BolgeXeber.Com » Analitika » Rövnəq Abdullayevi əsəbləşdirən “futbol korrupsiyası”

Rövnəq Abdullayevi əsəbləşdirən “futbol korrupsiyası”

24-05-2014, 12:45
Oxunub: 4 026 Yanvar ayından bəri problemlər içində boğulan “Neftçi” ilə bağlı müəmmalı xəbərlər yayılır

Srağagün publika.az-ın AFFA-da çalışan vəzifəli şəxsdən aldığı məlumata görə, SOCAR “Neftçi”yə maliyyə yardımını dayandırıb.
İddiaya görə, təxminən 4 aya yaxındır ki, şirkətdən kluba pul köçürmələri edilmir. Buna görə də, “Neftçi”də məvaciblər də verilmir. Klubun reklam əməkdaşlığı etdiyi mətbuat orqanlarına da xeyli borcu var. Maliyyə yardımının dayandırılmasının isə bir neçə səbəbi var.
Deyilənlərə görə, SOCAR “Neftçi”də apardığı araşdırmalardan sonra 6 milyon manat yeyinti üzə çıxardıb. Bu yeyinti “cari xərclər” kimi göstərilib. Klub rəhbərliyindən “cari xərclər”in nə olduğu soruşulanda ortaya tutarlı faktlar qoya bilməyiblər. Bundan sonra şirkət rəhbərliyi komandaya pul ayrılmasını dayandırıb. Məlumata görə, mayın 22-də ölkə kubokunun finalından sonra “Neftçi”də ciddi yoxlamalara başlanılacaq. Hətta klub prezidenti Sadıq Sadıqovun və komandasının tam tərkibdə istefaya göndəriləcəyi də bildirilir.
Məsələyə “Neftçi” rəhbərliyinin də mövqeyini öyrənilib. Komandanın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə sayta açıqlamasında yayılan məlumatı əsassız adlandırıb: “Klubda heç bir yoxlama aparılmayıb. “Neftçi”də maliyyə məsələləri tam şəffafdı. Hətta istənilən mətbuat orqanına da maliyyə hesabatımızı açıqlaya bilərik. Digər klubların bostanına daş atmaq istəmirəm, ancaq inanmıram ki, maliyyə məsələsinə görə Azərbaycanda “Neftçi”dən şəffaf komanda olsun. Bu xəbəri dövriyyəyə buraxanların nə məqsəd güddüyünü bilmirəm. Bəlkə də, kubokun finalı öncəsi bizə qarşı təxribat etməyi düşünürlər. Bir daha deyirəm, “Neftçi”də yoxlama olmayıb, bundan sonra da klubda yoxlama olacağı gözlənilmir”.
Xatırladaq ki, bu, “Neftçi”ilə bağlı ilk korrupsiya iddiası deyil. Belə ki, ötən ilin bu vaxtlarında Azərbaycan premyer-liqasında mövsüm başa çatan kimi “Neftçi”klubunun ətrafında böyük söz-söhbət başlamışdı. Xüsusilə futbolçuların transferləri zamanı kifayət qədər şübhəli məqamlara yol verildiyi bildirilirdi. O vaxt da klub rəsmiləri həmin iddiaları təkzib etmişdilər. “Neftçi”ilə bağlı bu iddianın nə qədər doğru olub-olmadığını demək çətindir. Amma unutmayaq ki, uzun müddətdir ölkə KİV-i, xüsusilə də idman mətbuatı Azərbaycan futbolundakı qaranlıq maliyyə əməliyyatlarından bəhs edir.
Təxminən iki il əvvəl ölkənin aparıcı futbol klublarından birinin rəhbəri mtbuata müsahibəsində demişdi ki, “Azərbaycan futbolu büsbütün korupsiyanın tən ortasındadır! Bu zibilə bulaşmayan klub ya bir olar, ya iki. Futbolçu transferi zamanı şişirdilmiş rəqəmlər çox söz deyir”.
Oxşar iddialar müxtəlif vaxtlarda müxtəlif şəxslərin dilindən mətbuat səhifələrində səsləndirilib. Bütün bunlar isə Azərbaycan futbolunda korrupsiya elementlərinin varlığı barədə düşünmək üçün ciddi əsaslar verir.