BolgeXeber.Com » Analitika » Etibar Pirverdiyev Tovuzda 100 milyonu necə silib?

Etibar Pirverdiyev Tovuzda 100 milyonu necə silib?

28-05-2014, 09:25
Oxunub: 3 684 “”Azərernerji"nin hesabatı sovet dövrünün standart hesabatını xatırladır

Rayonun dağ və sərhəd bölgələri sovet dövründən qalmış və qəzalı vəziyyətdə olan elektrik dirəklərinin ümidinə qalıb, rayonlarda enerji təchizatının pisləşməsi fonunda “Azərenerji” şefinin villalarının sayı artır və qohumları varlanır

Tovuz rayonunda əhalinin elektrik enerjisi ilə təchizatı çox bərbad durumdadır. Xüsusilə də dağ və sərhəd kəndlərində enerji təminatı çox dözülməz bir vəziyyətdədir- hava şəraiti dəyişən kimi elektrik enerjisinin verilməsində uzun fasilələr yaranır. Bu barədə “Yeni Müsavat”a Tovuzun dağ kəndlərinin sakinləri məlumat verib.

Sakinlərin sözlərinə görə, buna səbəb enerjipaylayıcı sistemin bərbad gündə olmasıdır: “Əhaliyə elektrik enerjisi sovet dövründə basdırılmış, qəzalı durumda olan dirəklər vasitəsilə ötürülür. Bu səbəbdən güclü yağışlar yağan kimi, dağ və sərhəd boyu kəndlər zülmətə qərq olur”.

Sakinlər deyir ki, daim rayonun elektrik enerjisi sisteminin dəyişdirilməsi ilə bağlı rəsmi xəbərlərə rast gəlinir: “Ancaq bilinmir həmin işləri harada və necə görürlər. Fakt budur ki, biz sovet dövründən qalma infrastrukturun ümidinə qalmışıq, yalnız rayon mərkəzində müəyyən işlər görülür, kəndlər isə diqqətdən kənardadır”.

Bu məsələ ilə bağlı kiçik araşdırma apardıq. Tovuz Rayon İcra Hakimiyyətinin rəsmi saytında bildirilir ki, “Əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün rayon ərazisində 14 ədəd yarımstansiya, 930 KTM və TM fəaliyyət göstərir. 25 KTM və TM-də kabelləşmə işləri aparılmış, 5 ədəd yeni TM quraşdırılmışdır. Rayonun bütün yaşayış məntəqələrinin içməli su, təbii qaz və elektrik enerjisi təchizatının yaxşılaşdırılması işləri davam etdirilir.

2013-cü ildə “Azərenerji” ASC-nin mətbuat xidmətinin Tovuz Elektrik Şəbəkəsi ilə yaydığı rəsmi məlumatda deyilir: “Dayanıqlığın daha da artırılması məqsədilə şəbəkənin 10 və 0,4 kV-lik xətlərində bir sıra təmir işləri yerinə yetirilib və istehlak edilmiş elektrik enerji haqlarının tam ödənilməsi üçün də tədbirlər görülür. Belə ki, cari ilin 10 ayı ərzində müəssisənin xidməti ərazisində 10 və 6 kV-lik xətlərin 10,5 km-dən artıq hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Eyni zamanda 0,4 kV-lik şəbəkənin 4 kilometrində əsaslı və cari təmir işləri də aparılıb. Onu da qeyd edək ki, sözügedən dövr ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 65-dən artıq TM-də müvafiq işlər həyata keçirilib. Bütün bunlarla yanaşı müxtəlif gücdə 19 transformator da təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir”.

Sakinlər isə iddia edir ki, bütün bunlar kağız üzərində həyata keçirilir: “”Azərernerji"nin hesabatı sovet dövrünün standart hesabatını xatırladır. O işlər harada və necə görülüb?"

Son 6 ildə “Azərenerji” ASC-yə 3 milyard dollara yaxın investisiya yatırılıb (1,5 milyard dollar dövlət büdcəsi hesabına, 1,5 milyard xarici təşkilatların krediti hesabına). Bu vəsaitə sıfır variantından Avropa standartlarına uyğun elektrik enerjisi ilə təchizat sistemi qurmaq mümkün olduğu halda, Azərbaycanda sovet dövründən qalma sistem də iflic vəziyyətinə düşüb.

Mediada “Azərenerji” ASC-də olan korrupsiya faktları barədə çox yazılıb. Tovuzun timsalında yazılanların əsassız olmadığı üzə çıxır.

Gücü 400 MVt olan Tovuz Su Elektrik Stansiyasının tikintisinə 20 milyon manatdan çox vəsait xərclənib. Eyni zamanda rayon elektrik şəbəkələrinin yenidən qurulmasına və elektrik xətlərinin çəkilməsin son 6 ildə 80 milyon manat xərclənib (mənbə: dövlət investisiyalarının bölüşdürülməsi ilə bağlı Nazirlər Kabinetinin qərarları).

Beləliklə, elektrik enerjisi sektoruna ayrılan vəsaitlər ilbəil artsa da, regionların enerji təchizatı sistemində nəinki pozitiv dəyişikliklər nəzərə çarpmır, hətta neqativ hallar çoxalır. Belə çıxır ki, Tovuzun elektrik enerjisi təchizatı üçün ayrılan vəsaitlər mənimsənilib. Bunun fonunda isə “Azərernerji” ASC-nin korrupsiya əməlləri ilə bağlı məlumatlar çoxalır. Sonuncu məlumat bir neçə gün öncə yayılmışdı və ötən saylarımızda bu barədə məlumat vermişdik.

Məlumatlara görə, Elbrus Məmmədov adlı iş adamı ilə Etibar Pirverdiyev arasında əmlak davası gedir. E.Məmmədova məxsus Bakı şəhəri, Nərimanov rayonunun Rəhim Məmmədov ünvanında yerləşən 4 mərtəbəli mülk 2011-ci ildə E.Pirverdiyevə satılıb. Alqı-satqı müqaviləsinə əsasən, satan tərəf E.Məmmədov, alan tərəf isə “Azərenerji” ASC sədrinin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub. Bu barədə E.Məmmədovun hüquqi nümayəndəsi Fəqan Nəsibov məlumat vermişdi.

F.Məmmədov deyir ki, E.Məmmədova məxsus olan mülk 2 milyon 300 min manata razılaşdırılıb, evin əşyaları üçün də əlavə 100 min manat ödəniləcəyi bildirilib. Mülk üçün ödəniş aparılıb. E.Məmmədov ona 2 milyon 300 min manatın verildiyini deyib. Evin əşyalarına görə isə 100 min manatı ala bilmədiyini söyləyib. Şikayətçi yazıb ki, alqı-satqı müqaviləsinə görə mülkiyyət real qiymətindən aşağı - 800 min manat məbləğində göstərilib və səbəbini də “vergidən yayınma məqsədi” ilə izah edib. Şikayətçi tərəf pulun verilməməsində alqı-satqı məsələlərində iştirak etmiş “Azərenerji” sədrinin qaynı Hikməti günahlandırıb.

Görünür, rayonlarda enerji təchizatının pisləşməsi ilə E.Pirverdiyevin villalarının sayının artması və qohumlarının varlanması arasında birbaşa harmoniya var.