proseslərdə həmişə, tarix boyu kriminal elementlər olub və qısa müddətdən sonra geri çəkilirlər. Yəni o boyda inqilabi prosesi gah kənar qüvvələrin, gah da kriminal elementlərin adı ilə bağlamaq gülüncdür. Ukraynada baş verənləri kənar qüvvələrin, ya da kriminal elementlərin adı ilə bağlamaqda ən çox Rusiya tərəfi maraqlı idi. Bu da təbiidir. Rusiya, daha dəqiq desək Vladimir Putin iqtidarı Ukraynada baş verənlərdən niyə təşvişə düşmüşdü? Putini və ətrafını qorxudan nə idi..?

Məlumdur ki, obrazlı desək Kiyev rus şəhərlərinin anasıdır. Və heç kimə sirr deyildi ki, Ukraynada baş verənlər çox qısa müddətdən sonra Rusiyada öz təsirini birbaşa göstərəcəkdi, sürətlə Rusiyaya yayılacaqdı. Bu isə Putinin və onun kriminal ərtafının sonu demək idi.

Əslində Putinə Krım, ya da Sevastopol lazım deyildi, söhbət heç Rusiyanın dövlət marağından da getmir. Putinə özünü və ərtafını qorumaq lazım idi. Putin gözəl başa düşürdü ki, Yanukoviçin qaçmaq, canını qurtarmaq üçün Rusiyası var. Bəs Putin hara qaçacaq?

Putin məhz Yanukoviçin aqibətini göz önünə gətirib bu addımları atdı.
Digər tərfədən Putin özbaşına deyil və belə hərəkətləri özbaşına, icazə olmadan edə bilməzdi. Unutmaq olmaz ki, Qərbin özündə bu işlərdə çox ciddi marağı olan və Putinə arxa duran qüvvələr var.
O ki qaldı Ukraynada baş verənlərin bizə dəxli olması-olmaması və Azərbaycan nəyə hazır olmalıdır məsələsinə...bu başqa bir yazının mövzusudur.

Kamran Məhərrəmli