BolgeXeber.Com » Analitika » Cəmiyyətin ən qorxulu bəlası

Cəmiyyətin ən qorxulu bəlası

20-05-2014, 23:00
Oxunub: 3 146 Bolgexeber.com olaraq sizinlə aktual problemlərdən biri olan məişət zorakılığından söz açacayıq. Cəmiyyətin ən əsas qüvvələrindən biri olan qadının hüquqlarının tapdalanması, onların şəxsiyyətlərinin alçaldılması, laqeyd, pis yanaşma pis nəticələrə gətirib çıxarır. Cəmiyyətdə tez-tez rast gəldiyimiz bu problemləri həll etmək üçün müxtəlif təşkilatlar, qadın birlikləri fəaliyyətdədir. Lakin buna baxmayaraq qadın zorakılığının sayı artmaqdadır.

Dilarə Əliyeva adına Qadın Müdafiə cəmiyyətinin əməkdaşı, hüquq müdafiəçisi Sədaqət Paşayeva qadın zorakılığına məruz qalanarın belə bir problemlə rastlaşmağının səbəbini onların öz hüquqlarını bilməməsindın irəli gəldiyini qeyd etdi: "Əgər qadın öz hüquqlarını bilərsə, məişət zorakılığı nisbətən azalmış olar. Amma çox təəsüf ki, bizim cəmiyyət informasiya azlığından əziyyət çəkir. Araşdırmalar zamanı məlum oldu ki,cinayətkarların 80%- dən çoxu ailədə zorakılıq görən uşaqlarda qeydə alınır. Bu da özlüyündə məişət zorakılığın tənzimləyən qanunvericiliyin yaranmasına zəruriyyət yaradır. Ölkəmizdə yarımçıq, işlənməmiş bir sahə varsa o da ailə hüquqlarıdır. Bizdə ailə məcəlləsi, ailə hüquqi ilə bağlı müəyyən hüquq normaları mövcud olsa belə, bu zorakılığın qarşısını almaq üçün yetərli deyil. Bunun sosial ailə cəhətdən formalaşmasına dövlətin diqqəti yox dərəcəsindədir.”

Məişət zorakılığına məruz qalmış qadınlara qarşı səslənən yalnış ittihamlar

“Hətta məişət zorakılığına məruz qalmış qadınların boşanma proseslərində hakimin ədalətli qərar çıxarması belə çətin bir məsələ olur. Bir çox hallarda qadınlar günahlandırılaraq onların zorakılığa məruz qalmasının səbəbi onun yaxşı həyat yoldaşı olmaması kimi göstərilir. Bir çox hallarda qadınların boşanma zamanı mülkiyyətdən məhrum etmək məqsədi ilə onları döyüb evdən qovma kimi hallarla da qarşılaşırıq. Hətta kişilər bəzən uşaqların aqibətlərini belə düşünmədən onları anaları ilə birgə küçəyə atırlar”.


İqtisadi asılılığın yol açdığı məişət zorakılığı

"Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri xanım Mehriban Zeynalova qadınların özünə güvənin, əmək hüquqlarının olmamasını və onların iqtisasi asılığını zorakılıq artımının başlıca amillərdən biri olduğunu qeyd etdi. “Əgər qadın iqtisadi cəhətdən güclü deyilsə, əlində peşəsi yoxdursa, hər hansı formada informasiya və xidmət paketlərindən xəbəri yoxdursa, təbii ki, o bu halda asılı olaraq da qalacaq. Qadın iqtisadi baxımdan asılı olduğundan streotiplərə qarşı çıxış edə bilmir. Məsələn, rayon yerlərində ətraf mühit nə deyər, yenidən ailə qura bilərəmmi, uşaqları necə böyüdəcəm kimi fikirlərlə qadın ona qarşı olunan zorakılığa dözüb, susmağı özünə borc bilir“.

Mehriban xanım bu problemin həllini qadınların iqtisadi vəziyyətinin gücləndirilməsində, o cümlədən qadınların öz hüquqları uğurunda mübarizə etməli olduqlarında gördüyünü qeyd etdi.Bundan əlavə kişilərin qadına münasibətdə formalaşmasını və pis tendesiyaların aradan qaldırılması üçün proqramların hazırlanmasının vacib olduğunu vurğuladı.

Bir məqamı unutmaq olmaz ki, anasına qarşı zor tətbiq olunduğunu görən uşaq normal uşaq kimi formalaşa, cəmiyyətə adaptasiya oluna bilməz. Demək məişət zorakılığın sayının günbəgün artması və ana ilə birgə uşağın da evdən küçəyə atılması onun parlaq gələcəyini sual altında qoya, gələcəyin bir cinayətkarı kimi böyüməyinə zəmin yaratmış olar.

Ailədə söz sahibi olmaq evdə sərt kişi obrazı oynamaq demək deyil

Psixoloq Aygün Əhədzadə: “Çox təəssüf ki, zorakılıq halları, xüsusilə qadınlara qarşı get-gedə daha da artır və artmaqdadır. Bunun ən baçlıca səbəblərindən biri insanın ətrafa və baş verən zorakılığa laqeyd qalmasıdır. Ailədə iki əsas baş rol oyunçusu var: ata və ana. Ata evin söz sahibi, ana isə şəfqət və sevgi qəhrəmanıdır. Ancaq söz sahibi olmaq evdə sərt kişi obrazı oynamaq deyil. Əksinə, ailə fərdləri tərəfindən (xüsusilə də, ana tərəfindən) ataya sevə-sevə verilən bir vəzifədir. Lakin ailədə qadın zorakılığı yaranan zaman gec ya tez ailənin dağılmasına gətirib çıxarır ki, bundan daha çox ailədə uşaqlar əziyyət çəkir. Çünki ata olmadan ana üçün analıq etmək çox çətindir. Çünki atanın evdə varlığı və ya atanın evdə hiss edilməsi (hətta o heç bir şey etməsə belə) uşaqlarda özünəinama səbəb olur. Atasız böyüyən uşaqlarda davranış pozğunluqlarının müşahidə edilməsinə də səbəb elə budur“.

Səbinə Saminqızı


BOLGEXEBER.COM