BolgeXeber.Com » Analitika » Bəla saçan telekanallarımız

Bəla saçan telekanallarımız

22-04-2014, 05:20
Oxunub: 4 575 Araşdırma göstərir ki, bütün dünyada ən reytinqli proqramlar məhz informasiya kanallarıdır

Hər bir ölkədə cəmiyyətin formalaşması çox uzun çəkən bir prosesdir. Bəzən bu yüzillərlə çəkə bilər.Ən vacib məsələ isə isə son nəticədə həmin cəmiyyətin necə hala düşməsidir.Bu danılmazdır ki, cəmiyyətin ,ictimai şüurun formalaşmasında təbliğatın böyük rolu var.Elm və texnika yüksək səviyyədə inkişaf etdikdən sonra dünyada ən güclü təbliğat vasitəsi mətbuat, özü də televiziya oldu. Statistikaya görə hazırda dünyada 2,5 milyard insan internet istifadəçisidir, daha yarım milyard istifadəçi yaxın dörd ildə onların sırasına qoşulacaq.

Azərbaycanda da internet istifadəçilərinin sayı günü-gündən artır,ancaq bununla belə internet ,sosial şəbəkələr nə qədər də güclü kommunikasiya vasitələri olsalar da ictimai fikrə telekanallar qədər təsir qüvvəsinə malik deyillər. SSRİ-dövrü Azərbaycan tamaşaçısı 2-3 rəsmi dövlət kanalına baxmaq zorundaydı.Müstəqillik qazanandan sonra yerli teleməkanda geniş imkanlar yarandı.Düşünmək olardı ki,artıq azad olandan sonra açılan telekanallar yerli tamaşaçıları tam qane edəcək. Ancaq təəssüflər olsun ki, Azərbaycanda 10-a yaxın ölkə miqyaslı və bir o qədər də regionlal televiziya telekanal açılmasna baxmayaraq , tamaşaçıların böyük qismi xarici kanallara baxmağa üstünlük verir.Buna binaların damlarında və divarlarında quraşdırılan çoxsaylı peyk antenaları da sübutdur.

Paytaxt əhalisinin əksəriyyəti çanaq antenalarla 3 peyklə yayımlanan Avropa, Türkiyə, eləcə də Rusiyanın televiziya və radio kanallarını izləyir. Yerli telekanallar tamaşaçı auditoriyasını itirdiyinə görə insanlar xarici yayımlara üz tutub.Bu tendensiyanın əsas səbəbi ölkə üzrə yayımlanan heç bir kanalda əhalinin problemlərinin işıqlandırılmaması, tənqidi proqramların az olması və ən əsası isə səviyyəli verilişlərin olmamasıdır. Əhalinin əksəriyyəti kanalların proqramlarından narazıdır. Azərbaycan kanallarında tok-şoular, canlı debatar, kütləvi tamaşaçının marağını əks etdirən, real problemlər üzərində qurulmuş verlişlər yox dərəcəsindədir.

Araşdırma göstərir ki, bütün dünyada ən reytinqli proqramlar məhz informasiya kanallarıdır.Azərbaycanda isə bayağı və şit verilişlər daha reytinqlidir.Ancaq bu o demək deyil ki, Azərbaycan tamaşaçı səviyyəsizdir. Sadəcə yerli tamaşaçı belə səviyyəsiz verilişlərə baxmaq məcburiyyətində qalır , ona seçim imkanı verilmir.
Hətta kabel televiziyalarımızda belə xəbər kanalları azdır.
Azərbaycan kanallarında əyləndirmənin xüsusi çəkisi 99 faizdir, maarifləndirmə və informasiya isə yox dərəcəsindədir. Bunun nəticəsidir ki, insanların böyük əksəriyyəti bizim kanallara baxmaq istəmir, çanaq antena alıb xarici verilişlərə baxır.

Hətta Milli Televiziya və Radio Şurası da bizim telekanalların verilişlərinin keyfiyyətinin çox aşağı olmasını ,əyləncə verilişlərinin hədsiz dərəcədə çox olmasını etiraf edir .“Milli Teleradio yayımı haqqında” qanunda şou proqramların faizi ilə bağlı mütləq rəqəm qoyulmayıb, ancaq yazılmamış qaydaya görə şou proqramların faizi tənzimlənməlidir və ümumi verilişlərin 20 faizini keçməməlidir. Bu açınacaqlı haldır ki,kanallarımız əsasən insanların faciələrindən şou düzəltmək, üçüncü, dördüncü və onuncu səviyyəli məsələləri ekrana çıxartmaqla məşğul olurlar. Bu gün yerli televiziyalarda cəmiyyəti maarifləndirən, tamaşaçıların intellektual səviyyəsini artıran verilişlər demək olar ki, yayımlanmır.Reytinq,qazanc naminə Zaurlar, Mikayıllar, Elgizlər kimilərinə geniş meydan verilir və təbii ki,onlar çoxsaylı tamaşaçı topladıqlarına görə kanal rəhbərlərinə sərf edirlər. Bundan udan telekanallar,uduzan isə millət olur.Kanallarımız sanki aşağı kütlənin səviyyəsinə enmək üçün yarışa giriblər.

Halbuki onlar mənasız verilişlər yayımlamağa yox ,tamaşaçının səviyyəsini qaldırmağa çalışmalıdırlar. İlk baxışdan bu məsələlər aktual görünməyə bilər. Ancaq söhbət təkcə tamaşaçı zövqündən getmir. Məsələ daha ciddidir. Bu cür davam edərsə gələcəkdə bunun çox ciddi fəsadlara gətirib çıxarması qaçılmazdır. Söhbət, vətəndaşların daha çox xarici kanallardan informasiya aldıqlarına görə informasiya təhlükəsizliyindən, daha doğrusu dövlət maraqlarından və kanallarımızdan cəmiyyətə mənəviyyatsızlıq aşılanması səbəbindən son nəticədə ölkəyə dəyə biləcək ağır zərbədən gedir.Buna görə də hələ ki, gec deyil bu bəlaya qarşı ciddi tədbirlər görülməlidir.
İmran Kərimli