BolgeXeber.Com » Analitika » Ziya Məmmədovun “London taksi” layihəsi çökür

Ziya Məmmədovun “London taksi” layihəsi çökür

17-06-2014, 08:40
Oxunub: 3 176 Nazirin “Bakı Taksi” MMC firması sürücülərin kütləvi istefaları qarşısında tab gətirə bilməyərək sürücü axtarışına çıxıb

Bakıda keçirilən “Avroviziya” musiqi yarışması ərəfəsində paytaxta gətirilən “London taksisi” xidməti artıq uzun müddətdir ki, böhran dövrünü yaşayır. Bu xidmət rəsmən çökmək üzrədir. Sürücülərə verilən vədlər yerinə yetirilmədiyi üçün onlar işləməkdən imtina edirlər.


“Bakı Taksi” MMC-dəki mötəbər qaynaqdan gələn xəbərə görə, “bənövşəyi” taksilərin sürücüləri kütləvi şəkildə işləməkdən imtina edirlər. Mənbə deyir ki, əmək haqlarının azlığı, gündəlik plan, yanacaq xərcləri sürücüləri müflisləşdirib.

Buna görə də “London taksiləri”ndə işləyənlər bir-bir maşınları şirkətə təhvil verirlər. Axar.az saytı da yazıb ki, şirkət yaranmış krizisdən çıxmaq üçün şəhərin ictimai nəqliyyatında, müxtəlif yerlərində elan verməyə başlayıb.

Saytın əməkdaşı metronun “Koroğlu” stansiyasından Mərdəkan istiqamətinə işləyən avtobusların birində sözügedən elanın şahidi olub. Elanda bu sözlər qeyd olunub: “London taksi avtomobillərində işləmək üçün peşəkar sürücü tələb olunur. Tələsin, iş yerlərinin sayı məhduddur”.

Mənbə isə bildirir ki, heç də yer məhdudiyyəti yaşanmır. Sadəcə, taksilər şirkətin qarajında istifadəsiz qalıb, firma ziyanla işləyir. Ona görə də sürücü axtarışına çıxıblar. Ölkədə taksi sürücüsündən çox peşə sahibi tapmaq olmaz. Belə halda şirkət niyə də sürücü elanı versin ki? Deməli, “badımcan taksilər” iflasa uğrayıb və bu maşınlara müraciət edən müştərilərin sayı kəskin azalıb.

***

Bizimlə ayaqüstü söhbətində sürücülər də problemləri təsdiqlədilər. Onlar da bu gün - sabah işlərindən ayrılmaq qərarı verəcəklər. Ciddi böhran yaşandığını deyən sürücülərin sözlərinə görə, “London taksi” xidməti fəaliyyətə başlayanda onları aldadıblar.
Sürücü Namiqin dediklərindən: “Bizə dedilər ki, getdikcə vəziyyət yaxşılaşacaq. Bir ara yanacaq pulunda güzəşt elədilər. Sonra yanacağın pulunu da bizim boynumuza qoydular. Qaldıq belə biçarə. Gündəlik planı çatdırmaq olmur, qalmışdı yanacaq pulu.
Kim işləyirsə, onun vəziyyəti heç də əla deyil. Gedənlər kimidir. Məcbur olub işləyirik. Başqa yerdə kim iş tapırsa gətirib taksini şirkətin həyətində atır, canını qurtarır. Allah eləsin ki, bir babat iş tapım, mən də bu taksini qaytarım”.

Namiq kişi deyir ki, gündəlik 15-20 manat qazanmaq olurdu: “İndi o da çıxmır. Əhali yenə əvvəlki qaydanı istəyir. Gedir sürücü ilə danışır, sövdələşir yola düşür. Bu maşında sayğac yazır, camaatın da aparat inamı yoxdur. Elə bilirlər ki, onları aldadırıq. Çox vaxt şəhərə gələn qonaqlar bizim taksiyə otururlar”.

Həmsöhbətimiz ictimai nəqliyyatda bu taksilərə sürücü elanı verilməsindən də xəbərdardır: “Həqiqəti deyək də qardaş, şirkət çökür. “Bakı taksi” firması batıb gedir. Ziyanla işləyirlər. Bu yandan sürücülər də çıxıb gedirlər. Bilmirlər nə etsinlər. Marşrutlarda elan verib sürücü axtarırlar. Biz görmüşük ki, kafeyə ofisiant, sexə dərzi axtararlar. Ölkədə taksi sürücüsü qıtlığı yoxdur. Sürücünü də axtararlar? Şirkətin günü ağırdır”.

***

Onsuz da istifadəyə verildiyi tarixdən bu günədək nüfuz qazanmayan bənövşəyi taksilərin sürücüləri indi daha çox müştəri qıtlığından əziyyət çəkir. Sürücü Seyran deyir ki, hər kilometrə görə sərnişindən 70 qəpik gediş haqqı alınır: “Biz heç 300 manat maaş almırıq. Planı ödəyə bilsək, qalan gəlir cibimizə qalır. Adi taksilərdə işləyəndə, aya 700-800 manat çıxarmaq olurdu.

Əgər bu taksi xidmətinin inkişafını istəyirlərsə yenilik eləsinlər. Planı azaldılsın, sürücü evinə çörək aparmağa imkan yaradılsın. Yanacaq xərcindən bir az bizi azad etsinlər”.
Qeyd edək ki, bir müddət əvvəl gündəlik planın artmasına etiraz edən bir qrup taksi sürücüsü Nəqliyyat Nazirliyinin qarşısında toplaşıb şikayət etmişdi. Onlardan bir neçəsi işdən çıxarıldı, bəziləri isə işləməkdən imtina etdi. Hər sürücüyə 250 manat əməkhaqqı verən “Bakı-Taksi” MMC şirkəti isə bu iddiaları rədd edərək bildirir ki, “London taksiləri”nə tələbat artır, sərnişinlər də razıdır, sürücülər də. Avtobuslarda vurulan elanlar isə belə demir.
musavat