BolgeXeber.Com » Analitika » Parkinqlərdə “əli çubuqlu”lar pulu kimə verirlər?

Parkinqlərdə “əli çubuqlu”lar pulu kimə verirlər?

16-04-2014, 05:20
Oxunub: 2 839 "Gəlib, öz ”dolya"larını alıb, gedirlər"

Dövlət başçısı İlham Əliyev bugünlərdə Nazirlər Kabinetində keçirilən müşavirədə nəqliyyat sektorundakı problemlərdən danışdı:


“Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyil. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü parkinq olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək”.

Dünən şəhərin bir neçə ünvanında yerüstü “parkinq”lərdə olduq. Ölkə başçısının təbirincə desək, “əli çubuqlu vətəndaşlar” heç də nəzarətsiz deyillər. Yəni, gündəlik “haqq” verirlər. Kimisi bələdiyyəyə, kimisi “uçastkovı”ya, kimisi də Nəqliyyat Nazirliyinin müfəttişlərinə pul ödədiklərini deyirlər.

Binaların qarşısında, marketlərin önündə, hətta avtobus dayanacaqlarının yaxınlığında belə “parkinq”lər fəaliyyət göstərir. Metronun “28 May” stansiyasının yaxınlığında söhbətləşdiyimiz nəzarətçi deyir ki, onlar pulu “uçastkovı”ya verirlər. “Yer haqqı” kimi, gündəlik 15 manat ödədiyini deyən nəzarətçi onu da qeyd edir ki, bu məbləği ödəməsə, ona işləməyə imkan verməzlər.

Bələdiyyələrlə işləyən nəzarətçilərin üzərinə qoyulan “haqq” isə daha çoxdur. Amma burada da məbləğ yerdən asılı olaraq dəyişir. Yaşayış binalarının qarşısında, dükanların önündə də sarı gödəkçəli, qoluna qırmızı lent bağlamış nəzarətçilərə rast gəlmək olar. Bu adamların çoxu pulu “uçastkovı”ya verir.

“Yeni Müsavat”ın yazdığına görə, “Neftçilər” metrostansiyası yaxınlığında çalışan “parkinq” nəzarətçiləri “haqqı” Nəqliyyat Nazirliyinə verirlər. “Parkinq” nəzarətçisinin sözlərinə görə, o, hər gün qazandığı puldan Nəqliyyat Nazirliyinin müfəttişlərinə 5 manat yer haqqı ödəyir: “Heç kim burada özbaşına çalışa bilməz. Hər yerin öz sahibi olduğu kimi, buranın da öz sahibi var. Biz hər gün Nəqliyyat Nazirliyinin müfəttişlərinə 5 manat pul veririk. Daha doğrusu, bizdən alırlar. Bəzən də 2-3 gündən bir xidməti avtomobilləri ilə gəlirlər, pulları yığıb, gedirlər. Başqa cür mümkün deyil. Əgər pul verməsək, bizə burada işləməyə imkan verməzlər. Elə gün olur ki, az qazanırıq. Amma onlar üçün fərqi yoxdur. Hardansa borc tapıb, pullarını verməlisən. Mən burada saatlarla ayaq üstə dayanıram. Qışın soyuğunda, yayın cəhənnəm istisində burada işləyirəm. 5-10 manat çörək pulu üçün... Onun da 5 manatını məcburi olaraq, Nəqliyyat Nazirliyinin müfəttişlərinə verirəm”.

Nəzarətçi işləmək üçün heç bir şeyin tələb olunmadığını deyən parkinq “usta”ları bildirirlər ki, onlardan maşınların daha çox dayandığı yerləri tapmaq tələb olunur: “Orada başqa nəzarətçi yoxdursa, 10 manat verib, yaşıl gödəkçə alırsan. Başlayırsan, işləməyə... Nazirlik işçiləri özləri səni tapır. Gəlib, öz ”dolya"larını alıb, gedirlər". Göründüyü kimi, yerüstü parkinq nəzarətçiləri heç də nəzarətsiz deyillər. Və onlar qazanclarını tək yemirlər.