BolgeXeber.Com » Analitika » “Sifarişi Aynar Məmmədov verib”

“Sifarişi Aynar Məmmədov verib”

31-05-2014, 10:35
Oxunub: 4 827 Fərahim İlqaroğlu: “Mənə qarşı bu cinayət sifariş vermiş və törətmiş şəxslərə qarşı maddi təzminat davası da açacağam”

Vəkil Elçin Sadıqov: “Cinayət sifarişini vermiş şəxslər bunu çox nadir hallarda etiraf edirlər”

“Yeni Müsavat”ın əməkdaşımı Fərahim İlqaroğlunun döyülməsini sifariş edən deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun istintaqa çağırılaraq dindirilməsi barədə rəsmi açıqlama da verildi. Düzdür, istintaq orqanı onun ifadəsinin alındığını bildirsə də, ilkin açıqlamada bu işdə günahkar olmasının sübuta yetirilmədiyini elan edib. Ancaq hesab etmirik ki, iş elə bu şəkildə də yekunlaşacaq. Çünki nəqliyyat nazirinin oğlunun məsuliyyətə cəlb edilməsi üçün həm də siyasi qərar lazımdır. Görünür, hələlik belə bir siyasi qərar yoxdur...

F.İlqaroğlunun vəkili Elçin Sadıqov deyir ki, Aynar Məmmədovun istintaqda dindirilməsi işin gedişatı üçün müsbət haldır: “İstintaqda Aynar Məmmədov haqda məlumat var ki, onu çağırıb dindirib, ifadəsini alıblar. Əks halda onu çağırıb dindirməzdilər. Biz zərərçəkən tərəf olaraq hesab edirik ki, sifarişi Aynar Məmmədov verib. Onu idmançının ifadəsi əsasında dindiriblər. Yəni istintaq cinayətin əsas halqalarını müəyyən edib”.
Vəkil deyib ki, praktikadan da bəllidir ki, cinayət sifarişini vermiş şəxslər istintaqa cəlb edildikləri zaman çox nadir hallarda belə bir etirafda bulunurlar: “Bu baxımdan Aynar Məmmədovun jurnalist Fərahim İlqaroğlunun döyülməsini sifariş verməsini etiraf etməməsi təbiidir. Ancaq istintaqın 3 ay müddəti var. Hələlik 1 ay ötüb və belə nəticələr əldə olunub”.

E.Sadıqov cinayətdə iştirak etmiş 3-cü şəxsin adının gizli saxlanması haqda fikrini də bölüşdü: “Ola bilər ki, həmin şəxs barəsində həbsli axtarış verilib və buna görə hələlik onun adı açıqlanmır”.

Döyülən əməkdaşımız F.İlqaroğlu isə bildirdi ki, hazırda müalicə olunur: “Feyruz Termişi və digər cinayətkar mənə ağır xəsarət yetiriblər. Dişlərim tökülüb. Hazırda dişlərimin protezlə əvəzlənməsi üçün həkimə gedib-gəlirəm. Mənə qarşı bu cinayət sifariş vermiş və törətmiş şəxslərə qarşı maddi təzminat davası da açacağam”.

Fərahim İlqaroğlunun döyülməsinə Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, deputat Adil Əliyev də münasibət bildirib. Deputat publika.az-a deyib: “Azərbaycan bu gün sabit ölkədir. Bu qədər sabitlikdən, əmin-amanlıqdan və inkişafdan sonra bu cür hərəkətləri ancaq düşmənçilik mövqeyində olan insanlar edə bilər. Bu cür hallara da gedə bilmərik. Biz idmançıyıqsa, o zaman bu o demək deyil ki, hamıya gücümüzü göstərməliyik. Bizim elə yaşımız da deyil ki, durub bu cür məsələlərə reaksiya verək. Jurnalist nə isə yazıbsa, deməli, nə isə var ki, yazıb. Məndən də gündə bir şey yazırlar. Bu, həqiqət də ola bilər.

Ancaq bu məsələ araşdırılsa, daha yaxşı olar. Biz dava ilə heç nə əldə edə bilmərik. O ki qaldı Azərbaycanda jurnalistin döyülməsinə, buna cənab prezident də pis baxır, hər kəs pis baxır. Jurnalist nə üçün döyülməlidir? Ola bilər ki, hər hansı reket jurnalist hansısa pis hərəkətinə görə nə isə hadisə ilə üzləşə bilər. Ancaq nəzərə alaq ki, son 10 ildə jurnalistikamız da çox inkişaf edib. Artıq jurnalistlər də yaxşı başa düşür ki, kimisə heç nədən təhqir və ya tənqid etmək olmaz. Ölkədə Mətbuat Şurası var. Jurnalistlərə də hörmətlə yanaşılmalıdır. Mən əminəm ki, o jurnalistlər də ədalətsiz addım atmaz. Çünki onlar də yaxşı anlayırlar ki, indi əvvəlki vəziyyət deyil. Bu baxımdan da, jurnalistin döyülməsini qətiyyətlə pisləyirəm və bu cür addım atan adamları qınayıram. O cür adamlara da tövsiyəm odur ki, özlərini döyülən jurnalistin yerinə qoysunlar. Yəni dəvədən də böyük fil var. Heç vaxt deyə bilməzsən ki, məndən güclü heç kim yoxdur. Bu gün sən döyərsən, sabah da səni döyərlər. Allah göydən baxır. Allahla hərəkət etmək lazımdır. İnsanları incitmək olmaz.

İnsanlar qudurmamalıdır. Cənab prezident də nə qədər insanlara öz əməlləri ilə göstərdi ki, bəzi adamlar qudurmasın, haramzadəlik etməsin. Cənab prezident öz ad gününü səngərdə keçirdiyi təqdirdə, bəzi məmurlar öz ad günlərini xaricdən dəvət etdikləri müğənnilərlə bahalı restoranlarda keçirirsə, demək, bu da onlara siqnal idi. Yəni ağıllı olmalısan, hər kəs kimin nəyinin olub-olmamasını yaxşı bilir. Sağlığına qismət, ancaq insanları nə üçün qıcıqlandırmalısan? İnsanların hissiyyatı ilə oynamağa sənə kim ixtiyar verib? Sənin oğlun bahalı maşın sürürsə, qoy sürsün. Amma insan kimi sürsün. Daha gedib başqasını bədbəxt etməsin".

Fərahim İlqaroğlu bu il aprelin 25-də yaşadığı binanın qarşısında vəhşicəsinə döyülüb. Ona qarşı zorakılığı həyata keçirən şəxs Feyruz Termişi az sonra tutulub. Jurnalistə qarşı sui-qəsdi sifariş verənlər - vasitəçi Tural Bayramov və əsas sifarişçi Aynar Məmmədov hələ də tutulmayıblar. Adı açıqlanmayan cinayətin digər iştirakçısı isə axtarışdadır.(musavat)