BolgeXeber.Com » Analitika » Məmurların gəliri — halal və haram pullar..

Məmurların gəliri — halal və haram pullar..

25-04-2014, 01:50
Oxunub: 3 129 Sovet vaxtı cüzi əməkhaqqı ilə indi adi hal almış bahalı maşına, villalara sahib olmaq qeyri-mümkün idi

Hətta dövlət idarəsində işləyib kifayət qədər yüksək maaş alanlar belə, 100, 200 min dollarlıq maşın almağa çəkinirdilər. Ən azı cəmiyyətin qınağından, onlara oğru, dövlət əmlakının talançısı damğası vurulmasından qorxurdular. İndi isə tam əksinədir. Ən kiçik vəzifə postu tutanlar qısa zamanda bahalı avtomobil, hətta daşınmaz əmlaka sahib olurlar. Tək özləri yox, oğulları, yaxınları, qohum-əqrəbaları öz var-dövlətlərini nümayiş etdirməkdən belə, çəkinmirlər.
Sanki cəmiyyət də bu kimi insanlara tənə etməkdən yorulmuş kimi görünür. Elə zənn edirlər ki, belə də olmalıdır. Həmin insanlar özləri də yaxşı bilir ki, əslində halal maaşla bu qədər bahalı sərvətlərə sahib olmaq qeyri-mümkündür. Amma nədənsə qanunlar baş verənlərin tam əksini göstərir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Modern.azsaytına bildirib ki, bu gün Azərbaycanda bazar iqtisadiyyatı hökm sürdüyündən insanlar müxtəlif firmalara, ticarət obyektlərinə sahibdirlər. Millət vəkili deyir ki, istənilən kəs bu gün ticarətlə məşğul olur, əlavə gəliri var.

“Orta gəlir Azərbaycanda çox yüksəkdir. Odur ki, bu kimi qazancın qarşılığında bahalı maşınları alıb sürürlər. Burada qeyri-adı bir şey yoxdur. Sovet rejimində güclü nəzarət var idi, yoxlayıcı orqanlar mövcud idi. İndi azad, demokratik dövlətdir və pul qazanmaq imkanı var”.

Azərbaycanda vəzifəli şəxslərin gəlir bəyannaməsi təqdim etməsi haqqında qanun 2005-ci ildə qəbul edilib. Elə həmin il prezident qanunun tətbiqi qaydaları ilə bağlı fərman imzalayıb. Fərmanda dövlət başçısının vəzifəli şəxslərin gəlirlərinin bəyanetmə qaydalarının müəyyən edilməsi ilə bağlı sənədlərin hazırlanması üçün Nazirlər Kabinetinə iki ay vaxt vermişdi.

V. Əhmədov gəlirlərin bəyan edilməsi haqqında qanun layihəsinin qəbul olunduğunu desə də, hələ də qanunun icra olunmadığını bildirdi. Onun sözlərinə görə, bununla bağlı ölkə başçısı hökumətə göstəriş verib ki, qanunun icrası ilə bağlı məsələ öz həllini tapsın. Buna baxmayaraq qanun hələ də icra edilməmiş qalır.

İqtisadçı Rövşən Ağayev isə hesab edir ki, gəlirlərin bəyan edilməsi haqqında qanun icra olunarsa, hər iki halda məmurlar üçün problem yaradacaq.

“Adi bir fəhlənin özü gedib bahalı maşın alsaydı və ya hər hansı sex, yəni qanunsuz iş görmüş olsaydı, dərhal polis orqanları onu yaxasından yapışırdı ki, bu vəsaiti haradan almısınız? Hətta kimsə özünə daş hasar hörəndə belə, onun hesabını soruşurdular ki, sən bu daş hasarı hansı vəsaitlə hörürsən? Bir sözlə, sovet vaxtı qanunsuz gəlirlərlə mübarizə inzibati metodlarla həddindən artıq güclü idi. 100-150 manata işləyən insanlar da utanmaqdan əlavə, qorxusundan bunu edə bilmirdilər. Sovet dövründə insanlar sadəcə olaraq çəkinirdilər. Cəmiyyətin psixoloji durumu dövrün sisteminə bağlıdır”.

R. Ağayev deyir ki, sovet dövründə əxlaq sistemi çox fərqli idi. Əxlaq sistemi elə formalaşmışdı ki, insanlar harın yaşamaqdan çəkinirdilər. İndi isə qanunsuz gəlirlə yaşayanlar nəinki çəkinir, hətta bunu özlərinə avantaj, üstünlük kimi görürlər.

İqtisadçı təəssüflə qeyd edir ki, bu gün cəmiyyətə nümunə olmalı idarəedicilərin hamısı öz maşınları, dəbdəbəli toyları, villaları ilə sanki “haram yaşayın, amma bu cür yaşayın” nümunəsini göstərirlər.

Gəlir bəyannaməsi haqqında qanunun işləməməsinin bir çox səbəbinin olduğunu deyən ekspertin sözlərinə görə, qanun işləyəcəyi halda məmurlar təkcə özlərinin yox, həm də Mülki Məcəllə ilə yaxınlarının və ailə üzvlərinin də gəlirləri ilə bağlı məlumat verməli olacaqlar.

Rövşən Ağayev deyir ki, heç bir vəzifəli şəxs gəlirlərin və əmlakın aşkarlığında maraqlı deyil.

“Son günlər məmur övladlarının bahalı avtomobilləri ilə bağlı məlumatlar dərc olunur. Qanun işləmədiyinə görə, onlar heç bir məsuliyyət daşımırlar. Halbuki, qanunun işləyəcəyi halda məmurlar özlərinin və ailə üzvlərinin əmlakını bəyannamədə göstərməlidirlər. Qanunvericiliyə görə, şəxsin maaşı, gəliri həcmində onun əmlakı olmalıdır. Məlum olsa ki, onun 100 minlik maşını var dərhal istintaq orqanları onun haqqında iş qaldıra bilər ki, bu qədər bahalı avtomobili haradan almısınız? Bəyannamədə bu gəlirləri gizlədəcəkləri halda da sanksiya tətbiq olunacaq. Sənəddə göstərilməyən bahalı maşınlar və ya daşınmaz əmlaklar üzə çıxacağı halda da istintaq orqanı yenə işə girişməlidir ki, bəyannamədə bunlar niyə göstərilməyib. Odur ki, hakimiyyətin bütün eşalonları bu qanunun işləməsində maraqlı deyillər. Çünki, hakimiyyətdə təmsil olunan məmurların aşağıdan yuxarıya hamısı qanunsuz gəlirlə dolanır. Qanun işləyəcəyi halda birinci olaraq bütün gəlirlər bəyan olmalıdır. Bəyan olunacağı halda problem yaranacaq ki, bu qədər maaşa belə bahalı maşın və villaları haradan əldə edilib… İkinci halda bütün bunları gizlətdikləri təqdirdə nə zamansa ortaya çıxanda məsuliyyət daşıyacaqlar ki, bütün bunlar hansı səbəbdən gizlədilib”.