BolgeXeber.Com » Analitika » Səlim Müslümovun biabırçı təyinatları – Şöbə rəisi gəlininə də vəzifə verib

Səlim Müslümovun biabırçı təyinatları – Şöbə rəisi gəlininə də vəzifə verib

3-06-2014, 12:25
Oxunub: 3 804 Nazir özününküləri, şöbə rəisləri də öz qohumlarını vəzifələrə gətirirlər

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun «tayfa» siyasətinə istinad edərək, kadr seçimi etməsi yeni fakt deyil.

Hələ bir müddət əvvəl nazir Səlim Müslümovun doğulduğu rayonda – Ağsuda qohumlarının demək olar ki, əksəriyyətini yüksək vəzifələrə çəkilməsinə "məxsusi yardımlar” etməsi haqda yayılan xəbərlər də göstərir ki, o, bu cür feodal təfəkkürə xüsusi meyllidir.
Bolgexeber.com xəbər verir ki,Mia.az-a verilən məlumatda bildirir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun «Ağsu hakimiyyət»ində təmsil olunan qohumlarının siyahısı da heyrət doğurur: «Səlim Müslümovun dayısı Ənvər Seyidəliyev Ağsunun icra başçısı, Səlim Müslümovun digər dayısı və icra başçısı Ənvər Seyidəliyevin doğma qardaşı Fətulla Seyidəliyev "Kapitalbank”ın Ağsu filialının müdiri, S.Müslümovun bibisinin əri Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, Rayon maliyyə şöbəsinin müdiri Radim Müslümov isə S.Müslümovun doğma qardaşı, icra başçısı Ənvər Seyidəliyevin qardaşı, yəni nazirin digər dayısı Fazil Seyidəliyev rayon polis şöbəsində rəis müavinidir. Hələ adını çəkmədiyim xeyli qohumları da həm bu, həm də digər rayonlarda, həmçinin Bakıda müxtəlif vəzifələrdədir. Bu qədər tayfa xislətli fəaliyyəti haqda yazılan Səlim Müslümov isə bunlardan dərs çıxarmaq əvəzinə, rəhbərlik etdiyi nazirlikdə də «ənənəvi metod»larından yararlanır. Maraqlı burasıdır ki, nazirinin "feodal təfəkkür”ə söykənən siyasəti tabeliyindəkilər də tətbiq etməyə çalışmaqla, sanki yarışa giriblər. Bunu araşdırmaq üçün çox uzağa getmək lazım deyil. Elə Səlim Müslümovun nazir təyinatından sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gətirilən kadrlara və onların keçmişinə baxmaq və onları araşdırmaq kifayətdir ki, mövcud biabırçı halları cəmiyyət bilsin. İnanın ki, nazir Səlim Müslümovun elə təyinatları var ki, heyrət doğurur».

Müsahibimiz Mia.az-da etik və bir sıra məsələlər səbəbindən həmin təyinatların təsnifatını vermək istəməyib. Yalnız onu deyib ki, nazir Səlimovun «cılız hərəkətləri»ndən ruhlanan şöbə rəisləri də az deyil: «Sizə Səlim Müslümovun idarəçilik üslubundan fərqlənməyən yalnız bir şöbə müdirinin hərəkətindən qısa fakt deyəcəyəm. Vaxtı ilə müxtəlif özəl şirkətlərdə çalışan və məhz Səlim Müslümov tərəfindən dövləti vəzifəyə, daha dəqiqi, Dövlət Sosial Müdafiə Fonduna birbaşa şöbə müdiri gətirilən və qısa müddət sonra kollegiya belə qəbul edilən Şəlalə Cəfərovanın indiki fəaliyyətini araşdırsanız, heyrət etməyə bilməzsiniz. Bəli, Səlim Müslümov bu xanımı nazir təyinatından qısa müddət sonra da nazirliyə şöbə müdiri gətirib. Uzun illər müxtəlif firmalarda çalışan Şəlalə xanım isə vəzifəni eynən özəl şirkətlərin idarə edilməsi ilə qarışdırıb. O da öz gəlinini nazirliyin iqtisadiyyat şöbəsində, yəni müdiri olduğu şöbədə işlə təmin edib».

İqtisadiyyat şöbəsinin çox böyük şöbə olduğunu deyən müsahibimizin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur vahidi olan İqtisadiyyat şöbəsi iqtisadiyyat və maliyyə sahəsində təşkilatı və nəzarət tədbirlərini həyata keçirir: «Şöbə nazirliyin bütün struktur və tabe qurumlarının ştat cədvəllərini hazırlayır, təsdiq edir və bununla bağlı digər məsələləri həllini də özündə saxlayır. Həmçinin, Dövlət büdcəsindən verilən sosial müavinət və yardımların müvafiq tələblərə uyğun xərc smetalarını hazırlayır, təsdiqini və onların vaxtında maliyyələşməsi işlərini təmin edir. Sosial müavinət və yardımların xərcinə dair struktur bölmələrdən hesabat alır və aidiyyəti dövlət orqanlarına göndərir.

Nazirliyin aparatının struktur və tabe qurumlarının saxlanılması və onların normal işinin təşkili üçün təkliflər hazırlayır və icrası ilə bağlı işləri təşkil edir. Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşən Nazirliyin aparatının struktur və tabe qurumlarında çalışan işçilərin əmək haqqının vaxtında ödənişini və bununla bağlı məsələləri həll edir. Nazirliyin aparatının və struktur bölmələrinin saxlanılması üzrə smeta xərclərinin icrasına dair icmal mühasibat balanslarını və hesabatlarını, habelə statistik hesabatları tərtib edərək müvafiq orqanlara təqdim edir.

Bundan əlavə, şöbə Aparatda və tabeçilikdə olan təşkilatlarda mühasibat uçotunun qurulması və təşkilinin düzgünlüyünə nəzarət edir.

Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbənin strukturuna Mühasibat uçotu, Maliyyə və Satınalmaların təşkili və idarə etməsi sektorları daxildir. Və bütün bunlara isə Şəlalə Cəfərova nəzarət edir. Yəni Səlim Müslümov ona çox böyük etibar və etimad göstərir. O da təbii ki, nazirinin xarakterinə uyğun şöbəni «idarə» edir. Halbuki, bu cür kadr seçimi mövcud qanunlarımıza və «Korrupsiya haqqında» qanuna da ziddir”.

Müsahibimizin sözlərinə görə, göstərilən fakt təkcə İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovanın fəaliyyəti ilə məhdudlaşmır: «İnanın ki, əksər şöbə, mərkəz və digər müəssisələrdə bundan da bərbad ikrah doğuran faktlar var. Hətta elə faktlar var ki, bu, bir nazirlik üçün çox utanc gətirən haldır”.

Məsələylə bağlı Şəlalə Cəfərova ilə danışmaq cəhdimiz alınmadı. Həm onun, həm də nazirliyin mövqeyini dinləməyə hazırıq.