BolgeXeber.Com » Analitika » İsa Qəmbər N!DA-çılara müraciət etdi

İsa Qəmbər N!DA-çılara müraciət etdi

1-05-2014, 09:55
Oxunub: 4 399 İsa Qəmbər gəncləri aclıq aksiyasını dayandırmağa çağırdı.

Müsavat Partiyasının başqanı İsa Qəmbər aprelin 19-dan başlayaraq təcridxanada aclıq aksiyası keçirən "Nida"çı gənclərə sosial şəbəkədə müraciət edib. Müsavat liderinin müraciətində qeyd olunub?

"Bu gün səhərə yaxın qəhrəman N!DA-çılarla bağlı yazmışdım ki:

NİDA_2014 may 1

Bu gün 8 qəhrəman N!DA-çının məhkəməsində son gün ola bilər. Son (hələlik son) söz deyiləcək, yəqin ki, “hakim”lər də sifarişli yalana əsaslanan hökm oxuyacaqlar və məhkəmənin bu mərhələsi bitəcək.
Rəşadət, Rəşad, Üzeyir, Zaur, Məhəmməd, Bəxtiyar, Şahin və İlkin 15 gündür ki, aclıq edirlər. Bunun nə qədər böyük bir fədakarlıq və dözüm tələb etdiyini öz təcrübəmizdən bilirəm.
Aclıq edənlərə hər zaman müraciət etmişəm ki, açlığı dayandırsınlar, özlərinə qəsd etməsinlər. Lakin, bu dəfə belə bir müraciət etmədim. Çünki, əvvəla, gənc dostlarımız özləri bizlərdən xahiş etmişdilər ki, belə müraciətlər olmasın. İkincisi, mən onlara (ilk dördünü şəxsən tanıyıram) inanıram, əminəm ki, nə etdiklərini bilirlər. Bilirəm ki, yaxınlarını, bizləri--onları sevənləri heç bir halda məyus etməzlər.
Onlar özləri də fərqindədirlər ki, tarix yazırlar, Azərbaycanımızın tarixini, Mübarizə və Ləyaqət tarixini! Elə bir tarix ki, bu gün də, 100 illər sonra da xalqımız bu övladlarımızla fəxr edəcək!

İndi isə N!DA-çı dostlarıma müraciət edirəm:
Əzizlərim Rəşadət, Rəşad, Üzeyir, Zaur, Məhəmməd, Bəxtiyar, Şahin və İlkin!
15 gündür davam etdiyiniz aclıq aksiyası ilə bağlı sağlamlığınıza görə çox narahat olsam da sizə müraciət etmirdim. Lakin bu gün məhkəmə bitmədiyi üçün, 15 günlük aclıq aksiyası əsas siyasi məqsədlərinə çatdığı üçün sizdən xahiş edirəm ki, aclığı dayandırasınız.
Əgər bu fədakar aksiyanın tərəzisində sizin fədakarlığınızla rejim sahiblərinin vicdanı olsaydı, əlbəttə sizin fədakarlığınız üstün gələrdi. Lakin tərəzidə olan sizin fədakarlığınızla rejimin vicdansızlığıdır. Və bu halda onların vicdansızlığı daha ağır gəlir.
Aclığı dayandırın. Siz zindanda da mübarizəni qəhrəman kimi apardınız və aparacaqsınız. Mənəvi qalib sizsiniz.
İnanıram ki, tezliklə azadlıqda görüşəcəyik!"

Qeyd edək ki, Müsavat başqanı müvafiq bəyanatını yayarkən, müşayiətçi foto olaraq, "Nida"çı gənclərdən birinin - Rəşadət Aundovun oğlu Arazla birlikdə çəkdirdiyi şəklini seçib.

Bolgxeber.com