BolgeXeber.Com » Analitika » Ostrovski söhbəti….

Ostrovski söhbəti….

5-05-2014, 04:20
Oxunub: 3 775 "Mən köhnə oğruyam. Bir dəfə oğurladığım çantanın içindən sizin “Polad necə bərkidi” kitabı çıxdı"

Hər kəsə faydalı ola biləcəyini və insanların bəd əməllərdən çəkinəcəyini xüsusi qeyd edən moderator.az saytı bu gün Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin öz Facebook səhifəsində paylaşdığı statusu cəmiyyətə təqdim edib.

Statusun məzmunu belədir: “Nikolay Ostrovskinin “Polad necə bərkidi” kitabı nəşr edildikdən sonra müəllif çoxlu məktublar almışdır. Bunların içərisində belə bir məktub da var idi:

- Mən köhnə oğruyam. Bir dəfə oğurladığım çantanın içindən sizin “Polad necə bərkidi” kitabı çıxdı. Mən bu kitabı oxuduqdan sonra xəcalət çəkdim və birdəfəlik oğurluğu buraxdım. Namusla həyatımı yeni səhifədən başladım”.
Sözün düzü, əgər bu statusu hansısa xırda bir məmur, dini icma rəhbəri, yaxud yazıçı-şair paylaşsaydı qətiyyən təəccüblənməz və yəqin ki, mövqeyimi bildirməzdim. Mən inana bilməsəm də, ancaq saytda statusun müəllifi kimi kifayət qədər siyasi və dövlət idarəetmə təcrübəsi olan hörmətli Ramiz müəllimin adı göstərilib.

Amma yenə inana bilmirəm ki, bu statusu Ramiz Mehdiyev paylaşıb. Doğrudanmı, Ramiz müəllim düşünür ki, hansısa köhnə rüşvətxor, korrupsioner “Nikolay Ostrovskinin “Polad necə bərkidi” əsərini oxumaqla köhnə peşəsindən əl çəkə bilər?”

Əgər problem belə asan həll olunsaydı, onda korrupsiyaya qarşı mübarizə aparmaq üçün məmurlara sadəcə Ostrovskini oxutmaq bəs edərdi...
Nə isə, mövzudan yayınmayaq, keçək moderator.az saytının Ramiz müəllimin adından yaydığı statusa...
Onu da qeyd edim ki, məni statusun kimin adından paylaşması maraqlandırmır. Və mənim bu yazımı da kiməsə cavab kimi qəbul etmək düzgün deyil. Bu status sadəcə bir impuls oldu ki, fikirlərimi cəmiyyətlə, o cümlədən cənab Mehdiyevlə bölüşüm.

Sözün düzü, söhbət moizədən, kitabdan, maarifçilikdən, kamil insan yetişdirmək fəlsəfəsindən, dindən, imandan, təriqətdən...düşəndə məni gülmək tutur və yadıma “Quran oxumaqla donuz darıdan çıxmaz”, “Molla aşı gördü Quran yadından çıxdı” kimi müdrik misallar düşür. Böyük mütəfəkkir Mirzə Fətəli Axundov deyirdi ki, moizə oxumaqla cəmiyyət düzəlsəydi, Sədi və Hafiz Şirazilərin 100 minlik beytləri İranı çoxdan düzəltmişdi.

Əlbəttə mən kitabın, dinin, maarifçiliyin rolunu danmaq fikrində deyiləm. Ancaq Ostrovskini oxumaqla korrupsiyanın kökünün kəsiləcəyini də düşünmürəm.
Adicə bir misal çəkum. Metronun girişində quraşdırılmış sadə bir mexanizm olan saxlayıcı qurğular olmasa təssəvvür edirsiniz nə baş verər? İmanlı-imansız, imkanlı-imkansız, ziyalı-ziyasız, kəndli-şəhərli, sünni-şiyə-vəhabi...fərq etməz orda elə bir dəhşətli vəziyyət yaranar ki, qarşısını Quran oxumaqla da almaq olmaz. Milyonlarla sərnişinin ən çoxu 1-2 faizi gediş haqqını könüllü ödəyər. Bir müddətdən sonra o 1-2 faiz də yəqin ki, əriyib kütləyə qoşular. Yəqin xırda bir dəmir parçasının-mexanizmin fövqəladə gücünü az-çox təsəvvürünüzə gətirə bildiniz...

Ona görə də cəmiyyəti nəinki Ostrovskilərin kitabları ilə, heç səmavi kitablarla da düzətmək, idarə etmək mümkün deyil. Cəmiyyəti və dövləti dəmir kimi qanunlarla, mexanizmlərlə idarə etmək lazımdır. Gözəlliyin dünyanı xilas edəcəyi isə yazıçı sözüdür...

Qafqaz Xəbər Agentliyinin baş redaktoru

Kamran Məhərrəmli