BolgeXeber.Com » Analitika » Azərbaycanda 124 min dəli var

Azərbaycanda 124 min dəli var

4-05-2014, 07:25
Oxunub: 3 561 Hərbi xidmətdən və cinayət məsuliyyətindən yayınmağın yollarından biri...

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli bugünlərdə mətbuata açıqlamasında Azərbaycanda 124 min dəli olduğunu bəyan etdi. Onun sözlərinə görə, bu, rəsmi qeydiyyatda olan psixi xəstələrin sayıdır. Rəsmi statistikaya görə, ötən il 4948 nəfərə ilk dəfə psixi xəstə diaqnozu qoyulub. Ümumən ölkədə ilk dəfə ruhi xəstə diaqnozu qoyulmuş xəstələrin statistikasına əsasən, əhalinin hər 100 min nəfərinə 52,7 psixi xəstə düşür.

Bu rəqəmə diqqət yetirəndə ciddi şişirtmə olduğu görünür. Hərbi xidmətdən, eləcə də cinayət məsuliyyətindən yayınmaq üçün belə bir diaqnoz almaq Azərbaycanda elə də çətin məsələ deyil.

Hüquqşünas Müzəffər Baxışov da deyir ki, cinayət məsuliyyətindən yayınmaq üçün bir sıra hallarda adamlara ruhi xəstə olmaları haqda saxta rəylər verilir. Hüquqşünas konkret fakt da göstərir: “Gəncədə bir qruplaşma çoxlu sayda insanları qətlə yetirmişdi. Həmin şəxslərdən birinə Məhkəmə Psixiatrik Ekspertizası cinayəti törətdiyi zaman anlaqsız vəziyyətdə olması barədə rəy vermişdi. Amma sonradan işi yenidən istintaqa qaytardılar. Belə hallar olduqca çoxdur. Azərbaycan korrupsiyaya bulaşmış bir dövlətdir. Bütün sahələrdə olduğu kimi, Məhkəmə Psixiatrik Ekspertizanın təyinatı, rəylərin verilməsi zamanı rüşvət amili böyük rol oynayır”.



Hüquqşünasın sözlərinə görə, bu cür saxta rəylərin alınmasında pul amili ilə yanaşı, “yuxarıdan” göstəriş, vəzifəli qohumun olması da önəmli rol oynayır: “Iş pulla həll olunanda cinayətlərin ictimai təhlükəlilik dərəcəsi və xarakterinə uyğun olaraq, məbləğlər dəyişir. Məsələn, qəsdən adamöldürmə cinayəti törədən şəxs üçün belə bir rəy almaq müəyyən hallarda 50-100 min manata başa gəlir. Bəzən bundan da böyük məbləğ olur. Cinayəti törədən şəxsin yaxın qohumlarının imkanları araşdırılır və buna uyğun qiymət qoyulur. Belə hallar mövcuddur. Ictimai təhlükəli əməli törədən zaman anlaqsız vəziyyətdə olmayan və yaxud psixiatrik xəstəliyə düçar olmayan şəxslər barədə Məhkəmə Psixiatrik Ekspertiza rəy verir ki, guya, onlar psixi xəstədir, ya da cinayəti törədərkən kəmağıl olublar. Hüquqa söykənməyən qanunsuz rəylər Azərbaycanın təcrübəsində həddən artıq çoxdur”.