BolgeXeber.Com » Analitika » Etibar Pirverdiyev həbs oluna bilər

Etibar Pirverdiyev həbs oluna bilər

20-05-2014, 09:45
Oxunub: 3 830 "Azərenerji” ASC sədri Etibar Pirverdiyev yenidən mətbuatın gündəmindədir. Adı iri korrupsiya əməliyyatlarında, maliyyə maxinasiyalarında hallanan E.Pirverdiyev indi də şəxsi əmlakı ilə müdianın diqqət mərkəzinə düşüb.

Belə ki, Elbrus Məmmədov adlı iş adamı ilə "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyev arasında əmlak davası barədə diqqətli oxucularımızın məlumatı var. Bu barədə E.Məmmədovun hüquqi nümayəndəsi Fəqan Nəsibov bildirmişdi ki, Məmmədova məxsus Bakı şəhəri, Nərimanov rayonunun Rəhim Məmmədov ünvanında yerləşən 4 mərtəbəli mülk 2011-ci ildə E.Pirverdiyevə satılıb. Alqı-satqı müqaviləsinə əsasən, satan tərəf E.Məmmədov, alan tərəf isə "Azərenerji” ASC sədrinin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub. F.Məmmədov yazıb ki, E.Məmmədova məxsus olan mülk 2 milyon 300 min manata razılaşdırılıb, evin əşyaları üçün də əlavə 100 min manat ödəniləcəyi bildirilib. Mülk üçün ödəniş aparılıb. E.Məmmədov ona 2 milyon 300 min manatın verildiyini deyib. Evin əşyalarına görə isə 100 min manatı ala bilmədiyini söyləyib. Şikayətçi yazıb ki, alqı-satqı müqaviləsinə görə, mülkiyyət real qiymətindən aşağı - 800 min manat məbləğində göstərilib və səbəbini də "vergidən yayınma məqsədi” ilə izah edib. Şikayətçi tərəf pulun verilməməsində alqı-satqı məsələlərində iştirak etmiş "Azərenerji” sədrinin qaynı Hikməti günahlandırıb.
Məlumat üçün nəzərə çatdıraq ki, Rəhim Məmmədov küçəsi "Milyonçular məhəlləsi” deyilən Teymur Əliyevə paralel küçədir. Buradakı evlərin qiyməti milyonlarla manat dəyərindədir. Bundan başqa məhəllədə bir çox məmurlar, iş adamları yaşayır, səfirliklərin iqamətgahı yerləşir. "Azərenerji” Səhmdar Cəmiyyət olsa da, səhmləri 100 faiz dövlətə məxsusdur və E.Pirverdiyev dövlət məmurudur. Qanunvericiliyə görə, dövlət məmuru bizneslə məşğul ola bilməz, bu, birmənalıdır. Etibar Pirverdiyevin əməkhaqqını gəlirlə işləyən bir təşkilata rəhbərlik etdiyi üçün ən yaxşı halda baş nazirin I müavininki qədər fərz edək. Yəni, E.Pirverdiyev 100 il "Azərenerji” prezidenti işləyərək baş nazirin I müavini qədər əməkhaqqı alsa, həmin qəsri halal maaşı ilə ala bilərdi. Ancaq E.Pirverdiyevin maaşla o qədər bahalı bir iqamətgahı ala bilməyəcəyi aşkar olduğundan, onun qanunsuz yollarlarla milyonlara sahib olduğu ortaya çıxır.
Məsələylə bağlı açıqlama verən ALP sədri, tanınmış hüquqşünas Əvəz Temirxan bildirib ki, qanunvericiliyə görə dövlət məmurunun bizneslə məşğul olması qadağandır. Onun sözlərinə görə, hər hansı bir məmur buna yol veribsə, ağır şəkildə cəzalandırıla bilər: “Təəssüf ki, Azərbacanda ən böyük sahibkarlar elə məmurların özləridir. Bir məsələni nəzərə çatdırmalıyam ki, məhz bununla bağlı qanunvericilikdə müəyyən boşluqlar var. Mülki mənada hər hansı bir məmurdan hansısa imarət, obyekt barədə nəsə soruşmaq mümkün deyil. Amma cinayət qanunu pozduqları halda, məsələn, rüşvət aldıqları, korrupsiya bulaşdıqları, çirkli pul yuduqları təqdirdə, o zaman cinayət işi açıla bilər. Həmin məmur da məhz o maddələrlə ittiham oluna bilər ki, həmin vəsaitləri necə əldə edib”.
Hüquqşünas Azərbaycan qanunvericiliyinə istinad edərək bildirib ki, məmurun özünün və ailə üzvlərinin fəaliyyəti nəzarət altında olmalıdır: “Onu da nəzərə çatdırım ki, ailə qunanvericiliyinə görə, hər kəsin əmlakı eyni zamanda, onun həyat yoldaşının əmlakıdır. Yəni, birgə nikah zamanı əldə olunan əmlaklar, onların birgə əmlaklarıdır. Bu baxımdan, hansısa məmurun həyat yoldaşının milyonlarla dollarlıq villası, bağı-bağatı, zavodu, fabriki, maşını varsa, qanuna görə, həmin əmlakın yarısı həyat yoldaşınındır. O baxımdan, hər bir məmurdan, həyat yoldaşının adına belə olan yüksək qiymətli əmlak barədə hesab sormaq olar”.
Göründüyü kimi, hüquqşünas da məmurun özünün, yaxud ailəsinin milyonluq mülklərinin olmasının qanunazidd olduğunu bildirir. Yəni, əgər Etibar Pirverdiyevin əmlakları, ailə üzvlərini adına olan mülklərlə bağlı yoxlama başlasa, ASC prezidentinə cinayət işi açıla bilər.
Etibarlı mənbədən “Unikal”a daxil olan məlumata görə, Etibar Pirverdiyevlə bağlı hakimiyyətdə də müəyyən narazılıqlar var. Onun sözlərinə görə, ASC prezidentinin rüşvət və korrupsioner əməllərinin bu şəkildə ictimailəşməsi ciddi narahatlıq yaradıb. “Artıq hakimiyyətdə də adı bu qədər hallanan nazirlərə qarşı anti-patiya yaranıb. Diqqət edirsinizsə, harınlıq edən, böyük maddi imkanları, dəbdəbəli həyat tərzi ilə gündəmə gələn vəzifəli şəxslərə qarşı daha sərt mövqe seçilir. Məndə olan məlumata görə, Etibar Priverdiyev də artıq qara siyahıdadır. 2,3 milyonluq qəsrin gündəmə gəlməsi isə onun karyerasını bitirəcək son damla olub. Ona görə hazırda Etibar Priverdiyevlə bağlı ciddi araşdırma başlayıb. Yəqin ki, araşdırma başa çatan kimi, “vurulacaq”. Çox güman ki, Priverdiyev təkcə işdən çıxarılmaqla yaxasını qurtara bilməyəcək. Yəni, ASC rəhbərinin həbs olunması da mümkündür”, - deyə mənbə fikrini tamamlayıb.