BolgeXeber.Com » Analitika » Hacıbala Abutalıbovdan biabırçı qanunsuzluq

Hacıbala Abutalıbovdan biabırçı qanunsuzluq

13-05-2014, 08:55
Oxunub: 4 153 BŞİH-in başçısının sərəncamı ilə Tarif Şurasından xəbərsiz park-terminallarda yüksək tariflər müəyyən edilib

Tarif Şurasının sədri, nazir Şahin Mustafayev bununla bağlı təcili izahat verməlidir.Paytaxtda yeni park-terminallar quraşdırılıb. Həmin park-terminallarda eyni anda 6422 avtomobil saxlanılması mümkün olacaq. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının sərəncamı ilə bu xidmət növü üzrə tariflər müəyyən edilib - 30 dəqiqə 50 qəpik, 1 saat 1 manat, 2 saat 2 manat, 3 saat 3 manat və 4 saat 4 manat. Meriyanın müəyyən etdiyi qaydalara görə 4 saatdan artıq avtomobillərin saxlanılmasına icazə verilmir. Qaydanı pozanlar cərimələnəcəklər. Tariflərin bahalığını və qaydaların sərtliyini bir kənara qoyub, məsələnin hüquqi aspektlərini aydınlaşdırmağa cəhd edək.
Prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Bakının küçə və prospektlərindəki qanunsuz parkinq məsələsi ilə bağlı iradını bildirib. Dövlət başçısının iradından sonra aprelin 17-də BŞİH başçısı Hacıbala Abutalıbov paytaxtın küçə və prospektlərində yol kənarında avtomobillərin qanunsuz saxlanılmasına qarşı tədbirlər görülməsi barədə sərəncam imzaladı.

Sərəncama görə, bu ilin sonuna qədər avtonəqliyyat vasitələrinin yerüstü parklanmasının Avropa standartlarına uyğunlaşdırılması nəzərdə tutulur. Səki, yolların hərəkət hissəsi, park və metro stansiyalarının girişində qanunsuz parklanmaların qarşısını alması ilə bağlı verilən sərəncamda o da bildirilir ki, Bakı şəhərinin küçə və prospektlərində avtonəqliyyat vasitələrinin duracaq yerlərinin müəyyən edilməsi və duracaqlarda işin təşkili müstəsna olaraq Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aiddir.

Sərəncamdan dərhal sonra Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev “Turan”a bildirdi ki, Fransada xüsusi parkomatlar sifariş verilib. Parklanma qiymətini Tarif Şurası müəyyən edəcək. Ödəniş nağd olmayacaq. Parklanma müddətinin başa çatması barədə sürücülərə SMS göndəriləcək. Yerüstü parklanmanın təşkili Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə tapşırılıb. İşçilər müqavilə ilə götürüləcək. Buna qədər bu işlə bələdiyyələr və ya Nəqliyyat Nazirliyi məşğul olurdu. H.Abdullayevin sözlərinə görə, yığılan vəsait dövlət büdcəsinə daxil olacaq.

Sərəncama əsasən, Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi duracağın səmərəli təşkili və qanunsuz duracaqların qarşısının səmərəli yollarla alınmasının təmin edilməsi məqsədilə yeni duracaqlarda intellektual nəqliyyat sistemində mövcud olan yeni avadanlıqlar və texniki imkanlardan istifadə ediləcək.

Beləliklə, bu sərəncamla Bakı Şəhər İcra Hakimiyyəti avtomatik olaraq özünü dayanacaq sektorunun təbii inhisarçısı elan edib. Bu məntiqdən çıxış edən H.Abdullayev də haqlı olaraq parklanma tariflərinin Tarif Şurasında müəyyən ediləcəyini bildirmişdi. Çünki təbii inhisarların (işıq, su, yanacaq, yanacaq tarifləri və s.) tariflərini istisnasız olaraq Tarif (Qiymət) Şurası müəyyən edir. Məsələn, əhali və müəssislərə satılan benzin və qazın qiymətini Tarif Şurası müəyyən edir, topdansatışı Dövlət Neft Şirkəti, pərakəndə satışı isə yanacaqdoldurma məntəqələri həyata keçirir. Qanunvericiliyə uyğun olaraq parklanma xidmətlərinin təşkili və tarifləri də bu qayda ilə tənzimlənməlidir. Yəni tarifləri TŞ müəyyən etməli, xidmətin təşkilini və ödənişlərin yığılmasını isə meriya həyata keçirməlidir. Bakı Şəhər İcra Hakimiyyətinin isə yalnız qiymətlərlə bağlı təkliflərini Tarif Şurasına təqdim etmək hüququ var. Bu təkliflərin tam və ya qismən təmin edilməsi və yaxud təkliflərdən tamamilə imtina edilməsi şuranın müstəsna səlahiyyətində olan məsələdir.

Bununla belə, H.Abutalıbov Tarif Şurasının səlahiyyətlərini tam mənimsəyərək tarifləri şəxsən özü müəyyən edib. Sözügedən sərəncam imzalanandan (17 aprel) bu günə qədər nə Tarif Şurasının iclası keçirilib, nə qurumun parklanma tarifləri ilə bağlı rəsmi məlumatı yayılıb. Deməli, A.Abutalıbov tam özbaşına hərəkətə yol verib və ölkə qanunvericiliyini pozub. Tarif Şurasının sədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu məsələyə aydınlıq gətirməli, rəsmi izahat verməlidir. Çünki çox təhlükəli bir presidentdir. Sabah eyni məntiqlə “Azərenerji” ASC elektrik enerjisi tariflərini və Bakı Metropoliteni sərnişin daşınma tariflərini artıra bilər. Ona görə də H.Abutalıbovun bu addımına hüquqi qiymət verilməlidir.