BolgeXeber.Com » Analitika » Dövlətlərin ərazi bütövlüyü prinsipi əriyir..?

Dövlətlərin ərazi bütövlüyü prinsipi əriyir..?

24-04-2014, 12:50
Oxunub: 3 136 Ukraynada baş verənlərdən nəticə çıxartmalıyıq

“Müstəqilliyimiz geri dönməzdir” deyib başımızın altına yastıq qoymağı, xumarlanmağı yaman sevirik. Amma dünyanın gedişatı və hazırda Ukraynada baş verənlər onu göstərir ki, müstəqillik öz-özlüyündə heç də geridönməz, “odda yanmaz, suda batmaz” nemət-zad deyil. Bu günədək bir çox dövlətlər, millətlər öz müstəqilliyini və azadlığını əldə edib və sonra müxtəlif səbəblərdən itirməli olublar.
Dünyanın gözü qarşısında apardığı bütün mütərəqqi, demokratik, iqtisadi islahatlara baxmayaraq bir neçə il əvvəl Gürcüstan dövləti öz müstəqilliyini itirməklə üz-üzə qalmışdı...Və hələ də bu təhükə sovuşmayıb.
Bu gün Ukraynada da oxşar proses gedir. Sabah eyni aqibətlə Qazaxsıtan və başqa dövlətlər üzləşə bilər.
Yəni dövlətlər elə çıxılmaz vəziyyətə salınır ki, o, öz ərazi bütövlüyündən az qala “könüllü” imtina etməli olur. Yeri gəlmişkən, son yarıməsrdə beynəlxalq hüququn ən əsas prinsiplərindən biri olan dövlətlərin ərazi bütövlüyü prinsipi də deyəsən yavaş-yavaş əriyir və dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi şübhə altına alınır...
Müstəqilliyin geri dönməz-əbədi olmadığının bariz nümunələrindən biri də elə Azərbaycandır.
Biz özümüz elə keçən əsrin 20-ci ilində müstəqilliyimizi itirmədikmi?
Bu yenidən təkrarlana bilər və biz öz müstəqilliyimizi yenidən hansısa başqa bir formada itirə bilərik, ya da müstəqilliyimiz formal bir şeyə çevrilə bilər.
Mənə elə gəlir ki, diqqətli oxucu başa düşür ki, söhbət üçrəngli bayraqdan, gerbdən, himndən-zaddan, yaxud bir kərə qalxan bayraq bir daha enməz şüarından, atributlardan, hətta hansısa XI Ordudan da getmir. Söhbət həm də ondan gedir ki, bu üşrəngli bayraq Ağcabədidən o tərəfə, Cəbrayıla, Zəngilana, Laçına, Şuşaya, Xankəndinə gedə bilcəkmi?
Hətta əksi də baş verə bilər. Axı 1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan edəndə bu üçrəngli bayraq Şuşada, Xankəndində, Laçında dalğalanırdı...
Ona görə də yenidən belə bir aqibətlə üzləşməmək üçün bir millət olaraq papağımızı qabağımıza qoyub ciddi düşünməliyik. Çünki ərazisinin 20 faizini 20 ildir itirmiş və onun bir qarışını qaytara bilməyən, ümumiyyətlə, düşdüyü ağır vəziyyətdən çıxış yolu tapa bilməyən bir millətin öz müstəqilliyini gec-tez itirməsi labüddür.
Və kim qarantiya verir ki, nə vaxtsa qalan 80 faiz ərazimizin də 20 faizini itirməyəcəyik?
Onu da nəzərə alsaq ki, XXI əsrin əvvəli ötən əsrin əvvəlinə yaman bənzəyir, sanki dünyada gedən proseslər təkrarlanır. Həm də dünyada daha sərt oyun qaydaları tətbiq olunur, dünyada gedən siyasi proseslər daha qəlizləşir, daha amansızlıq, qaydasızlıq hökm sürür...
Ən qorxulusu isə odur ki, əhalimizin əksəriyyəti 23 illik müstəqilliyin heç iyisini, dadını belə duymadı, əksinə camaat “əşi, bizə belə müstəqillik lazım deyil” düşüncəsi ilə yaşayırlar.
Ona görə də müstəqilliyimizi itirmək istəmiriksə, hansı cəbhədə, hansı düşərgədə olmağımızdan asılı olmayaraq qarşılaşdığımız problemlərin üzə çıxarılmasına çalışmalıyıq. Məşhur “Problemin düzgün qoyulması, problemin həllinin yarısıdır” deyimini, “Problemin üzə çıxarılması problemin həllinin yarısıdır” kim də ifadə etmək olar. Axı nə qədər problemləri ört-basdır eləmək, alt qata ötürmək olar. Axı bu nə vaxtsa metastaz verib dövləti dağıda bilər...
Problemləri üzə çıxartmaqda, problemləri qabartmaqda bizim məqsədimiz kimisə hədəfə almaq, kimisə vurmaq, kimisə ifşa etmək, kimisə ittiham etmək, yaxud günahkar axtarışı deyil.
Məqsədimiz bu günki çatışmazlıqların sabah həll olunmaz problemə çevrilməsinin qarşısını almaqdır.
Qafqaz Xəbər Agentliyinin
baş redaktoru Kamran Məhərrəmli